Ziyalılara yubiley medalları təqdim edildi

post-img

Milli Azərbaycan Tarixi Muzeyində bir qrup mədəniyyət xadiminə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının təqdimetmə mərasimi keçirildi.

Mərasimdə mədəniyyət naziri Adil Kərimli, nazir müavinləri Səadət Yusifova, Murad Hüseynov, Fərid Cəfərov, mədəniyyət xadimləri və digər ictimaiyyət nümayəndələri iştirak edirdilər. 

Adil Kərimli yubiley mükafatının ­Prezidentin mədəniyyət xadimlərinə göstərdiyi diqqət və ehtiramın təzahürü olduğunu diqqətə çatdırdı: “Düşünürəm ki,Ulu öndərin yubiley medalının hər birimiz üçün xüsusi əhəmiyyəti var. Çünki bu medalla təltif edilənlər Heydər Əliyevin diqqət və qayğısı ilə Azərbaycan mədəniyyətinə töhfələr veriblər”.

Nazir onu da vurğuladı ki, bundan sonra artıq dünyaya mədəniyyət diplomatiyası ilə sirayət etməliyik: "Bu, cənab Prezident İlham Əliyevin və Birinci ­vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçəcək və bununla da dünyada Azərbaycan mədəniyyəti daha da tanınacaq. Biz sizinlə, sizin adınız və mədəni xidmətinizlə qürur duyuruq”.

Mədəniyyət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalını nazir Adil Kərimli təqdim etdi.

Mükafatlandırılan mədəniyyət xadimləri “Xalq qəzeti”nə bildirdilər:

Nəriman Həsənzadə, Xalq şairi:

– Bu medaldan böyük şərəf ola bilməz. Ulu öndər daim yanımızdadır, qəlbimizdədir. Ümummilli lider mədəniyyətə, incəsənətə həmişə diqqətlə yanaşıb, qayğısı bizdən əskik olmayıb. 

Hacı İsmayılov, Xalq artisti:

– Müstəqil Azərbaycanın qurucusu, memarı ulu öndər Heydər Əliyevin yubiley medalını almaq sözlə ifadə edilə bilməyəcək qədər böyük təltifdir. ­Heydər Əliyev Azərbaycan və onun mədəniyyəti üçün təkrarolunmaz işlər görüb, xidmətlərini saymaqla bitməz. Mədəniyyətin elə bir sahəsi yoxdur ki, ­Heydər Əliyev onunla maraqlanmasın, qayğı göstərməsin. Ulu öndər mənə Müslüm ­Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ədəbiyyat və incəsənət üzrə dövlət mükafatını şəxsən təqdim edib. İndi onun 100 illik yubiley medalını alanda, sanki, eyni hissləri yaşadım. 

Tofiq Bakıxanov, Xalq artisti:

– Mən həmişə Ulu öndərin nəfəsini üstümüzdə hiss etmişəm, indi də. O, bizə İlham Əliyev kimi dəyərli dövlət başçısı ərməğan etdi. Bu medal, bu sevinc bizim üçün böyük şərəfdir. Allah Heydər ­Əliyevə rəhmət eləsin. 

Elmira Axundova, Xalq yazıçısı:

– 1990-cı ildən bəri ümummilli lider Heydər Əliyevlə şəxsən tanış olmuşam. O, 1993-cü ildə hakimiyyətə gələndə “Pravda” qəzetində “Heydər Əliyevin qayıdışı” adlı böyük məqalə yazmışdım. Oxumuşdu, fikirlərini mənimlə bölüşmüşdü. Xoş xatirələrdir. Onunla birgə xarici səfərlərdə olmuşam. 2023-cü ildən indiyə kimi onun barəsində tərcümələrimlə birlikdə 60-a yaxın kitab yazmışam. Ömrüm boyu Heydər Əliyevin obrazını yaratmışam. 100 illiyində 5 kitabım işıq üzü gördü. Bu missiyamı ömrümün sonuna kimi davam etdirəcəyəm. 

Kərim Tahirov, Əməkdar mədəniyyət işçisi:

– Bu medal mənim üçün böyük şərəfdir. Ulu öndərin ideyaları uğrunda fədakarlıq göstərmişəm. Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğində gördüyüm işlər müqabilində verilən bu medal ən böyük mükafatımdır. 

Nurəddin Mehdixanlı, Xalq artisti:

– Ulu öndərin, böyük azərbaycanlının yubileyi şərəfinə medala layiq görüldüyüm üçün çox şadam, sevinirəm. Bundan sonra daha da məsuliyyətli olacaq, dövlətimizin təbliğində var gücümüzlə çalışacağıq. 

Rizvan FİKRƏTOĞLU 
XQ

 

Mədəniyyət