Yaxud erməni baş nazirin şagirdlərə dediklərinə sözardı
Ermənistan baş naziri Nikol Paşinyan özünün iş kabinetində orta məktəb şagirdlərinə Azərbaycanla ilk sərhəd dirəyinin maketini göstərib. Bəri başdan deyək ki, Nikolun bu hərəkəti, əslində, təqdir olunmalıdır. Amma ilk baxışdan. Erməni baş nazir şagirdlərə başqa nələrdən danışıb, bu barədə, eləcə də onun nəyə görə səmimi olmadığından söz açacağıq. Əvvəlcə bəzi məqamları vurğulayaq.
Ermənilərdə həmişə türklərə qarşı patoloji nifrət olub. Bu nifrətin etimologiyasına nəzər salmaq üçün tarixə üz tutaq. Məlum olduğu kimi, ermənilər yaşadığımız Cənubi Qafqaza köçürülüblər. Əlbəttə, bunadək, yəni 1830-cu il köçürülməsinə qədər də regionun ayrı-ayrı hissələrində onlara təkəm-seyrək rast gəlinib. Bu azlıq həmişə çoxluğa malik türklərin yanında kölgədə qalıb, əsasən məişət işlərində çalışaraq ömür sürüb. Zamanla həmin azlıqda psixoloji natarazlıq yaranıb. Özlərinə sual veriblər: Nəyə görə türklər bizdən üstün olmalıdırlar?
Haşiyəyə çıxaq ki, belə bir psixoz nasist Almaniyasının lideri Adolf Hitlerdə də olub. Hitler hələ gənc ikən Avstriyada və Almaniyada yəhudilərin üstün mövqedə dayandıqlarını, başlıca şəhərlərin hər birində onlara məxsus bahalı mağazaların, qızıl-zinət əşyaları dükanlarının mövcudluğunu görüb. Bir millətçi kimi onda bu duruma qarşı qıcıq yaranıb. Bu qıcıq Hitlerin hakimiyyətə gəlişindən sonra Almaniyanın dövlət siyasətinə çevrilib və yəhudilərə qarşı total təqiblərə başlanılıb. Daha sonra yaşanan faciələr, yəhudi soyqırımı isə hər kəsə yaxşı məlumdur.
Beləliklə, psixoloji anlamda ermənilərdə də türklərdən üstün mövqeyə sahiblənmək niyyəti baş qaldırıb. Kortəbii formada özünü göstərən bu niyyəti reallaşdırmaq naminə pozitiv heç nə düşünməyiblər, daha doğrusu, düşünməyi bacarmayıblar. Yəni ki, hansısa əməlləri ilə üstünlük qazanmaq ağıllarından keçməyib. Türkləri fiziki baxımdan sıradan çıxarmaq yolunu seçiblər. Necə deyərlər, başqasının bədbəxtliyi üzərində xoşbəxtlik tapmağa girişib, eyni zamanda, bədbəxtlik yaradıblar. Əlbəttə, özlərini də bədbəxt etdiklərinin fərqinə varmayıblar.
Bəli, erməni qövmünün təmsilçiləri türk varlığının acınacaqlı duruma düşməsinə çalışıblar. Müxtəlif fitnə-fəsadlar törədiblər. İlk vaxtlar mərdimazarlıqları lokal xarakter daşıyıb. Ancaq bölgədə maraqlı olan xarici qüvvələr onların dağıdıcı potensiallarının olduğunu görüblər. Həmin qüvvələr erməniləri gücləndirməyə, təchiz etməyə başlayıblar. Bunun üçün isə əvvəlcə saylarını artırıblar. 1830-cu il köçürmələri məhz buna görə reallaşıb.
Nəzərə alaq ki, Cənubi Qafqazın ayrı-ayrı yerlərinə, xüsusən də Vətənimizin ərazisinə ermənilərin kütləvi köçürülmələri çar Rusiyası tərəfindən həyata keçirilsə də, bu, eyni zamanda, Qərbin imperialist dairələrinin də mənafeyinə uyğun olub. İkincilər regiona ayaq basmış erməniləri özləri üçün alət qismində görüblər. Bu alətin digər hissəsi Anadolu ərazisində Osmanlıya qarşı təxribatda istifadə olunub.
Əlqərəz, böyük güclər tarixin bütün dövrlərində Cənubi Qafqazla bağlı planlarının gerçəkləşməsində erməni qövmünə siyasi sərmayə yatırıblar. Onlar çox yaxşı biliblər ki, ermənilərdəki psixoloji durum anti-türk, anti-müsəlman yönümlüdür. Onu da gözəl biliblər ki, erməni anaları qundaqdakı körpələrinin qulağına türklərin düşmən olduqlarını pıçıldayırlar. İmperialist dairələr bu pıçıltıdan böyük ideoloji dava düzəltəməyi bacarıblar. Nəticədə erməni millətçilərinin “Daşnaksütyun”, “Hnçaq”, daha sonralar “Asala” və sair bu sayaq terror təşkilatları formalaşıb. Nəticədə türklərə qarşı qanlı qətliamlar, sui-qəsdlər və nəhayət, işğallar gerçəkləşib. Beləliklə, həm Qərb, həm də Rusiya müştərək şəkildə Türk dünyasını parçalamaq niyyətlərini gerçəkləşdirib.
Yuxarıda kiçik epizodlarını qısaca diqqətə çatdırdığımız mürəkkəb siyasi labirintdə ermənilər üçün sərhəd anlayışı heç vaxt olmayıb. Çünki onlar dövlətə çevrilməyi düşünməyiblər, yalnız qövm kimi yaşayıblar. Bu mənada baş nazir Paşinyanın şagirdlərə sərhəd dirəyinin maketini göstərməsi, erməni analarının körpələrinə türklərin düşmən olduqlarını aşılamasından daha mütərəqqi mənzərədir. Nəzərə alsaq ki, Vətən sərhəddən başlayır, Paşinyanın son dövrlərdəki çıxışlarında erməni dövlətçiliyinin qorunub-saxlanılmasından söz açması adi məsələ sayıla bilməz.
Yeri gəlmişkən, N.Paşinyan çox tez-tez “real Ermənistan” ifadəsini işlədir. O, əslində, indiki dövlətin real olmadığının fərqindədir. Bilir ki, hazırkı Ermənistan qlobal güclərin yaratdıqları qurama strukturdur. Onu da anlayır ki, həmin güclərin mənafeyinə uyğun yaranmış dövlətə ehtiyac duyulmadıqda məhv pesrpektivi qaçılmazdır. Buna görə vəlvələdən, ya zəlzələdən yaranmış dövlətin qorunmasından danışır, əldə olunmuşlarla kifayətlənilməsinin vacibliyini vurğulayır.
Əlbəttə, indi Paşinyanın dediklərini həyata keçirməsi onun şagirdlərə maket göstərməsi qədər asan iş deyil. Çünki erməni qövmünün psixologiyası pozulub. Baxın, Paşinyan şagirdlərə sərhəd dirəyinin maketini nümayiş etdirir, ona əks qüvvələr mənzərəni rəzillik kimi qiymətləndirirlər. Əslində, onlar da fikirlərində haqlıdırlar və yazımızda bu barədə söz açacağıq. Hələlik isə anons etdiyimiz kimi, Nikolun erməni şagirdlərə başqa nələri dediyini diqqətə çatdıraq. Diqqətə çatdıraq və deyək ki, əslində, Paşinyan elə bir müstəsna fikir bildirməyib, sadəcə sərhədin dövlətin başlıca simvolu olduğunu anladıb. Məlumat verib ki, 2024-cü ildə Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi Tavuşda həyata keçirilib. Amma başlıca məqam bu deyil.
Heç şübhəsiz, Nikolun moizəsini dinləyən şagirdlərin içərisində doğması, əzizi, qohumu 44 günlük müharibədə həyatını itirmişlər də var. Görəsən, onlar baş nazirə nə deyiblər? Hər halda, soruşa bilərlər ki, sərhəd Tavuşda olacaqdısa, nəyə görə bizim əzizlərimiz, doğmalarımız, qohumlarımız Zəngilanda, Füzulidə, Qubadlıda, Ağdamda, Şuşada, Ağdərədə, Xocalıda qanlarına qəltan oldular? Yəni, həmin şagirdlərin Paşinyanın hazırda rəzil və miskin kimi qarşılanmasına səbəb olan motivləri qabartmaları mümkündür. Görəsən, baş nazir ondan hesab soran şagirdə “erməni şəhəri Şuşini” qurtarmaq sözünü verməyib? Axı həmin Paşinyan idi ki, 2021-ci ilin parlament seçkilərində Şuşanı azad etmək kimi sərsəmliyi özünün platformasına daxil etmişdi. O zaman sərhəd dirəyi filan da yox idi...
Bəli, Ermənistanın indiki, belə demək mümkünsə, sərhədsizliyinə görə günahkar həm də N.Paşinyanın özüdür. Onun şansı var idi ki, erməni qövmünün psixologiyasına hakim kəsilmiş türklərə nifrət ritorikasını dəyişdirsin. O, erməni millətçiliyinin qonşulara qarşı ərazi iddiası xəstəliyini aradan qaldırmaq imkanına sahiblənmişdi. Hakimiyyətə gəlməzdən əvvəl verdiyi bəyanatlar bunun üçün zəmin yaratmışdı. Məsələn, Nikol baş nazir olmayanda bildirmişdi ki, Qarabağ Ermənistanın üzərindəki ağır yükdür və ondan qurtulmaq lazımdır. Amma həmin yükdən qurtulmağın son dərəcə yanlış metodunu seçdi. O dedi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Üstəlik, baş nazirin komandasının üzvləri “yeni ərazilər uğrunda yeni müharibə” şüarını irəli sürdülər. Onun özü isə Şuşada – Cıdır düzünüdə şərab içib yerə sərilərək, Azərbaycan xalqının heysiyyatı ilə oynadı. Nəticədə 44 günlük müharibə baş verdi ki, onun Ermənistan üçün acı nəticələrini yenidən sadalamağa ehtiyac yoxdur.
Ancaq məsələ burasındadır ki, müharibə də Paşinyana dərs olmadı. O, yenə özünü erməni qövmnünün təmsilçisi kimi apardı. Azərbaycana qarşı məkrli siyasətə baş vurdu. Sonra yaşananlar da hər kəsə yaxşı məlumdur, indi olanlar da. Bu gün Paşinyanın rəhbərlik etdiyi Ermənistan Azərbaycanla sülhə gəlmir, müxtəlif xarici qüvvələrin, tarixdə olduğu kimi, erməni məsələsini ön plana çəkəcəyinə ümid bəsləyir. Buna görə də baş nazirin şagirdlərə ilk sərhəd dirəyinin maketini göstərməsində heç bir səmimiyyət yoxdur. Çünki Nikol başda olmaqla, rəsmi İrəvanın təmsilçilərinin davranışları və oyunbazlıqları dövlətin vacib simvolu olan sərhəd anlayışını şübhə altına alır. Deməli, şübhə altına alınan həm də Ermənistanın gələcək varlığıdır.
Ə.CAHANGİROĞLU
XQ