Zəngəzur dəhlizi: Ermənistan nədən qorxur?

post-img

Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, Naxçıvana birbaşa yol açacaq dəhliz məsələsinin sülh danışıqlarının paketindən çıxarılması mövzusu gündəmdən düşmür. Bakının bu qərarını şərtləndirən hansı amillərdir? ­2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda öz əksini tapmış kommunikasiyaların qarşılıqlı şəkildə açılmasını nəzərdə tutan maddəyə rəsmi İrəvan da özünün razılığını bildirmişdi. 

İndi bu maddə niyə sülh danışıqlarının digər şərtlərindən daha çox əhəmiyyətə malik olub? Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyovun məlum açıqlamasını rəsmi Bakının Zəngəzur dəhlizindən imtinası kimi şərh edənlər də var. Suallarımıza Azərbaycan Prezidentinin katibliyinin sabiq rəhbəri, dövlət başçısının keçmiş köməkçisi, tanınmış politoloq Eldar Namazov aydınlıq gətirir. 

Bütövlükdə kommunikasiyaların açılması təxirə salınır

Bakının belə bir addım atmasını vacib qərar kimi dəyərləndirən politoloq Eldar Namazov mövzuya kifayət qədər praqmatik yanaşır: “Təsəvvür edin ki, bu qərarı Azərbaycanla yanaşı, həm Ermənistanda, həm Rusiyada, həm də başqa ölkələrdə ciddi müzakirə edirlər. Bəri başdan deyim ki, bu qərar Azərbaycanın sülh platformasında mövqelərini daha da gücləndirir. Bu addımı ilə Bakı onsuz da çətin durumda olan İrəvanı bir az da çətin vəziyyətə salmış oldu. Çünki bu qərar Ermənistanın gələcəyə yönəlik planları üçün böyük problemlər yaradır. Burada söhbət nədən gedir? Əslində, burada söhbət bir hadisədən getmir. Yəni, sülh sazişinin mətnindən təkcə Zəngəzur dəhlizi deyil, bütövlükdə, kommunikasiyaların açılması məsələsi çıxarılır. Əgər kommunikasiya mövzusu gündəmdən çıxarılırsa, hamı belə düşünür ki, bu, Azərbaycanın ziyanına ola bilər. Amma məsələyə geniş aspektdən baxmaq lazımdır. Eyni vaxtda bir neçə hadisə baş verir”.

Tanınmış politoloq baş verən hadisələri təsnifatlandırarkən diqqəti tərəflər üçün kommunikasiya nöqtələrinin vacibliyinə yönəltdi: “Ondan başlayaq ki, Azərbaycan və Ermənistan arasında üç kommunikasiya nöqtəsi ciddi müzakirə predmeti idi. Biz daha çox Zəngəzur dəhlizi barədə danışırdıq. Bəli, bu, bizim üçün vacib layihədir. Ermənilər isə Culfaya dəmir yolu xəttinin açılması və oradan İran dəmir yolları ilə birləşmələri barədə danışırdı. Bu zaman özünü, sanki, Şimal–Cənub marşrutunun vacib oyunçusuna çevriləcəyi ilə bağlı bəyanatlar verirdi. Axı, bu dəhlizdən Hindistan, İran istifadə edəcək və Culfa vasitəsilə marşrut Ermənistana çıxacaqdı. Erməni mediası bu haqda gecə-gündüz yazırdı. Onlar, eyni zamanda, İcevan–Qazax dəmir yolunun açılmasını da istəyirdilər. İndi belə çıxır ki, bu məsələlərin üçü də təxirə salınır. Elçin Əmirbəyovun müsahibəsindən hiss olunurdu ki, elə bil, ermənilərin qarşısına müəyyən bir yol xəritəsi qoyulub. Xəritədə İrəvəna nə göstərilir? Əvvəlcə öz konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxart. Ardınca Azərbaycana qarşı yalan–böhtanla dolu iddialarından əl çək. Daha sonra bəzi qanunlarında dəyişiklik et. Misal üçün, Alma-Ata Bəyannaməsinin ratifikasiyası və ­MDB-nin yaradılması ilə bağlı qanunlarda İrəvan öz düzəlişlərini etmişdi. Həmin düzəlişin mahiyyəti o idi ki, Dağlıq Qarabağ artıq müstəqil dövlətdir və o, MDB-yə müstəqil şəkildə daxil ola bilər. Onlar bütün bunları təmizləməlidirlər. Məhz ondan sonra Ermənistanla sülh sazişi imzalana bilər. Kommunikasiyaların açılması məsələsinə də o zaman baxıla bilər”.

2027-ci ili İrəvan özü gözləməli olacaq

“Hələ bu ilin əvvəllərində mətbuatda belə yazılar gedirdi ki, Paşinyan dörd aya referendum keçirəcək və konstitusiyadan həmin bədnam bənd çıxarılacaq. Sonra fikrini dəyişdi, ya da xaricdən təzyiqlər edildi və ermənilərin baş naziri yeni konstitusiyanın hazırlanması barədə tapşırıq verdiyini açıqladı. Yəni, deyilən müddəaları köhnə konstitusiyadan çıxarmaq daha asan olardı. Paşinyan hökumətə 2026-cı ilin sonuna qədər yeni konstitusiyanın layihəsini hazırlamaq üçün vaxt verdi. 

Buradan bu məntiq çıxır ki, referendum ən tezi 2027-ci ildə keçirilə bilər. Yalnız ondan sonra Bakı İrəvanla kommunikasiya məsələlərini müzakirə edə biləcəkmiş. Faktiki olaraq, rəsmi İrəvanın qabağına yeni yol xəritəsi qoyulur və deyilir ki, əvvəlcə qanunvericiliyinə əl gəzdir, Azərbaycanla sülh sazişini imzala, sonra bu məsələlərə baxarıq. Bu, nə deməkdir? 

Kommunikasiyaların işə düşməsi məsələsində Azərbaycanın bir neçə məqsədi var. Birincisi, Orta dəhlizi daha da genişləndirmək, onu çox güclü beynəlxalq layihəyə çevirmək. Çinlə Avropa arasında mal və məhsulların xeyli hissəsi oradan keçməlidir. Bu isə Azərbaycana böyük dividendlər gətirəcək. İkincisi, Şimal– Cənub dəhlizinin ölkəmizin ərazisindən keçməsini istəyirdik. Amma ermənilər bu dəhlizin Ermənistandan keçməsini arzulayırdılar. Biz deyirik ki, əvvəlcə Astara–Rəşt yolunun qalan hissəsini inşa edək, sonra dəhliz avtomatik açılır. Fəqət İran tərəfi bu işi çox uzadırdı. Bakı hətta maliyyə vəsaiti də təklif etmişdi. Əvvəlcə razılaşdılar, sonra işi yenə uzatdılar. Bu vacib məsələlərdən sonra Zəngəzur dəhlizi gəlirdi.  Yəni, biz həm Orta dəhlizi genişləndirmək, həm Şimal–Cənub marşrutunun əsas oyunçusu olmaq, həm də Zəngəzur dəhlizini açmaq istəyirdik. Hazırda vəziyyət elədir ki, Ermənistan yaxın 3-4 ildə yalnız daxili məsələləri ilə məşğul olmalıdır. Azərbaycan isə Avropa İttifaqı və Çinin dəstəyi ilə və Gürcüstanla birlikdə Orta dəhlizi daha da gücləndirəcək, İran ərazisindən Araz dəhlizi vasitəsilə Türkiyəyə ikinci yolu açacaq. Təəccüblü deyil ki, Elçin Əmirbəyovun məlum müsahibəsindən bir gün sonra İran bəyan etdi ki, Şimal–Cənub marşrutu Azərbaycandan keçəcək”.    

Ermənistan Şimal–Cənub dəhlizindən kənarda qalır                                                

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrana və Bakıya səfərlərinə toxunan politoloq buna məhz deyilən bucaqdan baxmağın vacibliyini vurğuladı: “Bakıya səfərində Şoyqunun yanında kim oturmuşdu? İqor Livitin. On ildən çox nəqliyyat naziri işləmiş Livitin son illər Rusiya Prezidentinin beynəlxalq dəhlizlər üzrə köməkçisidir. Onun Şoyqunu Tehran və Bakıya səfərlərində müşayiət etməsinin bir məqsədi vardı: Astara–Rəşt marşrutu öz həllini tapır və Azərbaycan Rusiya, İran və dünya arasında böyük rola malik Şimal–Cənub dəhlizinin əsas oyunçularından birinə çevrilir. Bu qərarlar eyni vaxtda elan edildi. Deməli, Azərbaycan bundan sonra istədiyi bütün dəhlizləri açır, genişləndirir və qalır Zəngəzur dəhlizi. Bakı bu məsələyə mütləq qayıdacaq. Əgər Azərbaycanın qarşısında dörd böyük layihə varsa, onlardan hansının birinci, yaxud ikinci, üçüncü gələcəyi hadisələrin gedişatından asılı olacaq. Bizim üçün bunun fərqi yoxdur. Vəziyyət belə gətirib ki, ilk növbədə, Şimal–Cənub layihəsini təsdiqləyirik və bu marşrut Ermənistandan deyil, Azərbaycandan keçir. Üstəlik, Araz dəhlizi vasitəsilə Türkiyəyə yolumuzu da açırıq. Bakı–Tbilisi–Qars dəmir və avtomobil yollarını da genişləndiririk və nəhayət, sonda Zəngəzur dəhlizini də işə salırıq. Azərbaycan bu planların heç birindən imtina etmir. Sadəcə olaraq, həmin planları realizə etmək cədvəlini tərtib etmişik və real vəziyyətə uyğun hərəkət edəcəyik. Ermənistan isə hər şeydən məhrum olur. Dediyimiz hədəflərə çatandan sonra Ermənistanı hansı dəhlizə buraxmaq məsələsini müzakirə edə bilərik”. 

Yaranmış vəziyyətdə Qərbin, o cümlədən ABŞ-nin mövqeyini dəyərləndirməyə çalışan E.Namazov Vaşinqtonun dəhlizlərin açılmasında maraqlı olduğunu və Ermənistanın da onlara qoşulmasını arzuladığını bildirdi: “ABŞ Dövlət katibinin müavini Ceyms O`Brayn İrəvana səfərində, ardınca Konqresdə bununla bağlı çıxış edərkən açıq şəkildə dedi ki, belə bir şans ermənilərə neçə nəsildən bir verilə bilər. O, Ermənistanı bu şansdan istifadə etməyə çağırdı. Bəs, sonra nə baş verdi? Paşinyan Tehranda seçilmiş yeni prezidentin andiçmə mərasimində iştirak etdi, İranın Ali Rəhbəri ilə görüşdü. Xamenei onu qarşısında oturdub az qala barmağını silkələyərək, Zəngəzur dəhlizinin açılmasının Ermənistanın maraqlarına zidd olduğunu söylədi. Rüsvayçı bir mənzərə idi. Yəni, Vaşinqton Paşinyana deyir dəhliz layihələrinə qoşul, Tehran isə deyir ki, qoşulma. Eyni vaxtda iki-üç stulda oturmağa çalışan Paşinyan bu səbəbdən son qərarını verə bilmir. Ona görə Ağ ev Bakıya heç bir irad bildirə bilməz. Getsinlər Paşinyanla münasibətlərini aydınlaşdırsınlar. O, kimin tərəfində duracaq: ABŞ-nin, yoxsa İranın?”.            

Çapa hazırladı:  
İmran BƏDİRXANLI 
XQ

 





Siyasət