Xortdanın İrəvandan “cəhənnəm məktubları”

post-img

Döyüş meydanındakı sarsıdıcı məğlubiyyət və keşişin hoqqaları Hayastanı, həqiqətən, cəhənnəmə çevirib 

Həmin “cəhənnəm”in  insanlara göstərdiyi  fiziki, mənəvi, psixoloji təsir o dərəcədədir ki, indi artıq bu qədim Azərbaycan şəhərindən Bakıya göndərilən məktublarda nəinki siyasi-diplomatik anlayış, hətta, adi məişət dilində olan məzmun-mündəricə də gözə çarpmır. 

44 günlük İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakı Ermənistan rəhbərliyinə dəfələrlə, yazılı şəkildə müraciət etmişdi ki, regionda sülhə nail olmaq üçün dərhal danışıqlara başlayaq. İrəvandan aylarla cavab gəlmirdi. Sonra beynəlxalq aləmdə təkləndiyini görən Ermənistan rəhbərliyi danışıqlara razı olduğunu bildirsə də, göndərdiyi məktubların və təkliflərin heç biri anlaşılan deyildi. Bu mövqenin bilərəkdən və ya çaşqınlıqdan ortaya çıxmasının özü də anlaşılmırdı. 

Son zamanlar isə İrəvandan daha tez-tez məktublar alırıq. İşğalçı ölkənin baş naziri həmin məktublardan birində  deyir ki,  Bakıya sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm yaratmağı təklif etməyə hazıram.

Absurdluğun dərəcəsinə baxın. Əvvəla, atəşkəs Ermənistan tərəfindən pozulur, atəşə məruz qalan Azərbaycan Ordusunun müvafiq qurumlarıdır, atəşkəsin pozulduğunu rəsmi İrəvanın çağırışı ilə bu ölkəyə gəlmiş “Avropa missionerləri” də görürlər, kosmosda rabitə peyki olan bütün ölkələr də. Belə bir vəziyyətdə Azərbaycan hansı mexanizmin yaradılmasına razılaşar? Təbii ki, razılaşmarıq. Çünki biz konkret əməlin tərəfdarıyıq və qarşı tərəfdən də bunu tələb edirik. 

İkinci, bu məktub onu  göstərir ki, Nikol Paşinyan öz ölkəsinin ordusunda möhkəmlənmiş quldur, terrorçu və təxribatçıların öhdəsindən gəlmək üçün Azərbaycandan kömək istəyir. Biz o köməyi təqdim etməyəcəyik. Nəyimizə lazımdır, “ara”? 

Odur ki, biz istənilən insidentə atəş açılan postu dağıtmaqla və terrorçunu neytrallaşdırmaqla cavab verəcəyik və veririk. Bizim tələbimiz ondan ibarətdir ki,  Paşinyan Azərbaycan əsgərinə qarşı  açılan atəşi müəyyənləşdirmək üçün “ortaq komissiya” yaratmaq əvəzinə,  müdafiə nazirindən həmin istiqamətdə nələrin baş verdiyi barədə  hesabat tələb etməlidir. Yoxsa atəşin açıldığı post zərbə ilə dağıdılacaq. Hər halda, İrəvanın bu məzmunlu, daha doğrusu, məzmunsuz məktubları çox olduğu kimi, bizim onlara tövsiyələrimiz də az deyil. Fikrimizcə, qulaq assalar, uduzmazlar. 

... İrəvandan gələn məktubları nəzərdən keçirərkən böyük ədibimiz Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” əsəri yadıma düşür. Orta məktəbdəki ədəbiyyat müəllimimiz, rəhmətlik Adilə xanım deyirdi ki, Əbdürrəhim bəy  “Xortdanın cəhənnəm məktubları” povestində həyatda görüb müşahidə etdiyi mənfi tipləri “cəhənnəm” adlanan məkanda cəmləşdirərək ideya və mövzu baxımından zəngin bir əsər yaratmışdır. 

Diqqət yetirin, biz də həyatda gördüyümüz erməni vəhşiliklərinin, Xocalı soyqırımının, otuz il müddətində ərazilərimizin 20 faizinin bütün var-dövlətinin talanmasının, altmış beş məscidimizin və yüzlərlə maddi-mədəni, tarixi abidəmizin məhv edilməsinin baiskarlarının, daha doğrusu, müharibə cinayətkarlarının cəhənnəm əzabı gördüyünün şahidiyik. 

Yaxud,  bəzi məlumatlarda oxuyuruq ki, “Xortdanın cəhənnəm məktubları”ndakı tənqidi mətləblərdən biri də çarizmin müstəmləkəçilik siyasətinin kəskin ifşasıdır. Əsər boyu müxtəlif ictimai-siyasi məsələlərlə əlaqədar olaraq ədib cəmiyyətdəki ədalətsizliyin, rəzalətin əsas dayağı kimi çarizmin fitnəkar siyasətini, habelə onun yerli  nümayəndələrini kəskin ifşa edir. Həmin məntiqi Ermənistana tətbiq edəndə isə qulağımıza Rusiya televiziyalarından birində çıxış edən Dövlət Duması üzvünün səsi gəlir: “Ermənistanda unutmasınlar ki, Moskva onları əsrlər boyu müdafiə edib, dəstəkləyib və Qafqazda dövlət qurmalarına şərait yaradıb”. 

Başqa yerdə oxuyuruq: “Haqverdiyev “Xortdanın cəhənnəm məktubları”nda bu dünyada yaşayan mənfi tiplərlə o biri dünyada yaşayan mənfi tiplər arasında o qədər də böyük fərq görmür. Sadəcə olaraq, o biri dünya, yəni cəhənnəm real dünyadakı mənfi tip insanların sonuncu aqibət məkanıdır”. 

Fikrimizcə, yüz illər boyu Azərbaycan torpaqlarında ( oxu – bu dünyada) yaşayan ermənilərlə o biri dünyada – yeni qurmaq istədikləri ərazidə yaşayan ermənilərin də elə bir ciddi fərqi yoxdur. Sadəcə, indi sərgilədikləri mövqe onlar üçün sonuncu məkan effektini yarada bilər. 

Əsərdə Xortdan Tiflisdən Şuşaya gəlincə yetimlərin malını yeyir, müxtəlif dələduzluq və rəzalətlər törədir. Bu cümləni oxuyanda Mərdəkandakı “Günəşli” sanatoriyasını yanında, tamamilə şəraitsiz bir yerdə yaşayan şuşalı qadının  vəziyyəti də yadıma düşdü, Nikol Paşinyanın şərab içib Cıdır düzündə yatması, ertəsi günü orada “yallı” oynaması da. Allah Əbdürrəhim bəyə rəhmət eləsin. 

...Və nəhayət, ədib povestin baş qəhrəmanı olan Xortdanı  mənfi obraz kimi də təqdim etmir, müsbət qəhrəman kimi də. Ah, necə də Paşinyanın boyuna biçilmiş obrazdır? Əsərdə  Xortdan – qorxunc görünüşlü mifik vücuddur. Burada isə vəziyyət bir az fərqlidir. Çünki Nikol Paşinyan erməni ideoloqlarının yüz illər boyu yaratdıqları miflərdən qaçmağa, yaxasını qurtarmağa çalışır. Görünür, Azərbaycan Ordusu, siyasət və diplomatiyamız ona başa salıb ki, daha miflərlə yaşamaq vaxtı deyil. Yeni reallıqları qəbul etmək, müharibə səhifəsini çevirmək, xalqlara rifah və firavanlıq gətirmək lazımdır. 

Bunun isə bircə yolu var: Ermənilik xəstəliyindən qurtulmaq və Bakıya xortdancasına deyil, insan kimi məktublar yazmaq. 

İttifaq MİRZƏBƏYLİ,  
Əməkdar jurnalist

 

Siyasət