Hər kitab bir dünyadır

post-img

Məmməd Aslan poeziyası

“Qanun” nəşriyyatının yeni layihəsi – “Azərbaycan poeziyasından seçmə şeirlər” seriyasından çap olunmuş növbəti kitab türk sevdalısı, aşıq-ozan törənli, milli dəyərlərimizin yorulmaz təbliğatçısı, Azərbaycan folklorunun kamil bilicisi, “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüş  Məmməd Aslanın yaradıcılığına həsr olunub. 

Xatırladaq ki, bundan əvvəl nəşriyyat sözügedən layihə üzrə Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Məhəmməd Hadi, Əhməd Cavad, Süleyman Rüstəm, Səməd Vurğun və başqalarının yaradıcılığına müraciət etmişdir. 

Məmməd Aslanın kitabına unudulmaz şairin müxtəlif illərdə qələmə aldığı ən gözəl şeirləri daxil edilib. Oxucunun poetik ovqatına işıq tutan Məmməd Aslan poeziyası hər zaman təzə-tərliyi ilə seçilib. O, öz şairlik taleyi haqqında belə deyib: 

Səpib göyərdirəm sözü, kəlməni, 

Özgə sənətim yox, ayrı işim yox.

Tanıtsa, bir misram tanıdar məni,

Özgə sənədim yox, arayışım yox. 

Kitabdakı şeirlər “Dəlidağ” ədəbi məclisinin sədri, şair Namiq Dəlidağlının təqdim etdiyi nümunələr arasında seçilib. İlhamə Məmmədli və Aşıq Elbrus Kəlbəcərli şairin şeirlərinin toplanmasında yardımçı olublar. Nəşrin redaktoru Əyyub Qiyas Abbasovdur.

“Söz lətafəti” Azərbaycan dilində

Özbəkistanın Xalq şairi Erkin Vahidovun “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub.

Filologiya elmləri doktoru Almaz Ülvi Binnətova əsəri özbəkcədən dilimizə tərcümə edərək geniş həcmli “Ön söz”lə çap etdirib.  

Qardaş ölkədə bir neçə dəfə nəşr olunmuş “Söz lətafəti” geniş oxucu sevgisi qazanan əsərlərdəndir. Tərcümələrdən də göründüyü kimi, incə ruhlu şair Erkin Vahidov öz ömrünü – yaradıcılıq dünyasını gözəl duyğu yaşantıları ilə naxışlayıb. Almaz Ülvi Binnətova yazır: “Bu əsəri dönə-dönə oxudum, o qədər səmimi hisslərlə, şirin dillə, həssas eşqlə yazılıb ki, adam doya bilmir. Bu kitab vasitəsilə bir həqiqəti yenidən kəşf etdim ki, biz bir babanın övladlarıyıq. Çünki müəllifin məğzini açdığı sözlərin hamısı həm də Azərbaycan sözlərinin tarixi, “şəcərəsi, tərcümeyi-halı”dır. Oxuyun və dediyim həqiqətə özünüz şahid olacaqsınız”. 

“Söz lətafəti”nin dilçilər üçün maraqlı olacağı şübhəsizdir, eyni zamanda, kitabı əlinə alan hər kəs üçün də həm elmi, həm də bədii təxəyyül məhsulu olaraq qiymətli qənimətdir.  

“Axın” – xoşbəxtlik elmi

Dünyaca məşhur “axın nəzəriyyəsi” insanın, həqiqətən, necə xoşbəxt ola biləcəyini ortaya qoyur, xoşbəxtliyin şüurlu səadətin köməyi ilə qazanıla biləcəyini göstərir.

Klaremont Universitetinin professoru, Çikaqo Universitetinin psixologiya kafedrasının müdiri Mihay Çiksentmihayinin beynəlxalq bestseller sayılan “Axın” əsəri həm insan məninin mürəkkəb quruluşu və yaşam fəlsəfəsini öyrənmək, həm də zəngin informasiya mənbəyi (əhatəliliyi) baxımından əhəmiyyətlidir.

Axın nəzəriyyəsinin nə olduğunu izah edən və bu təcrübəni həyatımıza necə tətbiq edəcəyimizi təqdim edən bu kitab adıçəkilən nəzəriyyənin sahibi doktor Mihay Çiksentmihayinin xoşbəxtliyin təd­qiqatlarına həsr edilmiş 25 illik zəhmətinin məhsuludur. “Axın” – “xoşbəxtlik elmi” adlandıra biləcəyimiz bu əsər elm dünyası ilə birlikdə həyatını dəyərləndirmək, onu daha dərindən kəşf etmək və özünü daha yaxşı dərk etmək istəyən hər bir oxucu üçün faydalı olacaq.

XQ

 





Mədəniyyət