yaxud ədəbi məkanın estetik cazibəsi
“Ən çətin, çıxılmaz məqamlarımda – gücümü, həyat enerjimi itirib, ruhdan düşüb geriyə çəkilmək istədiyim an içimdə anlaşılmaz, qəfil təkanlarla hərəkətə gələn möhtəşəm nəyinsə şahə qalxmasından, yolumu kəsənləri otu biçəntək amansız sərtliklə biçib aradan qaldırmasından, bundan da bir nəticə hasil olmayanda mənim özümü sivri qılıncından keçirib əvəzimə yaşamağa davam etməsindən heyrətə gəlirəm...” Bu qənaət mənəvi dünyası ruhunda fərdiləşən, özü bir aləm, yaradıcılığı başqa aləm olan yazıçı-dramaturqun “ədəbi planet”indən qopan kiçik bir “meteoritdir”. Həmsöhbətimiz Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Tərcümə Mərkəzi İdarə Heyətinin sədri Afaq Məsuddur.
– Afaq xanım, sizinlə söhbətə hansı mövzudan başlayaq? Xalq yazıçısı, dramaturq, Əməkdar incəsənət xadimi, “Azadlıq”, “Yazı” romanlarının, “Qatarın altına atılan qadın” pyesinin müəllifindən, yoxsa Azərbaycan Dövlət Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsuddan?
– Sizin daxili ehtiyacınız, marağınız hansı tərəfdəndirsə, oradan başlamaq olar. Amma mən on ildir ki, yaradıcı sahədən bir qədər uzaqlaşmışam. Çünki tərcümə, dil, lüğət, ədəbiyyatımızın xarici ölkələrdə təbliği sahələrində o qədər boşluqlar var idi ki, mərkəzin kollektivi ilə gərgin iş yükünün altına girməli olduq. Açığı, buna görə yaradıcılığa vaxt qalmırdı. Artıq işləri köklü şəkildə relsə sala bilmişik, yük azalıb. Yavaş-yavaş, həm də paralel olaraq, yaradıcı işlərə başlamaq üzrəyəm...
– Müsahibələrinizin birində bu iki fəaliyyətinizin bir-birinə mane olmadığını demisiniz. Bu ağır yükə ailə qayğılarını da əlavə edəndə çıxış yolunu necə tapırsınız?
– Şəkinin yüksəkliyində, Alban kilsəsinin də olduğu Kiş kəndində balaca bir evimiz var. Dar məqamda ora qaçıb getməyə imkan olmasa da, Kişi düşünəndə sıxıntıdan azad oluram. İnsan məkanı dəyişmədən də sıxıntıdan qurtula bilir. Artıq buna adət eləmişəm, ən çətin məqamlarda Kişi düşünürəm. Mənim üçün o kənd ayrı bir zaman, sevgi ərazisi, fərqli məkandır. Elə bil, başqa zamana düşürsən. Bu həqiqətən baş verir, xəyal deyil. Dünyada yüksəklik çoxdur, elə Azərbaycanda da, əksəriyyətində də olmuşam. Kiş mental ərazi baxımından yüksəkdir. Ora elə bir ucalıqdır ki, özünü Allahın dərgahına yaxın duyursan. Kişdə göy gurultusu da başqadır. Elə bilirəm onu eşitməyən, görməyən adam, ümumiyyətlə, göy gurultusundan xəbərsizdir...
– Başqa zamana düşdüyünüz sevimli məkana xəyalən gedə bilirsinizsə, Azərbaycan sizin timsalınızda bir yazıçını itirmirmi?
– İndiyə qədər yazdıqlarımla yəqin Azərbaycan məni tapıb. Kifayət qədər yazmışam, amma geniş kütlə yaradıcılığımın əksər hissəsini hələ oxumayıb. Pyeslər, romanlar, esselər, hekayələrlə böyük bir yaradıcı ömür yaşamışam. Yarımçıq qalan iki pyesim, bir romanım, böyük bir hekayəm var. İndi yavaş-yavaş yaradıcı tərəfə keçməliyəm. Əslində, lüğətçilik, tərcümə də yaradıcı işdir, amma əsər yazmaq müəllifdən tamam ayrı enerji tələb edir. Elə bil, 220 voltluq işıq yanırsa, müəllif kimi gərək 2020 volta keçəsən. Bunun üçün gərək hər şeydən tam azad olasan.
– “Azərbaycan dilinin orfoqrafiya lüğəti” ciddi müzakirələrə səbəb olub. Üzərində 10 il işlədiyiniz bu lüğət ideyası necə yarandı?
– Tərcümə Mərkəzində işə başlayanda rəsmi qurumlardan gələn məktubların hamısında eyni orfoqrafik səhvlərin şahidi olduq. Qızım o qurumlardan birində çalışır. Ondan soruşdum ki, bu necə olur? Dedi ki, bizim hamımızın masası üzərində sarı cildli “Orfoqrafiya lüğəti” var, oradan götürürük. Mən də tapşırdım bizim Elmi ədəbiyyat və lüğət şöbəsinə ki, o lüğəti yoxlayaq və səhvləri aradan qaldıraq. Çox gözəl mütəxəssis Bəhlul Abbasov bir həftə keçəndən sonra dedi ki, orfoqrafik səhvlər bu lüğətdə adi haldır. Başladım onu oxumağa. Orfoqrafiya lüğəti dilin qanunudur, rəsmi təsdiq olunmuş konstitusiyasıdır. 60 min söz çıxardıq, ərəb-fars, rus, ingilis dillərindən gəlmə qeyri-işlək sözlərin hamısını sildik. Dəhşətli söz quramaları vardı. Məsələn, “növəmələgətirmədənqalma”. Bir sözdə birləşdirilmiş bütöv bir cümlədir, heç bir məna da kəsb etmir. Belə qurama sözlər yüz il bu lüğətdə olub. Yüzlərlə səslər var lüğətdə, heç nə anlaşılmır. Təsnifatı niyə etdik, çünki anladım ki, bu sözləri kütləvi şəkildə lüğətdən çıxarmaq mümkün olmayacaq. Mən də böldüm - yazılışı qüsurlu, mənası yanlış, söz quraması, qeyri-işlək ərəb-fars tərkibli və xarici dillərdən gəlmə sözlər. Dünyadakı yanlış sözlərin hamısı bizim lüğətdədir. Kimin ağlına nə gəlib əlavə ediblər ora. İndi heç kim boynuna götürmür.
Əslində, bu, cinayətdir. Dil bayraq kimi milli atributdur. Onu bu vəziyyətə salmaq nə deməkdir? Oradan çıxardığımız sözlərin əvəzinə, öz dilimizdə işlənən, amma lüğətə düşməyən 40 min qədim Azərbaycan sözü əlavə etdik. Məsələn “şlaqbaum”u “yolbənd”lə, “malyariya”nı “sarıqızdırma” ilə əvəzlədik.
– Siz belə lüğət tərtib etmisiniz, sabah başqa bir qurum fərqlisini yaradar. Hansı əsas götürülməlidir?
– İstənilən qurum lüğət tərtib edə bilər. Nazirlər Kabineti qaydaları təsdiq edir, sən o qaydalara uyğun lüğət tərtib edə bilərsən. Biz bu lüğəti təmizləyib, ortaya mükəmməl iş qoyuruq, lakin səhvlərlə dolu lüğəti təkrar nəşr edirlər. İnsanlar da qalır çaşqınlıq içində. Bu iş dövlət səviyyəsində həll olunmalıdır. Biri var tərcümə lüğəti, izahlı lüğət, biri də var, dilin konstitusiyası olan “Orfoqrafiya lüğəti”. Bu, qanun kitabıdır. 2020-ci ildə biz lüğəti nəşr edəndən sonra Dilçilik İnstitutunda neçə min söz çıxardılar ordan. Bütün yaradıcılığımı tərəzinin bir gözünə, lüğəti digər gözünə qoysam, bəlkə də, ikinci ağır gələr. Türk dünyasının ortaq ünsiyyəti üçün Türkiyə də bizim lüğəti çap etdi. Ankara Hacıtəpə Universitetində böyük təqdimatı keçirildi.
Ədəbi dilimizin günün tələblərinə cavab verən, daha mükəmməl orfoqrafiya lügətinin yaradılması ilə bağlı Dilçilik İnstitutu ilə mövqe və fikir ayrılığımız davam edir. Düzdür, müəyyən qeydlərimiz nəzərə alınıb. Amma düşünürəm ki, orfoqrafiya lüğətinin missiyası dilin mənzərəsini verməkdən savayı, sözlərin düzgün yazılış qaydasını da göstərməkdir.
Bizim nizamnamənin birinci cümləsi belədir: “Dövlət dilinin saflığının qorunması, o sahənin təkmilləşdirilməsi, zənginləşdirilməsi və tərcümə”. Dövlət Dil Komissiyası var, rəhbəri də Prezident İlham Əliyevdir, dilə də münasibəti çox ciddidir. Bizim mərkəzin yaradılması onun şəxsi təşəbbüsüdür. Ana dilinin problemlərinin həlli istiqamətində çox işlər var. Hələ bütün sahələrdə düzəldə bilməmişik, amma fundamental işlər görmüşük.
Azərbaycanın ədəbi nümunələrini müxtəlif dillərə tərcümə edilib dünyaya çıxarılması asan iş deyil. Dünyanın 120-dək nüfuzlu ədəbiyyat portalı daim Azərbaycan ədəbiyyatını işıqlandırır. Nizami, Nəsimi, Füzuli, həmçinin müasir Azərbaycan ədəbiyyatı o portallarda çap olunur. İşi yüksək səviyyədə qurmuşuq. Xaricdə də kitablar çap etdiririk, amma virtual aləm daha önəmlidir.
– Qayıdaq yaradıcılığınıza. İlk hekayəniz “Ulduz” jurnalında çap olunub. 70-80-ci illərin, ədəbiyyatda özünüzü təsdiqlədiyiniz müstəqillik dövrünün hadisələri yaradıcılığınızda öz əksini necə tapıb?
– İlk hekayələrim özümdən, mühitdən, qadın, onun duyğuları, ailə mövzularından bəhs edir. Sonra bir qədər genişlənib, amma yaradıcılığımda böyük dönüş 90-cı il hadisələrindən sonra oldu. Azadlıq, müstəqillik dönəmi, ölkədə aləm qarışdı, mən o mənzərəni gördüm. 20 Yanvar faciəsi və onun ətrafında yaşadıqlarımızdan sonra yaradıcılığımda kəskin bir dəyişiklik getdi. Ardınca pyeslər yazdıq. Ona görə yazdıq deyirəm ki, məni Vaqif İbrahimoğlu buna təhrik etdi, yanımda oldu. “Can üstə” hekayəm Vaqifin köməkliyi ilə pyes oldu.
Deyirdim ki, Vaqif, mən nasirəm, amma, o, həm izah, həm də isbat edirdi ki, həm də dramaturqsan. Məni məcbur etdi ki, pyes yazım. Dedi bu hekayənin qatları var, orada sirlər, müəmmalar yatır, sən bunu tələsik yazmısan, yenidən pyes kimi işləməlisən, altqatını açmalısan. Gözəl pyes və baxımlı tamaşa alındı.
– Yazı prosesində hadisələrin axarına düşüb yaşayırsınız. Sonra o mühitdən qopub real həyata qayıtmaq çətin olmur ki?
– İctimai qurumda çalışanda bəzən iş vaxtı əsərlərim üzərində işləyirdim. Otağa girən kimsə mənə deyirdi ki, ətrafınızda qəribə bir işıq əmələ gəlib. Bunu bir neçə dəfə eşitmişəm. Özüm də hiss etmişəm ki, hansı əsərim olursa-olsun, tutaq ki, “Can üstə”, mən orda zaman axarından çıxıram. Nə qədər çox yazsam, o qədər zamansızlaşıram.
– “Mən hər gün, hər saat, hər dəqiqə özüm-özümdən, həyatdan yox, məhz özümdən o qədər informasiya alıram ki, ötüb keçənlərə burada yer qalmır. Duyğu sıçrayışlarım məni elə ərazilərə, elə məkanlara salır ki, bəzən onlardan qopub geri qayıda bilmirəm. Qayıdanda isə tamam ayrı adam olduğumu anlayıram” Bu düşüncələr sizi indi haraya gətirib çıxarıb?
– Bu, beyində gedən proses deyil axı. Süni şəkildə etmirsən. Bəzi yazıçılar deyir ki, sən yazıçısan, hökmən hər gün bir səhifə də olsa yazmalısan. Məndə belə deyil. Heç vaxt beynimdə, şüurumda proqramlaşdırmıram. İstəyirəm yazıram, istəmirəm yazmıram. Daxili tələbatdan irəli gəlir. Deyirsiniz ki, oxucu ayrı zamana və ovqata düşür, çünki mən o ovqata, başqa zamana düşdüyüm vaxt yazıram. Qarşıma məqsəd qoymuram. Birdən elə hala düşürəm ki, çəkilib yazmalıyam. Bəziləri buna ilham deyir, amma o deyil. Son vaxtlar iş prosesində hiss etdim ki, mən istədiyim vaxt bu zamandan fərqli zamanlara keçə bilirəm. Elə bilin, bu kreslodan durub, digərində otururam, yəni, yazmaq artıq həyat tərzimə çevrilib. Həmin əraziyə keçirəm, yazıram, istəyəndə oradan çıxıram. İllər əvvəl ora düşməyim müşkül idi, amma indi istədiyim vaxt o haləyə girib-çıxıram.
– Xalq yazıçısı Əli Vəliyevin nəvəsinə, görkəmli ədəbiyyatşünas Məsud Əlioğlunun qızına babadan və atadan ötürülənlər ziddiyyət təşkil etmir ki?
– İlk növbədə, onlardan Azərbaycan dilinin kultunu qəbul etmişəm. Yəni ana dili bizim ailədə həmişə müqəddəs olub. Dildən sonra ədəbiyyat gəlirdi. Gənc yaşlarımda babama köhnəlmiş sovet yazıçısı kimi baxırdım. Sonradan onun əsərlərini yenidən oxuyub anladım ki, çox böyük yazıçıdır. Təkcə “Budağın xatirələri” mənə onu yenidən açdı. Ciddi ədəbiyyat nümunəsidir. Bəşəri ədəbi müstəviyə çıxarılsa çox gözəl qəbul edilər. Hələ çatdırıb əsərlərini tərcümə etməmişəm. Azərbaycan dili nümunəsi kimi böyük ədəbiyyatdır. Əlbəttə ki, mən istəsəm də, istəməsəm də onun əsərlərinin mənim yaradıcılığıma müəyyən təsiri olub. Hərçənd, biz fərqli yazıçılarıq. Babam sovet ədəbiyyatının nümayəndəsi, atam tənqidçi olub. Ondan intuitiv, duyğulu ab-hava götürmüşəm. Elə bilirəm, həmin zaman-məkan anlayışı atamdan keçib mənə. O, da fərqli zamanlara düşə bilib. Onda duyğusal partlayışlar olurdu. Bənzərsiz insan idi. Daim sovet quruluşunun əleyhinə danışır, rus dilini qamçılayırdı. Ona görə də hədsiz təzyiqlərlə qarşılaşırdı. Atamın və Xəlil Rzanın çapı qadağan edilmişdi. Onların hamısını görmüşəm və atamdan əyilməzliyi, düşündüyünü deyə bilməyini mənimsəmişəm. Bilirdi ki, bunu desə altını yalnız özü deyil, ailəsi də çəkəcək, amma deməyə bilmirdi...
– “Zahirən hamı kimi yaşayıram... Amma bütün bu yeknəsəqliyin alt qatında sonsuz arakəsmələr var ki, onların qapıları daim aralı vəziyyətdədir”. Güman ki, arakəsmələrdə olmaq da genetik koddan gəlir.
– O arakəsmələr sonsuzdur. Əsas odur ki, ora düşəsən. Gedib qayıdırsan, bəzən sənə elə gəlir ki, elə bir arakəsməyə düşə bilərsən ki, gedərsən və qayıtmazsan.
– Deməli, ora hamının gedə bilmədiyi, amma gedənlərin qayıtmamaq ehtimalının da olduğu bir yerdir. Elə bir əsəriniz varmı ki, onu ədəbi bioqrafiyanızdan silmək istəmisiniz?
– İndi düşdüyüm məkandan, zamandan kənarda olduğum vaxtlarda yazdığım bir-iki əsər var. O vaxtlar elə bilirdim ki, odur, amma o deyilmiş. Tələbəlikdən sonrakı illərdə yazmışam onları, kitaba salmamışam. Eləsi də var, işıq üzü görməyib, amma yeni kitablarımda çap etdirmişəm.
– Yəni əslində, dəyişən siz deyilsiniz, zamandır?
– Bilmirəm, dəyişən zamandır, yoxsa məkan? Onu necə adlandırmaq olar – zamanmı, yoxsa başqa bir şey? Hər halda, indi istədiyim an gedib oranın sakini oluram. Bunun üçün mənə ilham pərisi lazım deyil. Bu, ilahi sevgidir.
Söhbətləşdi:
Ramilə QURBANLI
XQ