Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetlərindən biri olan “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” öhdəliyinə uyğun olaraq hazırda ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər görülür. Ekoloji problemlər kompleks həll edilir. Gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə təsir göstərə bilən risklərin azaldılması məqsədlə yaşıllıqların payı artırılır.
COP29 çərçivəsində də biomüxtəlifliyin qorunması və iqlim dəyişikliyi ilə mübarizə mühüm əhəmiyyət kəsb edir. Çünki meşəsizləşmə, bioloji müxtəliflik və iqlim dəyişikliyi arasında sıx əlaqə var. İqlim dəyişikliyi növlərin miqrasiyasına və ekosistemlərin tarazlığının pozulmasına səbəb olur. Məsələn, artan temperatur və quraqlıq bəzi bitki növlərinin yaşayış yerlərini itirməsinə və nəsli kəsilmək təhlükəsi ilə üzləşməsinə səbəb olur. Bu barədə Azərbaycan Texniki Universitetinin kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının dosenti Nəcibə Şirinova ilə söhbət etdik.
– İqlim dəyişikliyində meşələrin rolunu necə qiymətləndirirsiniz?
– Antrоpоgеn mənşəli qlоbаl istiləşmə kоnsеpsiyаsı şəklində fоrmаlаşаn iqlim dəyişmələri hаzırdа kəskin gеоsiyаsı məsələyə çеvrilib. Hаvаnın Yеr səthinə yахın оrtа qlоbаl tеmpеrаturunun son 100 il ərzində təхminən 0,5 – 0,6 0C, kаrbоn qаzının (CО2) isə təqribən 30 faiz аrtmаsı müşahidə edilib. Qlоbаl istiləşmə bəşəriyyətin rаst gəldiyi ən böyük təhlükədir. Yüz Nоbеl mükаfаtı lаurеаtı bu yахınlаrdа bunu əks еtdirən bəyаnаt imzаlаyıb. Bu bəyanatı BMT-nin müvafiq kоmitəsi də dəstəkləyib. Dünyа dövlətləri hökumətləri tərəfindən də razılıqla qarşılanıb.
Sənayeləşmə və fosil (kömür, neft, qaz) yanacaqlardan istifadə atmosferdə normadan artıq karbon qazının yığılmasına səbəb olur. “İstixana effekti” əsasən CO2-nin təsirindən əmələ gəlir. Daş kömür, neft, qaz və s. yanacaqların yandırılması nəticəsində ildə atmosferə 20 milyard ton karbon qazı qarışır. Hər il atmosferə qarışan CO2-nin miqdarı 0,5 faiz, metan 0,9 faiz, azot oksidləri 0,25 faiz, hallogenlərin karbon birləşmələri isə 4 faiz artır.
Məlumdur ki, yer üzərinə düşən günəş şüalarının bir qismi sınaraq geri qayıdır. Bu qazlar Yer kürəsi ətrafında “ekran” yaradaraq yerdən qayıdan günəş şüalarının qarşısını alır. Bu isə atmosferdə “istixana effekti” yaradır. Bu, qlobal iqlim dəyişikliyi ilə özünü göstərir və canlıları təhdid edir.
Problemin həlli üçün həm fərdi, həm də institusional səviyyədə kompleks tədbir görülməlidir. BMT-nin 2001-ci ildə nəşr olunan hesabatında göstərilib ki, yaxın gələcəkdə planetimizdə orta temperaturun 1,4-5,80 dərəcə artması proqnozlaşdırılır. Kosmosdan çəkilmiş şəkillər vasitəsilə müəyyənləşdirilib ki, qumlu səhralar savanna zonasına doğru 200 kilometrə qədər genişlənib. Son proqnozlara əsasən, XXI əsrin ortalarında okean suyunun səviyyəsinin 0,5-1 metr, sonunda isə 2 metr qalxması qurunun bir hissəsinin su altında qalması ilə nəticələnə bilər.
Atmosferdə həddindən artıq toplanan karbon qazının azaldılmasının ən təsirli yollarından biri meşələrin çoxaldılması və qorunmasıdır. Meşələr ildə 2 milyard tona qədər karbon qazını udur və Günəş enerjisindən istifadə etməklə kimyəvi çevrilmə (fotosintez) yolu ilə müxtəlif üzvi maddələr şəklində saxlayır. Bu proses nəticəsində atmosferə oksigen qazı buraxılır.
Beləliklə, meşələrin təbiətdə ən böyük rolu hər hektarın il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen ixrac etməsidir. Onlar havanı tozdan qoruyur, avtomobil və sənaye müəssisələrinin buraxdığı zərərli maddələri təmizləyərək güclü filtr rolunu oynayır. Nəticədə meşələr karbon qazını udaraq iqlimi tənzimləyir.
– Meşələr həm də güclü istixana effektinə malik metanı da tutur. Bu barədə isə az danışılır...
– Meşələr təkcə fotosintez vasitəsilə havadan karbon qazını udmaqla qlobal istiləşmənin qarşısını almır. Ağacların qabıqları metanı da tutur. Metan güclü istixana effekti nə malikdir. Onun emissiyaları bəşəriyyətin bu gün üzləşdiyi qlobal istiləşmənin 30 faizinə qədərini təşkil edir. Ağac qabığındakı mikrobların torpaq bakteriyaları kimi metanı udması meşələri iqlim üçün əvvəllər düşünüldüyündən 10 faiz daha qiymətli edir.
– Planetin yaşıl örtüyü həm də davamlı landşaftlar yaratmaqla iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasına mühüm təsir göstərir.
– Bəli. Planetin yaşıl örtüyü təkcə istixana qazlarını udmaqla deyil, həm də daha davamlı landşaftlar yaratmaqla iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasında önəmli rol oynayır. Torpaq sürüşmələrinin qarşısının alınmasında, dağ yamaclarının və qumluqların bərkidilməsində, sellərin qarşısının alınmasında, tarlaların küləkdən və quraqlıqdan qorunmasında müstəsna əhəmiyyəti var. Meşələr sahillərin yuyulub getməsinin də qarşısını alır.
Meşələr həm də ölkə iqtisadiyyatı üçün xammal mənbəyidir, turizm sektorunun inkişafına böyük töhfə verir. Bir sözlə, мeşələr hər bir ölkədə iqtisadiyyatın inkişaf etdirilməsində, ətraf mühitin yaxşılaşdırılmasında, xalqın rifahının yüksəldilməsində mühüm rol oynayan təbii ehtiyatlar kompleksidir.
Bunları nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, meşələrin qırılması-meşəsizləşdirmə karbon və metan qazlarının udulma kanallarının itməsinə, enerji, su, qlobal bioloji tsiklin biogen elementlərinin dövranının dəyişməsinə səbəb olur, atmosferin kimyəvi tərkibinə təsir göstərir. Meşəsizləşdirmə, eyni zamanda, lokal, regional və qlobal səviyyələrdə iqlim şəraitinin kəsgin dəyişməsini şərtləndirir.
Pünhan ƏFƏNDİYEV
XQ