Abşeron: torpağın nəfəsi niyə təngiyir?

post-img

Ölkəmizdə torpaq ehtiyatlarının sıradan çıxmasının qarşısının alınması çox əhəmiyyətlidir. Çünki kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin yox olması gələcəkdə əhalinin ərzaqla təminatında ciddi problemlər yarada bilər. Müsahibimiz AMEA Coğrafiya İnstitutunun şöbə müdri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent İsmayıl Quliyevdir:

– Azərbaycanın əhalisi 10 milyon nəfəri ötüb. Torpaq sahəmiz isə 8,6 milyon hektardır. Onun əkinə yararlı sahəsi struktur dəyişikliyi səbəbindən azalır. Buna əhalinin artması, tikinti sahələrinin, infrastrukturun genişlənməsi, sənayenin inkişafı təsir edir. İkincisi, qlobal miqyasda baş verən səhralaşma prosesləri torpaqların ümumi münbitliyinə təsir edir, torpaq əmələgəlmə prosesini pozur, bioloji və iqtisadi məhsuldarlığı azaldır. Beləliklə, əhalinin sayı artsa da, münbit torpaq sahələri azalır. Nəticədə, istehsal ilə istehlak arasında balans pozulur. Yəni istehsal azalır, təlabat isə artır. Bu sahədə ölkəmizdə ən ağır vəziyyət Abşeron yarımadasında yaranıb.

– Abşeron yarımadasının başlıca problemlərindən biri torpaqların çirklənməsi ilə bağlıdır. Bunun əsas səbəbləri hansılardır?

– Ölkə əhalisinin təqribən 40, sənaye potensialının isə 70-80 faizi Abşeron yarımadasında cəmləşib. Ekoloji problemlərin əksər hissəsi bu ərazidə mövcuddur. Onlardan biri də torpaqların çirklənməsidir. Yarımadada hasilatın uzun müddət bəsit texnika və texnologiyalarla aparılması, qazma, istismar və təmir zamanı baş verən çoxsaylı qəzalar, açıq neft, qaz, su fontanları nəticəsində mədən əraziləri həddən artıq çirklənməyə məruz qalıb, süni gölməçələrin sayı artıb və mövcud göllərin sahəsi xeyli genişlənib. Bunun nəticəsidir ki, Azərbaycan müstəqillik qazananda bizə 33 min hektardan artıq yararsız, o cümlədən 10 min hektar neftlə çiriklənmiş torpaqlar miras qalıb. Bax, bu torpaqlar 1,5–2 metr qalınlığında neft tullantıları ilə çiriklənmişdi. 

Halbuki həmin torpaq sahələri istifadə üçün yararlı olsa idi, paytaxtın ərzaq məhsulları ilə təminatında önəmli rol oynaya bilərdi. Unutmayaq ki, hazırda Abşeron yarımadasında təqribən 3 milyon əhali yaşayır. 

Abşeronun neft və neft məhsulları ilə ən çox çirklənmiş torpaq sahələri isə Qaradağ, Binəqədi, Sabunçu, Suraxanı, Xəzər və Səbail rayonlarının əraziləridir. Yarımadada еkoloji problemləri yaradan əsas səbəblərdən biri də uzun illər neft-qaz hasilatı və qazma işləri zamanı torpaqların lay suları ilə çirkləndirilməsi, lay sularının idarə olunmaması səbəbindən neftlə çirklənmiş süni göllərin və gölməçələrin əmələ gəlməsidir. Nəticədə tullantı suları ilə birlikdə su hövzələrinə neft məhsulları, sulfat birləşmələri, xlorid duzları, səthi aktiv maddələr, fenol və müxtəlif ağır metallar atılıb. 

– Belə aydın olur ki, Abşeron yarımadasında torpaqların çirklənməsi texnogen təsirin nəticəsində yaranır. Bəs torpaqların sıradan çıxmasında başqa səbəblər də varmı?

– Bəli, düz qeyd etdiniz. Bu çirklənmələr texnogen təsirin nəticəsində yaranır. İstər-istəməz elmi-texniki inkişaf nəticəsində torpaqlar çiriklənməyə məruz qalır. Yuxarıda qeyd etdiyim səbəblər tam deyil. Məsələn, bura həm də küləkli ərazidir. İkinci bir tərəfdən ərazidə torpaqların şoranlaşması gedir. Külək istər-istəməz torpağın kiçik hissəciklərini bir yerdən başqa yerə daşıyır. Beləliklə, külək şoranlaşmış ərazilərdən həmin fraksiyaları başqa bir əraziyə yığır. Nəticədə həmin ərazidə də torpaq şoranlaşmaya məruz qalır. 

Bundan başqa, Abşeron yarımadada torpaqları atmosfer çöküntüləri də sıradan çıxarır. Yuxarıda qeyd etdiyimiz kimi, ölkə sənayesinin 80 faizə yaxını Abşeron yarımadasında yerləşir. Müəssisələrdən tüstü ilə zərərli qazlar, tullantılar havaya buraxılır. Sonra isə bu maddəllər atmosferdən torpağa çökür. Bildiyiniz kimi Abşeron yarımadası avtomobillərlə də olduqca yüklənib. Məsələn, 2024-cü ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycanda 1 milyon 738 min 940 ədəd avtomobil var. Onun da 70 faizdən çoxu paytaxtda istifadə edilir. Ona görə də, avtomobilləri işlədərkən atmoosferə atılan tullantılar, xüsusilə də bir sıra elementlər, ağır metallar yol kənarında torpaqları çirikləndirir, istifadəyə yararsız vəziyyətə salır.

Çirklənmə prosesi elə bir prosesdir ki, bəzən yağıntı və müəyyən suvarma vasitəsilə qrunt sularına keçir, onları da çirkləndirir. Ona görə də, insanlar bu ekoloji məsələlərə qayğı ilə yanaşmalıdır ki, gələcəkdə fəlakətə gətirib çıxarmasın. 

– İsmayıl müəllim, Abşeron yarım­adasında torpağın münbitliyini artırmaq məqsədilə Şamaxı, Cəlilabad və digər rayonlardan bura qara torpaq gətirilir. Bəzən də neftlə çirklənmiş əraziyə torpaq töküb ağac əkirlər. Bu nə dərəcədə səmərəlidir?

– Rekultivasiyaya (torpaqların məhsuldarlığını bərpa etmək) üçün kompleks tədbirlər gərək dəqiq aparılsın. Bəzən görürsən ki, neftlə çirklənmiş əraziyə torpaq töküb yaşıllıq salırlar. Əvvəlcə ağaclar normal bitir, amma onun kökü neftlə çirklənmiş qata çatanda inkişaf dayanır və qurumağa başlayır. Ona görə də, çirklənmiş qat tam götürülməli, bundan sonra düzgün qaydada torpaq tökülməlidir. 

Bu qayda texniki rekultivasiya adlanır və bundan sonra biologi rekultivasiyaya, yəni bitkilərin əkilməsi həyata keçirilməlidir. Hər bitkini də əkmək olmaz. Abşeron yarımadası yarımmsəhra, hətta səhra şəraitindədir. Ona görə də, buranın iqliminə uyğun bitkilərin əkilməsi məqsədəuyğundur. Badam, zeytun, üzüm və əncir kimi ağaclar buranın iqlim şəraitinə uyğulaşan bitkilərdir. 

Abşeron yarımadasında yaşayan insanlar bəzən ölkəmizin digər regionlarından həyətyanı sahələrinə torpaq gətirirlər. Məlumdur ki, meşə zonasının torpağı Abşeron yarımadasında inkişaf edə bilməyəcək, ölü vəziyyətdə qalacaq. Bir müddət keçəndən sonra (10-15 il) tamamilə yararsız vəziyyətə düşəcək və boz səhra torpaqlarına çevriləcək. Torpaqəmələ gəlmə prosesi dayanacaq. 

Burada bir yol var, insan gərək təsərrüfat fəaliyyətini düzgün istiqamətləndirsin. Unutmayaq ki, hər bir zonanın özünə məxsus torpağı və həmin zonanın iqliminə, relyefinə uyğun da bitkiləri var.

– İsmayıl müəllim, yuxarıda qeyd etdiyiniz problemin həlli istiqamətində nə kimi işlər görülür?

– Abşeron yarımadasının ekoloji problemi vaxtında həll olunmalıdır. Əks halda bizi gələcəkdə böyük təhlükə gözləyir. Vaxtında tədbirlər görülməlidir, görülür də. Bakı Buxtasının, Bibi Heybət zonasının, H.Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasının göllərinin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunması istiqamətində tədbirlər həyata keçirilib və bu sahədə lazımı işlər davam etdirilir. 

Sumqayıt şəhərinin ətraf mühitinin ciddi çirklənməsinə səbəb olan 56 min 422 kubmetr civə tərkibli toksiki tullantılar Təhlükəli tullantılar poliqonuna daşınaraq zərərsizləşdirilib.

“Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında” və “Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamların icrası ilə əlaqədar olaraq yolların estetik görünüşünün yaxşılaşdırılması və mühafizə zolaqlarının eroziyadan mühafizəsi məqsədilə Ələt–Hacıqabul istiqamətində magistral yolu ətrafında ağac-kollar əkilib. Oxşar nəticələr Bakının Heydər Əliyev Hava Limanı ilə birləşdirən yollarda da əldə edilib. 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Bakı və onun ətrafında ağacın əkilməsi barədə təşəbbüsü ilə əlaqədar genişmiqyaslı işlər aparılıb. Bayıl yamacı– 20-ci sahə arası, Zığ gölü – Heydər Əliyev Limanı arası ərazilərin, Zığ gölü və ətrafının, həmçinin Səngəçal ətrafının yaşıllaşdırılması layihələri həyata keçirilib. 

Xüsusilə də Abşeron yarımadasının şimal və şərq hissələrində, Qala, Hövsan və Dübəndi yaşayış məntəqələri yaxınlığında zeytun, püstə-badam plantasiyaları salınıb. Hazırda bu bağlar bol məhsul verir. Hələ bu sahədə çox işlər görülməlidir.

Pünhan ƏFƏNDİYEV 
XQ

 



Müsahibə