Dizayner-rəssamın sənət hesabatı

post-img

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda  rəssam, dizayner Esmeralda Tağızadənin fərdi yaradıcılıq sərgisi açılıb. E.Tağızadə Rəssamlıq Akademiyasının tətbiqi incəsənət fakültəsinin  dizayn şöbəsini bitirib. O, ölkəmizdə ilk qadın dizayner hesab edilir.  Esmeralda Tağızadə Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə də məşğuldur.   

Açılış mərasimini giriş sözüylə Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov açdı. O, Esmeralda Tağızadənin yaradıcılığını belə xarakterizə etdi: 

– İnsan həyatda öz əməlləri və əsərləri ilə qalır. Esmeralda Tağızadə, sözün əsl mənasında, yaradıcılıq sözünün mahiyyətini anlayan və anladan rəssamdır. 

Xalq rəssamı Arif Hüseynov isə dizayner-rəssamı bir  müəllim kimi də layiqincə xarakterizə etdi: 

– Sənətdə müəllimin olması çox əhəmiyyətlidir. Hər rəssam yaxşı müəllim ola bilməz. Esmerada xanım hər iki xüsusiyyəti özündə cəmləmiş şəxsdir. Onun şagirdlərinin  gələcəyin gözəl rəssamları olacağına inamım böyükdür. 

“Yeni Gallery”  Bakı İncəsənət Məktəbinin direktoru Rafael Gülməmmədli, “Bakı”  Rəsm Qalereyasının rəhbəri Eldəniz Babayev və digərləri də  Esmeralda Tağızadənin haqqında ürək sözlərini bölüşdülər. 

Esmeralda Tağızadə isə dedi: 

– Mən bugünkü uğurlarıma görə, ilk növbədə, atama təşəkkürümü bildirirəm. Çünki o, mənim rəssamlığı öyrənməyimə dəstək olub. Özümü xoşbəxt hiss edirəm. Çünki sevdiyim işlə məşğulam. Bu sərgiylə bağlı müxtəlif ölkələrdən təbrik alıram. Bu da məni çox sevindirir. 

Sərginin qırmızı lenti kəsildikdən sonra sənətsevərlər Esmeralda Tağızadə yaradıcılığının nümunələri ilə tanış oldular. Onun rəsmlərində şərq mədəniyyətinin xüsusiyyətləri mühüm yer tutur. Bibiheybət məscidinin, Kəbənin əksi, inanclı insanların həyatına münasibət rəssamın yaradıcılığından qırmızı xətt kimi keçir. Rəssam xalqımızın yaşadığı faciələrdən bəhs edən təsirli əsərlər yaradıb.

M. CEYHUN 

 

Mədəniyyət