Putin: Azərbaycanla münasibətlər uğurla, etibarlı və çox praqmatik şəkildə inkişaf edir

post-img

İyunun 5-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ənənəvi Sankt-Pe­terburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agent­liklərinin rəhbərləri ilə görüşüb və onların suallarını cavablandırıb.TASS-ın təşkil etdiyi görüşdə 15-dən çox ölkənin informasiya agentliklərinin rəhbərləri, o cümlədən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev iştirak edib. Prezident Vladimir Putin AZƏRTAC-ın İdarə Heyəti sədrinin sualını da cavablandırıb.

Vüqar Əliyev: Salam, Vladimir Vladi­miroviç. Bu gün bizə vaxt ayırdığınız üçün sağ olun. Bu gün Azərbaycan ilə Rusiya arasında əlaqələr dinamik şəkildə inkişaf edir. Bu yaxınlarda Prezident İlham Əliye­vin Moskvaya səfəri nəinki ölkələrimiz üçün əlamətdar olan Baykal-Amur Magistralı­nın 50 illik yubileyini qeyd etmək, həm də ikitərəfli münasibətlərimizi müzakirə etmək imkanı yaratdı. Siz ikitərəfli əməkdaşlığımı­zın perspektivlərini, xüsusilə, Şimal-Cənub Nəqliyyat Dəhlizi baxımından necə qiymət­ləndirirsiniz?

Prezident Vladimir Putin: Münasi­bətlərimiz uğurla, etibarlı və çox praqmatik şəkildə inkişaf edir. Biz Azərbaycan rəhbər­liyinin dövlətlərarası əlaqələrimizin məhz qarşılıqlı maraq və mən deyərdim ki, bir-bi­rinə müəyyən səviyyədə rəğbət əsasında qurulmasının tərəfdarı olduğunu hiss edirik. Azərbaycanda rus dilində fəaliyyət göstərən və uşaqlara təhsil verən 300 məktəbin möv­cudluğunu başqa cür izah etmək mümkün deyil. Mən bilirəm ki, Prezident Əliyev res­publikada rus dilinin öyrənilməsini hərtərəfli dəstəkləyir. Bu, bütün vektorlar üzrə müşa­hidə edilir. Bu, nədən xəbər verir? Bu, on­dan xəbər verir ki, Azərbaycan rəhbərliyi Azərbaycan vətəndaşlarına rus dilinin lazım olacağını bilir. Nə üçün? İkitərəfli əlaqələrin inkişafı üçün və bu əlaqələr hazırda inkişaf edir. İndi bizdə ticarət dövriyyəsinin ümumi həcmi, əgər dollarla ifadə etsək, 4,5-4,6 mil­yard dollar təşkil edir. Temp yaxşıdır. İnkişaf tempi çox yaxşıdır. Münasibətlərimizi get­dikcə daha çox şaxələndiririk.

Əminəm ki, hər iki tərəfdən belə əh­val-ruhiyyə saxlanılsa, - Rusiyada biz bu əhval-ruhiyyədəyik, - nəticələr də yaxşı olacaq. Bu baxımdan, logistikanın inkişafı baxımından çox iş görmək lazımdır, Siz ta­mamilə haqlısınız. Bu, yalnız Şimal-Cənuba yox, digər vektorlara - Rusiya və Azərbay­can sərhədində, Dağıstan hissəsində logisti­ka mərkəzlərinin tikintisinə də aiddir. Orada artıq iş gedir. Bu, digər istiqamətlərə də aid­dir. Rusiyada Azərbaycandan, o cümlədən Rusiya büdcəsi hesabına təhsil alan tələbələr çoxdur. Biz görürük ki, gənclərin Rusiyada təhsil almağa marağı da kifayət qədər bö­yükdür.

Şimal-Cənub dəhlizinə gəldikdə, o çox yaxşı, böyük tələbat duyulan beynəlxalq dəhlizə çevrilə bilər. Buradan yüklər sizin və mənim olduğumuz yerdən - Sankt-Peterburq limanından Avropa hissəsi ilə Azərbaycana, sonra isə İrana və Fars körfəzinin sahilinə göndəriləcək. Məncə, bu, Süveyş kanalın­dan təxminən on gün daha tezdir. Pis heç nə demək istəmirik, Süveyş kanalı, əksinə, dünya ticarəti üçün çox gərəklidir. Ancaq bu dəhliz, malların Şimala və Cənuba, əks istiqamətə çatdırılması üçün əlavə və çox səmərəli yol olacaq. Məncə, 10 gün daha tez başa gələcək. Bu, çox qənaətli, səmərəli və sərfəli marşrut olacaq. Ancaq burada hələ çox iş görmək lazımdır. Biz hər iki tərəfdən iş aparırıq. Mən bilirəm ki, Prezident Əli­yev bu layihəni dəstəkləyir. Biz bu məsələni onunla dəfələrlə müzakirə etmişik. İran rəh­bərliyi də bu layihəni dəstəkləyir. Bu dəhliz çox sərfəli olacağına görə həmin layihəyə xarici investorlar, regional olmayan, lakin yaxın olan ölkələr, o cümlədən suveren ərəb fondları da maraq göstərir. Aydındır, çünki suveren fondlar həmişə etibarlı investisiya sahələri axtarır. Bu layihə etibarlı investisi­yalardan biridir, çünki onun gəlirliliyinə tə­minat və zəmanət var.

Burada əlavə, araşdırma tələb edən məsələlər var. Bu dəhliz hansı ərazilər, o cümlədən Azərbaycanın hansı əraziləri üzrə olacaq və onu necə maliyyələşdirəcəyik? Bu, kredit şəklində olacaq, yoxsa Rusiya tərəfin­dən birbaşa maliyyələşdiriləcək? Bu dəhliz Azərbaycan ərazisindən Qərbə gedən yollar­la necə birləşəcək? Sonra iranlı tərəfdaşları­mızla, dostlarımızla İran ərazisindən keçən bu yolun şaxələndirilmiş hissələrini necə inşa edəcəyimizi, bu şaxələrin dar və ya ge­niş olacağını müzakirə edərək yekunlaşdır­malıyıq. Ancaq ən başlıcası odur ki, hamı bu layihənin həyata keçirilməsinin tərəfdarıdır. Biz faktiki olaraq bu işə rəhbərlik məsələsini həll etmişik. Bizdə VTB bununla fəal şəkildə məşğul olur. Mən bu layihəni həyata keçirə­cəyimizə qətiyyən şübhə etmirəm. Məsələ, əlbəttə ki, müddət və xərclərlə bağlıdır, la­kin ümumən bu məsələlər, demək olar ki, işlənərək hazırlanıb. Beləliklə, bu, çox yaxşı bir layihədir, lakin birgə həyata keçirdiyimiz yeganə layihə deyil.

Bundan başqa, Azərbaycan Xəzəryanı dövlətdir, Xəzəryanı dövlətlərin beşliyinə daxildir və burada da, o cümlədən Xəzər də­nizinin ekologiyası ilə bağlı məsələlərdə də bizim bir çox ümumi maraqlarımız var.

Siyasət