İlk Azərbaycan brendi olan və İstanbul şəhərində “TEXNOFEST” festivalı çərçivəsində “ISIF’23: 8-ci İstanbul Beynəlxalq İxtiralar Sərgisi”ndə gümüş medal qazanan "Turanga" çoxfunksional idman trenajorunun yaradıcısı, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Ramin Babayev trenajorla bağlı ən çox verilən sualları “Xalq qəzeti”nə müsahibəsində ətraflı cavablandırdı.
– Ramin müəllim, nə üçün "Turanga" çoxfunksional idman trenajoru?
– Çünki, ilk növbədə, adından da göründüyü kimi, çoxfunksionaldır. Bu avadanlıq sağlam və fit bədən üçün 5 ən vacib idman hərəkətini özündə birləşdirir (turnikdə dartınma, oturub-qalxma, təkan hərəkətləri, paralel qollarda enib-qalxma kimi hərəkətlər). İkinci növbədə, “Turanga” çox kompaktdır, səssizdir və gözəl görünüşə malik olduğu üçün istənilən yerdə, yəni evlərdə, ofislərdə, mehmanxana otaqlarında və digər analoji şəraitdə yerləşdirmək mümkündür. Üçüncüsü, büdcəyə uyğun olduğu üçün hər kəsə əlçatandır. Daha bir özəlliyi onun unikal mexanizmindədir. Belə ki, onun mexanizmi sayəsində qurğunun istifadəçiyə verdiyi təkan hesabına normal vəziyyətdə çətinliklə icra olunan idman hərəkətlərini səlist və rahat şəkildə yerinə yetirmək mümkündür.
– "Turanga" çoxfunksional idman trenajorunun digərlərindən fərqi nədir?
– Ənənəvi trenajorlardan fərqli olaraq bu trenajorda çəki daşlarına ehtiyac yoxdur, çəkisi 3-4 dəfə onlardan yüngüldür, innovativ və yığcamdır, yığılıb-açıla bilir, daşınması isə çox asandır.
– Trenajorla kimlər məşğul ola bilər?
– Trenajordan peşəkar idmançılarla yanaşı, idmana yeni başlayan, artıq çəkidən əziyyət çəkən, passiv və ya oturaq həyat tərzi yaşayan, fiziki aktivliyi qorumaq istəyən, eləcə də reabilitasiya keçən xanımlar və bəylər istifadə edə bilər. Belə ki, trenajorun tənzimləyicisi hesabına idman hərəkətlərinin çətinlik dərəcəsini artırmaq və ya azaltmaq mümkündür. Trenajor 125 kq-a qədər çəkiyə davamlıdır.
– Trenajorla artıq çəkiləri atmaq mümkündürmü?
– Əlbəttə mümkündür. Təcrübəmizdə 18 ay ərzində ev şəraitində trenajorla məşq nəticəsində 140 kg-dan 73 kg-a qədər arıqlama əldə etmişik. Nəinki arıqlamaq, həmçinin fit bədən qurluşuna sahib olursunuz. Belə ki, trenajorda əzələlərin çoxsaylı hərəkəti sayəsində piy qatı əriyir, əzələ qatı inkişaf edir, çəki itkisi, sağlam və ideal bədən quruluşu əldə olunur.
– Ramin müəllim, bugünədək trenajorla bağlı hansı işlər görülmüşdür və növbəti addımlar nədir?
– Trenajorun patentləşdirilməsi üçün Əqli Mülkiyyət Agentliyinə müraciət olunmuş və müvafiq patent əldə edilmişdir. Bundan əlavə, ötən il Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki Texnologiyaların Kommersiyalaşdırıması və Transferi Mərkəzi trenajorun İstanbul şəhərində “TEXNOFEST” festivalı çərçivəsində “ISIF’23: 8-ci İstanbul Beynəlxalq İxtiralar Sərgisi”ndə nümayişini təmin etmiş və trenajor sərgi çərçivəsində keçirilən yarışmada gümüş medal qazanmışdır.
Texnologiyaların Kommersiyalaşdırıması və Transferi Mərkəzinin böyük dəstəyi ilə bu trenajorun kommersiyalaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür. İlkin bazar araşdırması, o cümlədən sorğular aparılmış, potensial istehsalçılarla əməkdaşlıq istiqamətində görüşlər keçirilmiş, potensial alıcı qrupları müəyyənləşdirilmişdir. Trenajorun uğurla kommersiyalaşdırılması istiqamətində işlər hazırda da aktiv şəkildə davam etdirilir.
Məqsədimiz Azərbaycan brendi olaraq dünyada tanınmaq, idmanı insanlara daha da yaxın, əlçatan etmək, insanların sağlam qalmalarına, sürətli reabilitasiyasına dəstək olmaq, əqli mülkiyyət üzərindən əlavə gəlirlər yaratmaqdır.
A.AZADOVA
XQ