Pusqudan açılan atəşin kölgəsində gizlənənlər

post-img

Son vaxtlar şərti sərhəddə atəşkəsin pozulması bəzi ehtimallara yol açır 

Bəs, Ermənistan tərəfinin sülh danışıqlarının indiki yekun mərhələsində atəşkəs rejimini pozması, Azərbaycan Ordusunu təxribata sövq etmək cəhdləri nədən xəbər verir? Tərəflərin sülhə bu qədər yaxınlaşdığı indiki məqamda münasibətlərin yenidən tarıma çəkilməsi, bölgənin hərbi qarşıdurma meydanına çevrilməsi kimlərə sərf edir?  Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən son günlərdə atəşkəs rejimi mütəmadi olaraq pozulur.

İnanmaq çətindir, amma İrəvanın son davranışları hadisələrin xoşagəlməz məcrada inkişafa meyillənməsi təəssüratını yaradır. Görünən odur ki, Ermənistan hakimiyyəti yaxın qonşuları ilə sülhün və faydalı əməkdaşlığın yollarını axtarmaq əvəzinə, səmərəsiz və özü üçün təhlükəli “hərbi ssenarilər” üzərində düşünmək riskinə gedir. İrəvanın özünə Qərbdə etibarlı tərəfdaşlar tapmaq, müasir hücum silahları əldə etmək, hətta ənənəvi partnyorlarından fərqli ölkələrlə şübhəli sövdələşmələrə baş vurmaq cəhdləri hələ də davam edir. Əgər sözdə bir şeyi deyib, arxada fərqli hərəkətlər edən Paşinyan iqtidarı bu siyasi kursu davam etdirərsə, onda onu qarşıda indi üzləşdiyi problemlərdən daha böyük “sürprizlər” gözləyir. 

Bu gün Cənubi Qafqaz uğrunda davam edən hərbi-siyasi çarpışmaların fonunda Moskva ilə açıq qarşıdurma yolunu seçən İrəvanın sarsıdıcı zərbəni hansı cinahdan alacağı özü üçün də tapmaca olaraq qalmaqdadır. Onun uğursuzluğa düçar bu “çoxstullu siyasi oyun”una Cənubi Qafqazın digər ölkələrini də cəlb etmək kimi məkrli planı da iti gözlərdən yayınmır. Əsl oyunun dünyanın “böyük gücləri” arasında getdiyini anlamaq istəməyən Hayastan başbilənləri son nəticədə ilk qurbanlardan birinin məhz ermənilərin özlərinin olacağı perspektivini də unutmamalıdırlar. Siyasi təlatüm və mülki qarşıdurma vəziyyətinə çatdırılmış erməni cəmiyyətinin az sonra yenidən Moskvaya üz tutacağını da istisna etmək olmaz. Çünki yalanları səbəbindən hamı tərəfindən tərk ediləcək Ermənistanın, yüz il əvvəl olduğu kimi,  son pənahgahını yenə şimalda axtaracağı heç kəsi təəccübləndirməməlidir. 

Keçən həftənin cümə günü KTMT-nin baş katibi İmanqali Tasmaqambetovun dilindən səslənən “Ermənistan bizim müttəfiqimiz olub və tərəfdaşımızdır” fikirlərinə məhz bu konteksdən yanaşmaq daha məntiqi olar. Bu minvalla Rusiya ilə Qərb arasında səngimək bilməyən, əksinə, qanlı qarşıdurma həddinə çatmış münasibətlərin ehtimal olunan qara yelinin Ermənistandan yan keçməyəcəyi şüb­həsizdir. Sadəcə, indi İrəvanı pusqudan şərti sərhədin bu tərəfinə atəş açmağa  təhrik edənlər sabah onun nəinki arxasında durmayacaqlar, heç həndəvərində də görünməyəcəklər.   

* * * 

Ermənistanın Kəlbəcər və Naxçıvan istiqamətində atəşkəs rejimini pozması ilə sülh müqaviləsinə maneçilik cəhdlərinin düz mütənasib olduğunu söyləyə bilərik.  Həmin cəhdlərə baş vuranların siyasi palitrası fərqli olsa da, niyyət və məqsədləri, demək olar ki, üst-üstə düşür. Daxildəki anti-Paşinyançı qüvvələrin tərkibinə diqqət yetirsək, ilk nəzərə çarpan Ermənistan ordusunun içərisində kök salmış “Qarabağ klanı” olacaq. Onlarla eyni səngəri bölüşən ikinci qüvvə kimi Ermənistanda Şimala tam meyilli, hələ də “bəlkə də qaytardılar” xəyalı ilə yaşayan “beşinci kolon”dur. Onlar birincilərdən fərqli olaraq, həm də Gümrüdəki hərbi bazanın timsalında ciddi dayağa malikdirlər. Yerli ekspertlərdən birinin dediyi kimi, Ermənistan ordusundakı “beşinci kolon”un təmsilçisinin, yaxud “Qarabağ klanı”ndan əlisilahlı birinin sərhədin bu üzünə atəş açması və sonra aradan çıxması nə çətin məsələdir? 

Görünən dağa bələdçinin gərək olmadığı kimi, Azərbaycan və Ermənistan arasında  sülh müqaviləsinin imzalanmasına da maneçilik törədənlərin başında Fransanın durduğu hamıya məlumdur. Bu günlərdə Fransadan Ermənistana “CAESAR” tipli özüyeriyən artilleriya qurğuları və onlar üçün mərmilərin satışı barədə müqavilənin imzalanması ilə sərhəddə atəşkəsin pozulması arasında paralellər aparmaq tam yerinə düşər. Ortada təsadüfün olmadığı aşkardır. Ən azı, ona görə ki, Yelisey sarayı bu günədək Ermənistana müdafiə xarakterli silahlar göndərirdisə, Paris və İrəvan arasında yeni razılaşmada “CAESAR” markalı hücum silahından bəhs edilir. 

“Ermənistan–Azərbaycan sərhədində gərginliyi azaltmaq və atəşkəs pozuntularını aradan qaldırmaq üçün ikitərəfli mexanizm yaradılması təklifi alqışlanmalıdır”. 

Bu sözləri Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaar özünün “X” səhifəsində yazıb. Aİ-nin Gürcüstandakı monitorinq missiyasının 15 ilə yaxın fəaliyyət göstərdiyini deyən qurum rəsmisi bu sahədə toplanmış təcrübəni tərəflərlə bölüşməyə hazır olduqlarını da diqqətə çatdırıb. Yeri gəlmişkən, Toivo Klaar “Report”a müsahibəsində son aylarda sülh danışıqlarında beynəlxalq iştirakın əvvəlki iki illə müqayisədə daha məhdud olmasına baxmayaraq Ermənistan–Azərbaycan ikitərəfli görüşlərində əldə olunan irəliləyişi məmnunluqla qeyd edib: “Bu yazın son onilliklərdə bölgədə ən sakit dövrlərdən biri olması faktını alqışlamaq lazımdır. Tərəflərin düzgün yolda olduğuna inanıram. Ümid edirəm ki, müsbət irəliləyişlər davam edəcək və tezliklə növbəti konkret razılaşmalar və digər etimad quruculuğu tədbirləri əldə olunacaq. Artıq sülh müqaviləsinin əksər elementləri razılaşdırılıb və fikrimcə, qalan məsələlər də asanlıqla qəbul edilə bilər”.

Ermənistan və Azərbaycan arasında COP29 üzrə 2023-cü il 7 dekabr birgə bəyanatı, məhbusların azad edilməsi, eləcə də 1991-ci il Alma-Ata Bəyannaməsinin sərhədlərin delimitasiyası işlərinin əsası kimi əhəmiyyətini bir daha təsdiqləyən 19 aprel 2024-cü il tarixli sərhəd razılaşmasını və sonradan həyata keçirilən delimitasiya və demarkasiya kimi müsbət irəliləyişləri təqdir etdiklərini söyləyən Aİ diplomatı bütün bunların çoxdan gözlənilən sülh sazişinin bağlanması üçün əlverişli zəmin yaratdığını və tərəflərin indi siyasi iradə göstərərək, bu addımı atmağa həmişəkindən daha yaxın olduqlarını önə çəkib: “Bütövlükdə, sülh həm dövlətlərin, həm də sadə ermənilərin və azərbaycanlıların qarşılıqlı əlaqə və əməkdaşlıqdan bəhrələnə biləcəyi yeni mühit yaradacaq. Bu isə onların bir-birini yenidən tanımasına imkan verəcək, Azərbaycan və Ermənistanda gələcək nəsillərin rifahı üçün düşmənçilik səhifəsini birdəfəlik çevirməyə kömək edəcək”.

T.Klaarın bu nikbin açıqlamasına yalnız onu əlavə etməyə ehtiyac duyuruq ki, təki onun bu istəyini Aİ üzvü olan digər ölkələr də bölüşsünlər. 

* * * 

Otuz il müharibə şəraitində yaşamış iki xalq arasında yaxın əməkdaşlıqdan, davamlı sülhdən bəhs edən və onun tezliklə imzalanmasına çalışan kollektiv Qərb bu yanaşmanın həm də Paşinyanın hərəkətlərində öz inikasını tapmasına nail olmalıdır. Sülhə aparan yolda isə hələ İrəvanın atmalı olduğu zəruri addımlar var. Bunu Azərbaycan Prezidenti açıq mətnlə söyləyib: “Ermənistanın konstitusiyası, normativ-hüquqi aktları dəyişdirilməlidir! Yalnız bundan sonra sülh sazişininin imzalanmasından danışmaq olar”. 

Maraqlıdır ki, indi sülh müqaviləsini “dərhal imzalanması” üçün çağırışlar edən həmin ABŞ Dövlət Departamenti bu ilin aprelinə qədər səsini başqa notlara kökləmişdi. Niyə bir il əvvəl Paşinyan komandası Sədərəkdən Kəlbəcərədək şərti sərhəddə atəşkəs rejimini kobud şəkildə, həm də dəfələrlə pozanda Antoni Blinken hayların baş nazirinə zəng edib “Dərhal atəşi saxla!” çağırışını etmirdi? Nədən Zəngəzur dəhlizinin açılması, Azərbaycanın işğal altındakı kəndlərinin azad edilməsi məsələsini qaldırmırdı? Bu gün Azərbaycanın çağırış və təşəbbüslərini, atdığı konkret addımlarını alqışlayanlar bir il əvvəl niyə susurdular? 

Artıq beynəlxalq ictimaiyyət Ermənistanın daxilində və xaricində hansı qüvvələrin nə oyunlar qurmaq istədiyini yaxşı görür.

Bu barədə “XQ”-yə açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, son günlər atəşkəsin məhz Kəlbəcər istiqamətində pozulmasının arxasında Ermənistandakı revanşist qüv­vələrin dayanması ehtimalı yüksəkdir: “Atəşkəs rejimi Naxçıvan istiqamətində pozulanda belə versiyalar səslənirdi ki, bu, Ermənistandakı təxribatçı qüvvələrin Zəngəzur dəhlizinin reallaşması və Kərki kəndinin geri qaytarılması variantının əleyhinə atılmış addımdır. Yəni qarşı tərəf bununla hadisələrin bu istiqamətdə gedişatına mane olmaq istəyirlər. Əslində, atəşkəsin pozulması mexanizmi çox sadədir. Qarabağ klanı və ya digər radikal qüvvələr ordudakı tərəfdarlarından bir qrupuna mesaj göndərir ki, Azərbaycan tərəfə atəş açın. Və ya radikal qüvvələrin nümayəndələrindən bir qrupu maşınla sərhəd kəndlərdən birinə yaxınlaşaraq Azərbaycan ərazisini atəşə tutur. Yəqin xatırlayırsınız, bu ilin fevral ayında qarşı tərəf atəş açaraq bizim sərhədçimizi yaralayanda, baş nazir Nikol Paşinyan bunun təxribat olduğunu anlayaraq orduda bəzi yerdəyişmələr etdi. Ancaq, o, bu prosesi ya sona çatdıra bilmədi, ya sona çatdırmağa risk etmədi. Bütün hallarda atəşkəsin pozulmasının intensiv hal alması gərginliyi artırır, bu isə öz növbəsində, danışıqlar prosesinə mənfi təsir edir”.

* * *

Bəli, Ermənistanı yeni hərbi münaqişəyə təhrik etməyə çalışan dövlətlər üçün hayların bundan sonrakı aqibəti sonuncu sırada dayanır. Fəqət, onu da deməliyik ki,  bundan sonra Azərbaycan və erməni xalqları müharibə istəmirlər. Doğrudur,  Ermənistanda separatçı revanşist qüvvələr var. Fəqət son iki ay ərzində izlədiyimiz “keşiş Qalstanyanın istefa yürüşü” göstərdi ki, erməni xalqı bu qüvvələrə inanmır və onları dəstəkləmir. Əgər belə olmasaydı, Paşinyan çoxdan kürsüsündən devrilmişdi. Onun özü də yaxşı bilir ki, erməni cəmiyyəti Azərbaycanla sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiyi üçün, o, iqtidarını qoruyub saxlayır. 

Digər tərəfdən görünən mənzərə isə İrəvanın Cənubi Qafqaz coğrafiyasında gedən qlobal oyunlarda özünə müstəsna dividend qazanmaq istəyidir. Bundan ötrü Paşinyan regionu yenidən qan çanağına döndərməkdən çəkinməyə bilər. Belə cəhdlər mövcud reallığı dəyişmək kimi boş və səmərəsizdir. Avantürist ideyalardan, xam xəyallardan doğan belə cəhdləri edənlər Ermənistan dövlətçiliyinin tamamilə itirilməsi perspektivini gözləri önünə almalıdırlar.

İmran BƏDİRXANLI
XQ

 





Siyasət