Təbiət Xəzərin harayına yetişir

post-img

Bir il əvvəl Xəzərin şimal hissəsində, xüsusilə Qazaxıstan sahillərində dəniz yüz metrlərlə geri çəkilmişdi. Ölkəmizin ərazisində də dənizin Bakı və Abşeron sahillərində 15-20 metrdən çox geri çəkildiyi müşahidə edilib. Hətta Bakı buxtasında ada da əmələ gəlib.

Artıq 2024-cü ildən vəziyyət dəyiş­məyə başlayıb. Xüsusilə sel və daşqın­lar səbəbindən Xəzər geri qayıtmağa başlayıb. Bu, dənizin səviyyəsinin qalx­masının əlamətləridir. Bu barədə AMEA Coğrafiya İnstitutunun ekoloji coğrafiya şöbəsinin elmi işçisi Gülxar Rzayeva ilə söhbət etdik.

– Xəzər dənizində suyun səviy­yəsinin artıb-azalması hövzəyə daxil olan və oradan ayrılan su balansın­dan asılıdır. 2023-cü ilədək su balan­sının pozulmasına nə səbəb olmuş­dur?

– Bu ilk növbədə iqlim dəyişikliyi ilə bağlıdır: havanın temperaturunun art­ması, yağıntıların və çay axınlarının azalması. Hər 3 amil ötən ilədək Xəzər dənizinin səviyyəsinin aşağı düşməsin­də əsas rol oynayıb. Məsələn, havanın temperaturunun artması onun səthindən buxarlanmanı artırıb. Digər tərəfdən də­nizin suyunun bir hissəsi Türkmənistan ərazisində yerləşən Qara-Boğaz-Göl körfəzinə axıdılır. Körfəzdə suyun buxarlanması daha çoxdur. 2023-cü ildə havanın quraq keçməsi suyun dəniz sət­hindən illik yağıntının miqdarından çox buxarlanmasına səbəb olub.

İkincisi, Xəzər dənizinə su axını da azalıb. Dənizə 130-a yaxın çay axır, on­lardan ən böyüyü Volqa və Uraldır. Bu çaylar dənizə illik axının əsas hissəsini təmin edir. Volqa çayının illik axını 2021 və 2022-ci illərdə orta uzunmüddətli göstəricidən xeyli aşağı olub. 250 kub­kilometrə qarşı müvafiq olaraq cəmi 216 və 215 kubkilometr təşkil edib. 2023-cü ildə bu göstərici daha aşağı idi. Deməli, təkcə Volqadan Xəzərə hər il 30-35 kub­kilometr az su daxil olur. Bu böyüklükdə kəsiri doldurmaq ya real deyil, ya da onu doldurmaq üsulları çox səmərəsizdir. Bu, çoxlu mənfi nəticələr yaradır. Onlar­ca kubkilometr suyun müntəzəm olaraq dənizə daxil olmaması dənizin həcmini azaldır, yəni səviyyəsinin düşməsinə sə­bəb olur. 

Eyni vəziyyət Ural çayında da müşa­hidə olunur. Bu çayın hövzəsində sulu illərin az olması səbəbindən su axını az olub. Başqa bir səbəb isə çayların üzə­rində tikilən su anbarlarıdır. Uralın yuxarı axarında 300-ə yaxın, Volqada isə 11 su anbarı var. Bu anbarlarda hər il suyun səviyyəsi aşağı düşür. Məsələn, 2021-ci ilin payızında Kuybışev su anbarında kritik dərəcədə aşağı su səviyyəsi mü­şahidə edilib. O, Baltik sisteminə görə 52-53 metrdən 49,92 metrə enib. Nəti­cədə su anbarlarından Xəzər dənizinə axıdılan suyun azalmasına səbəb olub. 

– Ölkəmizdə Xəzər dənizi hövzə­sinə axan ən böyük çay Kürdür. Bun­dan başqa, dənizə irili-xırdalı onlarca çay axır. Bu çaylarda sululuq necə dəyişir?

– Kürün bir çox qolları Türkiyə, Er­mənistan və Gürcüstandan qidalanır və üzərlərində su anbarları tikilib (Kü­rün üstündə təkcə respublikamızda 5-6 nəhəng su anbarı inşa edilib, əkin sahələrinə çoxsayda kanallar çəkilib. Bu çay qolları ilə birlikdə həm də Azərbay­canda şirin suyun əsas təchizatçısıdır. Onlardan səmərəsiz istifadə isə Kü­rün aşağı axınında suyun azalmasına, dayazlaşmasına gətirib çıxarır. Aşağı axarlarda Kür çayının səviyyəsi o qədər aşağı düşür ki, çayda şirin su ehtiyatı tükənir və Xəzərdən çaya axan duzlu su bu ərazilərdə içməli su problemi yaradır. Ümumiyyətlə, bu məsələ 10 ildən çox­dur ki, aktuallaşıb. Təbii ki, Kür çayının qurumasında təbiətin də bilavasitə rolu danılmazdır. Ötən ilədək yağış suyu və qar azaldığından, ekoloji tarazlıq po­zulub. Bu səbəblərdən bəzən Kür çayı Xəzər dənizinə çatmır. 

– 2024-cü ildən ölkəmizin ərazisin­də mürəkkəb sinoptik şərait müşahi­də olunur. Dağlıq və dağətəyi rayon­larda qısamüddətli leysan xarakterli yağışlar yağır və tez-tez təkrarlanır. İntensiv yağışların çaylarda sululuğa təsiri barədə məlumat verərdiniz?

– Son aylar ötən ildən fərqli olaraq Kür çayında suyun səviyyəsi qalxıb. Bu, havaların qeyri-sabit keçməsi, fasiləsiz yağan yağıntılarla bağlıdır. Bununla ya­naşı, çayın axını da xeyli sürətlənib. Bir müddət əvvəl su azlığı zamanı əmələ gələn kiçik adalar yoxa çıxıb. Xüsu­silə bu, çayın Salyan, Neftçala rayonu ərazisindən keçən hissəsində daha çox müşahidə olunur. Belə ki, bu günə kimi Kürdə suyun səviyyəsi 1–1,5 metr qalxıb. Su səviyyəsinin artımı Kür boyu quraşdırılmış su nasos stansiyalarının məhsuldar işləməsinə də şərait yaradıb. Bir müddət bundan öncə əkin sahələri­nin suvarılmasında çətinliklər vardısa, artıq bu problem də həllini tapıb.

Yağıntılar isə davam edir. Deməli, yaxın günlərdə Kür çayında suyun sə­viyyəsi aşağı düşməyəcək və Xəzər də­nizinə tökülən suyun həcmi də artacaq. 

Bundan başqa, Azərbaycan ərazi­sindən Xəzər dənizinə tökülən çaylarda da sululuq artıb. Məsələn, 2024-cü ilin iyun ayında yağan intensiv leysan xa­rakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgə­sinin ərazisindən axan çaylardan qısa­müddətli daşqın və sel keçib. İyun ayın­da 47 sel hadisəsi qeydə alınıb. 

– Bu il Rusiya və Qazaxıstan əra­zisindən Xəzərə axan çaylarda da bol sululuq müşahidə olunur. Hidroloji dəyişikliklər Xəzər dənizində suyun səviyyəsinin artmasına təsir edibmi?

– Eyni vəziyyət Rusiya və Qazaxıs­tanda da mövcuddur. Ural çayı boyunca aprel-may aylarında sel sularının güc­lü axını olub. Dənizə həm Ural çayının dolu yatağı, həm də əlavə olaraq tikilmiş kanallar vasitəsilə bol daşqın suyu daxil olub. Ural çayı vasitəsilə Xəzər dənizinə təxminən 7,4 milyard kubmetr su daxil olub. Daşqın suyunu dənizə yönəltmək üçün əlavə kanallardan istifadə edi­lib. Bu kanallar vasitəsilə Xəzərə 350 milyon kubmetr su daxil olub. Hidroloji dəyişikliklər Xəzər dənizində suyun sə­viyyəsinin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub. Xəzər dənizinin şimal-şərq hissəsində (Atırau vilayəti, Qazaxıstan) suyun səviyyəsi isə 119 santimetr artıb. Qazaxıstanın Aktau şəhərində isə dəniz səviyyəsinin 10-15 santimetr qalxdığı bildirilir.

Xəzər dənizi hövzəsinin əsas çayı Volqada da suyun səviyyəsində artım müşayiət olunur. Hazırda Volqoqrad və Həştərxan vilayətlərində Volqada suyun səviyyəsi Voljskaya Su Elektrik Stansiyasından atılan sular səbəbindən yarım metr qalxıb. Rusiyanın Hidro­meteorologiya Mərkəzinin məlumatına görə, ümumilikdə Aşağı Volqada suyun səviyyəsində 21-64 sm artım müşahidə olunur.

Bəzi skeptiklər artımın sadəcə güclü küləklərin yaratdığı müvəqqəti təsir ol­duğunu iddia etsə də, ekspertlər daha əhəmiyyətli tendensiya görürlər. Hələlik bu artım Xəzərin Azərbaycan sahillərin­də o qədər hiss olunmur, amma tezliklə vəziyyət yaxşılığa doğru dəyişəcək.

Beləliklə, Xəzər dənizinin səviyyəsi­nin yüksəlməsi region üçün çox önəmli­dir. Dünyanın ən böyük qapalı daxili su hövzəsi kimi onun normal həyat fəaliy­yətinin bərpa olunması ətrafdakı ekosis­temlər və sahilyanı dövlətlərin iqtisadiy­yatları üçün çox vacibdir. Bu yaxınlarda yağan yağışlar və çay axınlarının sonra­kı artımı müsbət dönüş nöqtəsi ola bilər. 

Bəli, ana təbiət göylərdən yerə ya­ğışlar yağdırmaqla öz gözəl övladı –Xəzərin harayına yetişərək onu kiçilib məhv olmaqdan xilas edir!

Pünhan ƏFƏNDİYEV
XQ





Müsahibə