Azərbaycanın adını dünya elm zirvəsinə yazmış soydaşımız

post-img

Müsahibimiz yeganə Nobel mükafatçısı olan azərbaycanlı Bəxtiyar Siracovdur

Xalqımızı uğurlarından xəbər tutduqca qürurlandıran, lakin oxucularımıza heç də həmişə vaxtında və kifayət qədər tanıtdıra bilmədiyimiz həmvətənlilərimiz sırasında bir azərbaycanlı da var: Hələlik yeganə Nobel mükafatçısı olan Bəxtiyar Siracov. İllər əvvəl haqqında Türkiyədə eşitmişdim, Azərbaycanda isə... 

Mediadan aldığımız xırda-para məlumatlar onun haqqında hər şeyi demirdi. Bir-iki il əvvəl Gürcüstanda yaşayan alim dostumuz Mahmud Kamaloğlunun söylədikləri məşhur həmyerlimizi daha yaxından tanımağa və tanıtmağa  qismən imkan verdi. Egey Universitetinin professoru – 25 ildən çoxdur ki, Türkiyənin bu məşhur elm ocağında çalışan Ürfət Nuriyevin Bəxtiyar Siracovu daha yaxından tanıması isə, nəhayət, əlaqə yaratmağımıza dəstək oldu. Hələ sovetlər dönəmində AMEA-nın Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) onunla birgə çalışan Ürfət müəllimin verdiyi “Bəxtiyar müəllim Bakıdadır” xəbəri görüşümüzün körpüsü oldu. 

Məşhur adamların sadəliyi və səmimiliyi onları bir az da yüksəldir. İllər uzunu Kərim Kərimov, Xudu Məmmədov, Tofiq İsmayılaov, Cəlal Allahverdiyev, Rafiq Əliyev, Əmirulla Məmmədov kimi elm fədailərindən çoxumuza tanış olan bu sadəlik Nobel sülh mükafatçısı olan  azərbaycanlı alim Bəxtiyar Siracovun timsalında da təzahür etdi. Əvvəlcə Bakı Kitab Evində görüşməyi planlasaq da, redaksiyamızın qonağı olmağı da razılıqla qarşıladı.

Adları tarixən Azərbaycanda da çox məşhur olan və Abşeron neftinin hesabına böyük sərvət toplayan Nobel qardaşlarından birinin – Alfred Nobelin vəsiyyətinə əsasən, təsis edilən məşhur Nobel mükafatı Bakının qapısını iki dəfə döyməli olub. 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüş əfsanəvi fizik Lev Landaudan sonra Nobel mükafatı alan ikinci bakılı Bəxtiyar Siracovdur. Bəxtiyar Siracovun adı 2005-ci ildən Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (AEBA) çalışan bir qrup əməkdaşla bərabər Nobel sülh mükafatını alanlar sırasında yer alıb. 

Agentliyin binasının girişində asılmış lövhədə bu mükafata layiq görülmüş bütün əməkdaşların adlarının sıralandığı pannoda Bəxtiyar Siracovun da adı aydın görünür. O, bu mükafatı alan ilk azərbaycan əsilli alimdir. Maraqlıdır ki, Nobel mükafatına layiq görülən hər iki həmvətənimiz Bakı Dövlət Universitetində (keçmiş Azərbaycan Dövlət Universiteti) təhsil almışdır. Bakıda aldıqları ali təhsil onların gələcək elmi axtarışlarının və nailiyyətlərinin təməli olub. 

Norveç Sülh Komitəsinin qərarı ilə 2005-ci ildə Nobel sülh mükafatına layiq görülən və 26 il AEBA-nın məsul əməkdaşı olan Bəxtiyar Siracov 1957-ci il oktyabrın 21-də Bakıda ziyalı ailəsində doğulub. 1974-cü ildə Bakı şəhərindəki 82 saylı orta məktəbi, 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirib.  Əmək bioqrafiyasında  Azərbaycan Milli Elimlər Akademiyasının Kibernetika İnstitutunun, Rusiya Elmlər Akademiyasının, Slovakiyanın Bratislava şəhərindəki Slovakiya Elmlər Akademiyası sıralanıb. Bugünlərdə isə “Xalq qəzeti”nin yaradıcı heyəti ilə görüşdən sonra məxsusi müsahibimiz oldu.

– Elmdə ən yüksək zirvə sayılan “Nobel”i fəth etmiş ilk soydaşımızla redaksiyamızda görüş xüsusi bir məmnunluq yaratdı.  Bəxtiyar müəllim, Nobel yüksəkliyinə necə yetişdiniz? Ümumiyyətlə, bu yol haradan və nədən başlanıb?

– Hər şeydən əvvəl, mənə orta məktəb illərindən oxucusu olduğum sevimli qəzetin yüksək səviyyəli oxucuları ilə media görüşü fürsəti verdiyiniz üçün təşəkkür edirəm. Həmvətənlərimizin göstərdiyi sevgi-sayğıya görə də çox minnətdaram. Əslində, mənim ömür yolumun yüzlərlə dostumun, həmkarımın həyatından ciddi bir fərqi olmayıb. 1979-cu ildə ali məktəbi bitirdikdən sonra elmi fəaliyyətimi davam etdirməyi qəti qərarlaşdırdım. İnformasiya sistemlərinin yaradılması, məlumatların  toplanılması, ötürülməsi, qorunması və işlənilməsi məsələləri fəaliyyətimin önəmli hissəsi oldu. 

İlk iş yerim olan AMEA-nın Kibernetika İnstitutu tutduğum yola bağlılığı daha da möhkəmləndirdi. Görkəmli akademiklər Cəlal Allahverdiyev, Telman Əliyev kimi alimlərimizin rəhbərliyi altında bu sahədə ilk uğurlara nail ola bildim. Həm rəhmətlik Cəlal müəllim, həm də Telman müəllim kimi öz məktəbini yaratmış alimlərimizin bilik və təcrübəsindən bəhrələndim. Keçən əsrin 60-cı illərində yaradılmış, Azərbaycanda informatikanın inkişafında həlledici rol oynayan “Elektron hesablama maşınları” laboratoriyasının əsas təşkilatçısı və uzun illər rəhbəri olan Telman müəllim  1988–2020-ci illərdə AMEA Kibernetika İnstitutunun direktoru oldu. Onun elmi təşkilatçılıqla yanaşı, mütəxəssis hazırlığı sahəsindəki fəaliyyəti ilə də ölkəmizə yüksək ixtisaslı elmi kadrlar qazandırdı. Mən də elmdə ilk addımlarımı bu məktəbdə atmışam.

– Demək, siz də özünüzü Telman müəllimin yetirmələrindən hesab edirsiniz?

– Mən bu sualınıza çox qürur və fəxrlə cavab verərdim ki, bəli, belədir. Həm də əlavə etmək istərdim ki, nəinki Azərbaycanda, indi dünyanın hər yerində və çox məşhur elmi müəssisələrində Telman müəllimin yetişdirdiyi mütəxəssislər çalışır. Bizim görüşümüzə körpü salan Egey Universitetinin professoru, dostum Ürfət Nuriyev də onlardan biridir. Türkiyənin elə bir məşhur universitetini göstərə bilməzsiz ki, orada azərbaycanlı ­riyaziyyatçı çalışmasın. 

Bütün bunlar Telman müəllim kimi alimlərimizin xidmətidir. Bu günlərdə 89 yaşı tamam olan əziz müəllimimə möhkəm cansağlığı arzu edirəm və onun başlatdığı bu böyük yol məni Nobel məkanına aparıb çıxardı. Bu ali mükafat həm də müəllimimin zəhmət və etimadının dəyəridir. 

Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutundan Rusiya Elmlər Akademiyasının Hesablama Mərkəzinə ezam olunmağımda mənə etimad göstərən alimlərimizi xoş duyğularla xatırlayıram. 1982-ci idə Bakıda aspiranturaya daxil oldum, Moskvada isə professor Viktor Mixayloviç Bryabrinin rəhbərliyi altında elmi işlərimi davam etdirdim. Sonra Bratislavada Slovakiya Elmlər Akademiyasının Texniki Kibernetika İnstitutunda çalışdım. 1988-ci ilin sentyabrında yenidən Bakıya qayıtdım və Vyanadan təklif gələnədək Bakıda elmi fəaliyyətimi davam etdirdim. 

– Gənc azərbaycanlı alimin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik kimi nüfuzlu və məsul strateji mərkəzə dəvət edilməsi də, yəqin ki, təsadüfi olmayıb. 

– Vyanadan təklif deyəndə Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) işimi nəzərdə tutmuram və bu sonralar oldu. 1992-ci ildə Avstriyanın paytaxtına I-NET şirkətində işləmək üçün dəvət olundum. Məni Vyanaya o dönəmdə AEBA-da işləyən elmi rəhbərim Viktor Bryabrin dəvət etmişdi. Vyanada 3 il – 1995-ci ilə qədər həmin şirkətdə işlədim. Avstriyanın müxtəlif müəsisə və təşkilatları üçün proqram təminatlarının qurulmasında iştirak etdim. Əslində, AEBA ilə ilk tanışlığım və buradakı layihələrə marağım da elə o vaxtlardan başlayır. 

– AEBA-da işə qəbul olunmağınız necə oldu? 

– Vyana Beynəlxalq Mərkəzinin (VBM) nəzdində yerləşən AEBA-da işləmək məqsədilə bu quruma ərizə ilə müraciət etdim və 1995-ci ildə işə qəbul olundum. 80-ci illərdə SSRİ-də fərdi kompüterlər üçün proqram təminatının hazırlanmasında qazandığım zəngin təcrübə AEBA-ya işə qəbul olunmağımda mühüm rol oynadı. 90-cı illərin əvvəllərində AEBA hələ də böyük elektron hesablama maşınları ilə işləyirdi və fərdi kompüterlərə yenicə keçməyə başlanmışdı. Mənim bu sahədəki təcrübəm, həm inamlı fəaliyyətimə imkan yaratdı, həm də yeni iş yerimə böyük faydası oldu. 

Bir müddət müxtəlif layihələr üzərində işlədikdən, təcrübə topladıqdan sonra AEBA müfəttişləri üçün informasiya sistemlərini işləyib hazırlayan proqram təminatı mütəxəssisləri qrupuna rəhbər təyin olundum. Uzun illər də bu önəmli şöbəyə böyük həvəs və məsuliyyətlə rəhbərlik etdim. 3 ildir ki, təqaüddəyəm. 

– Sizdən başqa, AEBA-da azərbaycanlı var idimi?

– Bu sualınızı həm fəxrlə, həm də təəssüf hissi ilə çavablandırmaq istərdim. Qürurumun səbəbu məlumdur: dünyanın ən nüfuzlu təşkilatlarından birində bir azərbaycanlının olması Azərbaycan elmi üçün önəmli hadisədir. Təəssüfüm isə uzun zaman burada tək olmağımla bağlıdır. Xalqımızın dəyərli oğulları çox olsa da, onları illər boyu bu məşhur təşkilatda görə bilmədim. Amma şükürlər olsun ki, son illərdə bu mənzərə dəyişib və bir neçə həmvətənimiz AEBA-da işləməyə başlayıb. 

Onu da qeyd edim ki, mən bu qurumun təkcə əməkdaşı olmamışam, həm də burada Azərbaycanı təmsil etmişəm. Həmişə Vətənə bağlı olmuşam, ölkəmizlə əlaqələrimi heç vaxt kəsməmişəm. Hər yerdə azərbaycanlı olmağımla qürur duymuşam və bu ölkənin övladı kimi yaşamağımı həyat amalı bilmişəm. Ömrümün böyük bir qismini xaricdə yaşasam da, Azərbaycan vətəndaşıyam və Azərbaycan pasportumu ürəyimin başında qorumuşam. 

– Hər kəsə qismət olmayan məşhur mükafatınız haqqında danışın.

– Nobel sülh mükafatı Norveç Sülh Komitəsinin qərarı ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə – mənim də çalışdığım təşkilata, həm də o zamankı baş direktorumuz, misirli Məhəmməd əl-Baradeiyə nüvə enerjisinin hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınmasında və nüvə enerjisindən dinc məqsədlər üçün ən təhlükəsiz şəkildə istifadə edilməsinin təmin edilməsində göstərilən xidmətlərə görə 2005-ci ildə yarı-yarı nisbətində verilib. Agentliyin binasının içərisində asılmış lövhədə bu mükafata layiq görülmüş bütün əməkdaşların adları yer alır. 

– Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin fəaliyyəti haqında nə deyərdiniz?

– Agentlik ABŞ Prezidenti Duayt Eyzenhauerin 1953-cü il dekabrın 8-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında “Atom sülh naminə” adlı çıxışından sonra 1957-ci il 29 iyul tarixində rəsmi şəkildə yaradılıb. AEBA BMT ailəsində nüvə əməkdaşlığına yönəlmiş qlobal mərkəz kimi fəaliyyət göstərən müstəqil hökumətlərarası, elm və texnologiyanın nailiyyətlərinə əsaslanan təşkilatdır. 2023-cü ilin sentyabr ayına olan məlumata əsasən, 178 dövlət AEBA-nın üzvüdür. 

Nüvə enerjisinin yalnız dinc məqsədlər üçün isifadə edilməsi əsas amal olsa da, bu sahədə aparılan tədqiqatlar atom bombası kimi qorxunc silahın yaradılmasına da təkan verdi. Az zaman kəsiyində  bir sıra dövlətlər bu silaha sahib oldu. Bu kütləvi dağıdıcı silah dünya ictimaiyyətində elə bir qorxu yaratdı ki, nüvə texnologiyalarının yalnız sülhə xidmət etməsini təmin etmək önəmli vəzifə oldu.     

Yaradılan təşkilat isə AEBA idi və bu sülhsevər missiyasını bu gün də uğurla həyata keçirir. Onun başlıca məqsədləri dünyada atom enerjisindən sülh, səhiyyə və inkişaf naminə istifadə edilməsini artırmaq və prosesi tezləşdirmək və onun tələbi, təlimatı və nəzarəti altında göstərilən yardımın hər hansı bir hərbi məqsədlər üçün istifadə olunması kimi halların olmamasını mümkün qədər təmin etməkdir. Beynəlxalq Atom Enerjisi Agentliyi nüvə enerjisindən sülh naminə istifadəsini təşviq etmək və nüvə silahları da daxil olmaqla, onun hər hansı bir hərbi məqsəd üçün istifadəsinə maneə törətmək istəyən beynəlxalq bir təşkilatdır. 

Beynəlxalq Atom Enerjisi Agentliyi öz missiyasını gerçəkləşdirmək üçün üzv dövlətlərin maraqları və ehtiyaclarını, strateji planları və Nizamnaməsində nəzərdə tutulan məsələləri rəhbər tutur. Müstəqil bir təşkilat olan AEBA özünün hər il keçirilən Baş Konfransında həm üzv ölkələrə, həm də BMT Təhlükəsizlik Şurasına hesabat verir.

– Amma yenə də dünyanın başı üzərindən atom kabusu çəkilmək bilmir. İraq müxtəlif bəhanələrlə elə dağıdıldı ki, indi də özünə gələ bilmir. İndi də İran hədəfdədir.

– 1945-ci ildə  Amerikanın Yaponiyaya atom bombası atması ilə dünyada nüvə silahlanması başlandı. Hazırda nüvə silahına sahib olan və ərazisində nüvə silahları yerləşdirilmiş bəlli ölkələr var. Nüvə silahı beynəlxalq sülhə bir təhdid olaraq dünya ictimaiyyətini daim həyəcan içində saxlayır. 

Beynəlxalq Atom Enerjisi Agentliyi nüvə təhlükəsizliyi standartlarını işləyib hazırlayır və bu standartlar əsasında nüvə enerjisinin tətbiqində yüksək səviyyəli təhlükəsizliyin təmin edilməsinə, habelə insan sağlamlığının və ətraf mühitin qorunmasına çalışır. Qurum, eyni zamanda, özünün təftiş sistemi vasitəsilə üzv dövlətlərin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ilə bağlı  öhdəliklərə nəzarət edir, nüvə avadanlıqlarının yalnız dinc məqsədlər üçün istifadə olunmasına təminat verir.

– Söhbətimizə sizin iştirakınızla aparılmış layihələr barədə məlumatla davam edək. 

– Üzərində işlədiyimiz layihələr, əsasən, AEBA-nın təftiş missiyası ilə bağlı olmuşdur. AEBA inspektorları yaratdığımız informasiya sistemlərini dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən atom stansiyalarının nüvə resurslarının və fəaliyyətinin təftiş edilməsində istifadə edirlər. Belə informasiya sistemlərinin arxitekturasının hazırlanması, səmərəli işləməsi, məlumatların təhlükəsiz şəkildə ötürülməsi və saxlanılması kimi məsələlərin ciddi şəkildə layihələndirilməsi çox vacibdir.

Mən əminliklə deyə bilərəm ki, ümumilikdə, AEBA, o cümlədən bizim şöbəmizin əməkdaşları bu vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarıb və istəklərinə nail olublar. Agentlikdə çalışdığım illər ərzində bir neçə belə layihənin həm rəhbəri, həm də icraçısı olmuşam. Ən uğurlu layihəm isə agentliyin atom stansiyalarında həyata keçirdiyi təftişlərin hesabatlarının daha asanlıqla tərtib olunması, onların güvənli şəkildə ötürülməsi və emalının keyfiyyətinin yüksəldilməsi, hesabatların üzv dövlətlərə çatdırılması müddətinin əhəmiyyətli dərəcədə qısaldılması ilə nəticələnən informasiya sisteminin yaradılması olmuşdur. Bu işimizə görə mən və rəhbərlik etdiyim komanda üzvləri agentliyin xüsusi mükafatına layiq görülmüşük.  

– Yeri gəlmişkən, Cənubi Qafqaz, eləcə də qonşu ölkələr üçün ciddi təhlükə mənbəyi olan və  Ermənistandakı Metsamor Atom Elektrik  Stansiyasının durumu nə yerdədir?

– Hazırda dünyada 400-dən çox atom elektrik stansiyası var. Bir çox ölkə atom stansiyası tikmək niyyətində olduqları barədə AEBA-nı məlumatlandırıb və belə ölkələrin sayı artmaqdadır. O cümlədən Azərbaycan da nüvə-tədqiqat reaktorunun tikintisində maraqlıdır və bu cür reaktorun inşasının texniki, maddi və ekoloji mümkünlüyünün öyrənilməsi ilə bağlı agentliyə müraciət edib.  

Nüvə texnologiyaları üzərində qurulmuş hər bir təsisatın ətraf mühitə, insanların sağlamlığına zərər vurmaması şərtilə təhlükəsiz fəaliyyət göstərməsi önəmli bir tələbdir. Uzun illərdir ki, Azərbaycan vətəndaş cəmiyyətini Metsamor AES-in fəaliyyəti narahat edir. Hətta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin martında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edərkən də nüvə təhlükəsizliyi probleminə toxunaraq Metsamor Atom Elektrik Stansiyasının Azərbaycana, Türkiyəyə və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını bildirdi, Azərbaycan rəhbəri bu stansiyanın köhnə texnologiya ilə çalışdığını, onun ciddi texniki problemlərinin olduğunu diqqətə çatdırdı. O, Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu da vurğuladı.

Ermənistanın Metsamor şəhərində yerləşən atom elektrik stansiyası 1980-ci ildə işə salınıb. Köhnə texnologiya ilə işləyən, 9,5 ballıq seysmik zonada 1976-cı ildə inşa edilmiş, cəmi 8 bala hesablanmış Metsamor Atom Elektrik Stansiyası Azərbaycan, Türkiyə, Ermənistan və bütün region üçün böyük nüvə təhlükəsi yaradır. Bu yeni məsələ deyil, uzun illər diqqət mərkəzindədir. 

Metsamor AES-in seysmiklik səviyyəsi cəhətdən çox təhlükəli ərazidə yerləşməsini və ehtimal olunan təhlükənin qaçılmaz olduğunu inkar etmək olmur. Əslində, bu deyilənlər  Metsamor AES-in təcili olaraq bağlanmasına əsas verir. Bunula yanaşı deməliyəm ki, AEBA Metsamor AES də daxil olmaqla, dünyadakı bütün AES-lərin təhlükəsiz fəaliyyət göstərməsinə yönəlmiş missiyasını həyata keçirir.

– Azərbaycanın bugünkü gəncliyi haqqında nə deyərdiniz? Onların elmə, təhsilə marağı sizi qane edirmi?

– Gənclik həyatımızın önəmli bir parçasıdır. Tarixi qələbəmizi qazanan əsas qüvvə də indiki gənclik oldu. İnkişafımızın, ölkəmizin bütün uğurlarının da hərəkətverici qüvvəsi gəncliyimizdir.

Azərbaycanda həyatı, yaradıcılığı və elmi fəaliyyəti böyük bir məktəb olan insanlar olub və olmaqdadır. Dünya irsinə bəxş etdiyimiz çox görkəmli şəxsiyyətlər var. Arzu edərdim ki, tələbələrimiz, elmi fəaliyyətlə məşğul olan gənclərimiz bu böyük irsi daha dərindən və mükəmməl öyrənsinlər, tarixi ənənələrdən bəhrələnsinlər. 

Bu günümüzün də təsdiq etdiyi bir aksiom var: inkişaf və tərəqqinin başında elm dayanır. Bəşəriyyətin uğur və firavan gələcəyi elm adamlarının uğurundan çox asılıdır. Gənclərimizin elmə həvəsinin artırılması üçün Elm Muzeyi və ya Elm Mərkəzi kimi bir qurumun yaradılması da çox faydalı olardı. Qeyd edim ki, bu sahədə faydalana biləcəyimiz çox zəngin beynəlxalq təcrübə var.

– Nəhayət,  Azərbaycan alimlərinin Nobel mükafatına layiq görülmək potensialını necə dəyərləndirirsiniz?

– Buna çox ümid edir və inanıram. Zamanımızda dünya elm mərkəzlərinin qapıları açıqdır və xaricdə ən müxtəlif layihələr üzərində çalışan həmyerlilərimizin adlarını tez-tez eşidirik. Müstəqilliyimizin qazandırdığı ən böyük nailiyyətlərdən biri də budur. Ötən bir qərinədə özümüzü və potensialımızı tanıda bildik. Azərbaycan alimlərinin Nobel mükafatına namizəd göstərilə bilməsi üçün onlar dünya elm mərkəzləri ilə çox sıx əlaqələr yaratmalı, elmin ən aktual, dünya ictimaiyyətinə fayda verə biləcək istiqamətləri üzrə araşdırmalar aparmalı və əldə edilən nəticələrin tətbiqinə nail olmalıdırlar. 

Əlbəttə ki, mühüm şərtlərdən biri də elmə, alimlərə müvafiq dövlət qurumları, sahibkarlar, özəl şirkətlər və xeyriyyəçilər tərəfindən hərtərəfli dəstək verilməsidir. Həqiqət dəyişməzdir: elmə qoyulan sərmayə heç vaxt itmir. 

– Redaksiyamıza gəldiyinizə və səmimi müsahibəyə görə sağ olun.

Söhbəti apardı:
Namiq ƏHMƏDOV 
XQ

 





Müsahibə