Pakistanla dostluğumuza ədəbiyyatçı töhfəsi

post-img

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan Dillər Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Mahirə Hacıyevanın “Mədəni sərhədlərin qovşağında bədii təfəkkür” adlı kitabının təqdimatı keçirilib. Müəllif bu kitabın nəşrinin Azərbaycanla Pakistan arasında tarixi dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə olduğunu bildirib.

Kitabın müqəddiməsində əsərə münasibət bildirən Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov təqdimat mərasimində qeyd edib ki, Pakistanla genişlənməkdə olan əlaqələr iki ölkə arasında   münasibətləri daha da möhkəmləndirir. O, Pakistanın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini, müharibə zamanı Azərbaycana ciddi siyasi dəstək nümayiş etdirdiyini vurğulayıb: “Pakistan Ermənistanı bir dövlət kimi tanımırdı. Artıq işğal dövrü arxada qalsa da, biz tarixi unutmuruq.  Buna görə də bu günə kimi Nizami muzeyi pakistanlı qonaqlarını ödənişsiz qəbul edir, birgə tədbirlər keçiririk”. 

Mahirə Hacıyevanın əsərində qədim və zəngin tarixə malik Pakistanın tarixi ənənələri, mədəniyyəti, ədəbiyyatı, yerli əhalinin həyatı, cəmiyyətdə mövcud olan dini tolerantlıq ənənələrindən dolğun şəkildə bəhs olunduğu bildirilib. 

Qonaqlar muzeyi gəzərək, zəngin Azərbaycan ədəbiyyatı ilə tanış olduqdan sonra xalqlarımızın dostluğunun, birliyinin təcəssümü olan kitab təqdim edilib. Mərasimdə Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Hayee, Pakistan Milli Assambleyası sədrinin müavini Seyid Qulam Mustafa Şah, Pakistan İslam Respublikası Senatının Xarici Əlaqələr Komitəsinin sədri, senator Müşahid Hüseyn Seyyid, Pakistan–Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının vitse-prezidenti Tariq Hameed və “IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nda iştirak etmək üçün Pakistan İslam Respublikasından gəlmiş nümayəndə heyətinin üzvləri iştirak ediblər.

Sonda Pakistan xalqının milli rəqsləri və Pakistan İslam Respublikasını əks etdirən “Salam Pakistan” adlı videoçarx nümayiş olunub.   

Qabil YUSİFOĞLU 
XQ

 

Mədəniyyət