İqlim sammitində uğurlu nəticələr əldə ediləcək

post-img

COP29-da iqlim maliyyəsinin həlli istiqamətində müsbət addımlar atılacaq, yekdil qərarlar qəbul ediləcək. 

Bu barədə BMT-nin Baş katibinin köməkçisi, təşkilatın siyasət üzrə iş və proqram dəstəyi bürosunun direktoru Mar­kos Neto “X” sosial media hesabında pay­laşım edib.

“Biz 100 milyard dollarlıq bir dünyada yaşayırıq. Təəssüf ki, bu vəsait şimaldan cənuba kimi çatmır. İndi iqlim maliyyə­sinin məqsədini müəyyənləşdirmək üçün başqa bir yol tapmalıyıq. Bu, asan olma­yacaq. “Yaşıl keçid” trilyonlarla dollara başa gələcək. Bu səbəbdən həqiqət budur ki, noyabrda Bakıda razılaşdırılmalı olan, maliyyə ambisiyalarını təyin edən sistemə ehtiyacımız var. Buna görə də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) belə bir məsələdə Azərbaycan hökümətinə dəstək olur və beynəlxalq icti­maiyyətin də belə bir təşəbbüsə qoşulması­nı arzulayır”,– deyə M.Neto bildirib.

Xatırladaq ki, BMT-nin İqlim Də­yişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu ses­siyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ər­zində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edə­cək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir.

Ekologiya