Çıraq işığından bu günə “yaşıl enerji” yolu

post-img

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyinin 20 ili o qədər zəngin olub ki, əbəs yerə bu illərə “əsrə bərabər illər”  demirlər. Heydər Əliyev ideyalarının uğurla davam etdirildiyi bu illər tarix üçün qısa bir dövr olsa da, Azərbaycanı böyük inkişaf yoluna çıxarıb. Bu inkişafdan ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına da xüsusi pay düşür. Bir zamanlar taleyin ümidinə buraxılmış qədim diyar ötən əsrin sonlarında dahi Heydər Əliyevin çıraq işığında qəbul etdiyi qərarlar nəticəsində mövcudluğunu qoruyub saxlayıbsa, cənab İlham Əliyevin sayəsində özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. 

İstənilən ölkənin və ya regionun inkişafı enerji təhlükəsizliyinin təmin olunmasından birbaşa asılıdır. Təsadüfi deyil ki, XXI əsrdə enerji təhlükəsizliyi qida təhlükəsizliyinə bərabər tutulur, hətta birincinin olmaması ikincinin də təhlükəsizliyini təmin etmir. Ötən əsrin sonlarından nəqliyyat blokadasına salınan muxtar respublikanın, həm də energetika problemləri ilə sınağa çəkilməsi yaxın tarixin yaddaşından indiyədək silinməyən kədərli xatirələrdəndir. Ümummilli lider ­Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə ən çox diqqət göstərdiyi məsələlərdən biri də muxtar respublikanı enerji böhranından çıxarmaq idi. İlkin olaraq qonşu ölkələrdən idxal edilən enerji hesabına Naxçıvanın elektrik enerjisi təminatında müsbətə doğru müəyyən dəyişiklik olsa da, bu kifayət etmirdi. Paytaxtdan neft, dizel yanacağının gəlməməsi elektrik enerjisinə olan tələbatı daha da artırırdı. İlk dəfə 1992-ci ildə görkəmli dövlət xadimi muxtar respublikanın Ali Məclisinin sədri işlədiyi dövrdə Türkiyənin o vaxtkı Baş naziri Süleyman Dəmirəl tərəfindən Naxçıvana yeddi ədəd qaz-turbin elektrik qurğusu hədiyyə edilmiş, dizel yanacağı ilə işləyən və 60 meqavat gücündə olan həmin qurğular  “Babək” elektrik yarımstansiyasında quraşdırılmışdır. Bunun da hesabına Naxçıvan şəhərinin, eləcə də muxtar respublikanın əhalisi müəyyən fasilələrlə elektrik enerjisi ilə təmin edilirdi. 

Sonrakı dövrlərdə əhalisi artan, iqtisadiyyatı inkişaf edən muxtar respublikada enerji sisteminin dayanıqlığını, enerji təhlükəsizliyini təmin etmək məqsədilə yeni generasiya gücləri tikilib istifadəyə verilmişdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin mühüm mərhələsindən biri də 2006-cı ilin dekabr ayında muxtar respublikada gücü 50 meqavat olan Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının təbii qazla işləmə rejiminə keçməsinin, Heydər Əliyev Su Anbarının üzərindəki 4,5 meqavatlıq su elektrik stansiyasının  və 87 meqavatlıq Naxçıvan Modul Elektrik Stansiyasının istismara verilməsi idi. Belə ki, “Azərbaycan Republikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin  2 may 2005-ci il tarixli Sərəncamına əsasən, Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının enerji turbinləri müqavilələrə və təsdiq olunmuş qrafikə uyğun olaraq dizel yanacağından təbii qazla işləmə rejiminə keçirilmiş, stansiya və yarımstansiyanın bütün əsas avadanlıqları dəyişdirilmiş, bir sıra yenidənqurma işləri aparılmışdır. Muxtar respublikanın  enerji təhlükəsizliyində və elektrik enerjisi ilə təminatında ən önəmli yerə sahib olan Naxcıvan Modul Elektrik Stansiyası və Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyası 2006-cı ilin dekabrın 20-də dövlət başçısının iştirakı ilə istismara verilmişdir.  

Muxtar respublikanın enerji təhlükəsizliyini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev Naxçıvana səfərləri çərçivəsində yeni elektrik stansiyalarının istifadəyə verilməsində (2010-cu ildə “Biləv” 2014-cü ildə “Arpaçay-1” və “Arpaçay-2” su elektrik, 2015-ci ildə Naxçıvan Günəş Elektrik stansiyalarının açılışında, 2015-ci ildə Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimində) iştirak etmişdir. Dövlət başçısı həmin tədbirlərdə muxtar respublikanın enerji potensialının artırılması üçün müvafiq tapşırıqlar vermişdir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, ötən müddətdə muxtar respublikanın elektrik enerjisinin ümumi generasiya gücünə 244,8 meqavat təşkil edən 2 istilik,  5 su, 3 günəş, 1 külək-günəş hibrid və 1 külək elektrik stansiyaları daxil edilib. Həmin stansiyalardan 11-i məhz müstəqillik illərində istismara verilib. 

Sevindirici haldır ki, bu gün artıq Naxçıvan Muxtar Respublikası ölkəmizin “yaşıl enerji” istehsalında mühüm bölgələrdən biri kimi çıxış edir. Hətta dövlət başçısı sonuncu dəfə Naxçıvanda Türkiyə Respublikasının Prezidenti ilə görüşündə də bu məsələyə diqqət çəkərək bildirmişdir: “…Naxçıvanın qazı, nefti olmasa da, Günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır”. 

Təsadüfi deyil ki, son illər muxtar respublikada sözügedən enerji mənbələrindən təmiz enerji istehsalı məqsədilə bir sıra işlər görülüb. Xüsusilə yeni günəş və külək elektrik stansiyalarının tikilib istifadəyə verilməsi muxtar respublikada istehsal edilən ümumi enerjidə bərpaolunan enerjinin payını artırıb. Məsələn, 2023-cü ildə muxtar respublikanın elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 19,89 faizi su elektrik stansiyalarında, 12,75 faizi günəş elektrik stansiyalarında istehsal olunub ki,  bu da stansiyalar  üzrə  sistemə  ötürülən  ümumi enerjinin 32,64 faizini təşkil edir. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin məlumatına görə, havaların yağıntılı və günəşli günlərin çox olması səbəbindən hətta bu ilin aprel ayının bəzi günlərində muxtar respublikanın enerji təminatı tamamilə alternativ və bərpaolunan enerji mənbələri hesabına ödənilib.

Bir məqamı da qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda qəbul edilmiş 11 prioritet istiqamətdən biri də elektrik enerjisi istehsalının və ixracının artırılmasıdır. Təbii ki, burada da əsas istiqamət alternativ və bərpaolunan enerji  istehsalı və ixracı üzərinə yönəlib. Göründüyü kimi, bir zamanlar çıraq işığına möhtac qalan Naxçıvan yaxın gələcəkdə “yaşıl enerji” ixracındakı hədəflərinə doğru inamla addımlayır.       

Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

 

İqtisadiyyat