Fatehlərin bayraq sevgisi

post-img

O, gözəl və bənzərsiz Şuşaya Azərbaycan bayrağını sancan fatehlərdəndir. Şəhərdə hələ də küçə döyüşlərinin getdiyi anlarda, tindəbucaqda gizlənən ermənilərin güllə yağışına məhəl qoymadan Quran ayəsi kimi sinəsində qoruyub saxladığı bayrağı Şuşanın qapısından asaraq ucadan səslənib: Bura Vətəndir!  

Bu gün onun düşmən qəlpələrinin izi qalan sinəsini “Qarabağ” ordeni bəzəyir. Qazidir, polkovnikdir. Adı Rəşad, soyadı Aslanovdur. Bu qorxubilməz igidi hazırda bütün Azərbaycan tanıyır və Vətən onunla haqlı olaraq qürur duyur!

Rəşad bu günlərdə “Xalq TV”-nin qonağı olub. Onunla eksklüziv müsahibədən bəzi məqamları bu əziz bayram günü hörmətli oxucuların diqqətinə çatdırmağı özümüzə borc bildik. Belə igidlərdən yazmaq qələmə də şərəf gətirir Rəşad barlı-bərəkətli, mərd, vətənpərvər insanlar yurdu kimi ad çıxaran Qusar rayonunda doğulub, burada boya-başa çatıb. Sonra Bakı Türk Liseyinə qəbul olunub. Həmin məktəbdə oxuyarkən şahidi olduğu bir hadisə onu çox təsirləndirib və özünün dediyi kimi, gələcək peşə seçimində, yəni zabit olmağında həlledici rol oynayıb.

Bu məqamda Rəşadın özünü dinləyək:

-Bir dəfə liseyə sevimli Xalq şairimiz Bəxtiyar Vahabzadəni görüşə dəvət etmişdilər. Çoxlu çıxışlar oldu. Hamının sözünün əvvəli də, sonu da Qarabağla bağlı idi. Axı bu yara o illərdə ürəyimizdə ağır bir dərd kimi qövr edirdi. 

Görüşün sonuna yaxın lisey şagirdlərindən təşkil olunan xor (aralarında mən də vardım) məşhur “ Çırpınırdı Qara dəniz” mahnısını oxudu. Onu da deyim ki, ədəbiyyat müəllimimiz mahının mətninə aşağıdakı iki misranı əlavə etmişdi: 

Azərbaycan bayrağını 

Qarabağdan asacağıq!

Xor bu sözləri oxuyanda böyük şairimizin gözləri yaşardı. Bunu hamı gördü və mütəəssir oldu. Mən də çox təsirləndim. Axı biz uşaq olsaq da, başa düşürdük ki, Bəxtiyar müəllimin həssas ürəyi həmin an qəddar düşmən caynağında fəryad edən torpaqlarmızın ağrı-acısını həssaslıqla hiss edir və bundan çox kədərlənir.  

Mən məhz o gün qərar verdim ki, yağı düşməni Qarabağdan qovmaq üçün mütləq zabit olacağam və bir Vətən oğlu kimi torpaqlarımızın azad olunması üçün əlimdən gələni hər şeyi edəcəyəm. Bu fikir və düşüncələr mənə həm güc, həm də bir toxtaxlıq verdi.

-Beləliklə, siz liseyi bitirib sənədlərinizi ali hərbi məktəbə verdiniz...

-Bəli, ali hərbi məktəbə imtahan verib, qəbul imtahanlarından 687 bal topladım. Bu, çox yüksək nəticədir. Bu qədər balla mən ən nüfuzlu universitetlərin ən “bərk gedən” fakültələrinə ödənişsiz qaydada qəbul oluna bilərdim. Bəziləri elə güman edirdilər ki, mən hüquq fakültəsini seçəcəyəm. Mən isə Azərbaycan zabiti olmaq istəyirdim. Seçimim barədə atama bildirəndə o bir an duruxdu, sonra ayağa duraraq boynumu qucaqladı. Onun ürəyi bərk-bərk döyünürdü. Çox həyəcanlı idi!

Mən sonradan başa düşdüm ki, atam niyə belə həyəcanlıdır. O, yəqin ki, bütün atalar kimi, gələcək taleyimə və həyatıma görə narahat olmuşdu. Bilirdi ki, müqəddəs savaş qaçılmazdır! Amma sağ olsun, məni fikrimdən döndərmək istəmədi və xeyir-dua verərək sakitcə dedi: “Sən əsl kişilik yolu  seçmisən. Mən səninlə hər zaman fəxr edəcəyəm”. Atamın bu sözləri məni daha da ürəkləndirdi! 

-Sizin kursant olduğunuz illərdə Ulu Öndər Heydər Əliyevlə bir yerdə fotonuz olar. Xahiş edirik, bu barədə müfəssəl məlumat verərdiniz.

 -Ali hərbi məktəbdə oxuduğum illər ərzində bütün fənlərdən yalnız yüksək qiymətlər almışam. YÖS imtahanlarından da qalib çıxmışdım. Yalnız əla qiymətlərlə oxuduğuma görə, Heydər Əliyev adına təqaüd alırdım. 

Ulu Öndər tez-tez ali hərbi məktəbə gələr, təhsilin, tədrisin keyfiyyəti ilə maraqlanardı. Dəfələrlə olub ki, kursantlarla oturub, nahar edib. Dahi siyasətçi bəzən özü ilə bərabər oğlu, cənab İlham Əliyevi də gətirərdi. 

Bir gün ali hərbi məktəbin rəhbərliyi bildirdi ki, 2001-ci il avqustun 25-də keçiriləcək məzun günündə Ulu Öndər şəxsən özü iştirak edəcək. Bu xəbər bizi çox sevindirdi. Heydər Əliyev həmin gün müdavimlər qarşısında geniş nitq söylədi. Diplomları tələbələrə təqdim etdi. Və üzünü bizə tutaraq inamla dedi: “Mən inanıram ki, Qarabağı azad edən zabitlər buradadır”!

O zamandan bizə “Heydər Əliyevin zabitləri” deyirdilər. Bu, əlbəttə, olduqca qürurverici sözlərdir. Amma, bu, həm də böyük məsuliyyət demək idi, qarşıda bizi bu şərə i adı doğrultmaq üçün ağır sınaqlar gözləyirdi Biz çətin imtahandan qalib kimi çıxmalıydıq. 

-Siz 2020-ci ilin 27 sentyabrını harada və necə qarşıladınız?

-Mən o vaxtdan bir çox hərbi hissələrdə xidmət keçmişəm. II Qarabağ müharibəsi başlayanda artıq Naxçıvanda Xüsusi təyinatlı hərbi  hissənin komandiri vəzifəsində çalışırdım. Yaxşı yadımdadır, 2020-ci ilin 27 sentyabrında Prezident İlham Əliyev Vətən  Müharibəsinin başlanması ilə bağlı xalqa müraciət etdi. Beləliklə, yeni tarixin ən şərəfli səhifəsi başlanırdı. Azərbaycan əsgəri və zabiti bu günü çoxdan gözləyirdi. 

Qarabağda qanlı savaşlar gedirdi. Mən hələ də Naxçıvanda idim. Əmr gözləyirdim. Nəhayət, oktyabrın 10-da cəbhəyə yola düşməyimizlə bağlı əmr gəldi. Bizə hazırlaşmaq  üçün 2 saat vaxt vermişdilər, 2 saat nədir, yarım saata hazır olduq. Yola düşməzdən bir neçə dəqiqə qabaq xidməti otağımdakı bayrağı səliqə ilə bükərək sinəmə sarıdım. Dostuma dedim ki, mən bu bayrağı Şuşadan asacağam. Amma  başıma bir iş gəlsə, məni Qusarda bu bayraqla dəfn edərsiniz. 

-Bəs, Qarabağda böyük Zəfərə gedən döyüş yolunuz haradan və necə başladı?

- Biz artıq oktyabrın 10-da Hadrut istiqamətindən döyüşə atıldıq. Şuşaya tərəf keçilməz yollarla qələbə əzmi ilə irəliləyirdik. Düşmən var gücü ilə müqavimət göstərməyə çalışırdı. 

Təbii ki, itkilərimiz də olurdu, amma bir an belə nəfəs dərmədən, ayaq saxlamadan irəliyə can atırdıq. Fəxrlə deməliyəm ki, hərbi əməliyyata əfsanəvi komandir, polkovnik Tehran Mənsimov rəhbərlik edirdi. Tehran çox qətiyyətli, qeyri-adi iradəyə malik olan zabitdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Qarabağı ev-ev, kəndbəkənd tanıyır.  

Hadrut qəsəbəsi uğrunda döyüşlərdə Bağır Ələkbərov adlı gizirimiz şəhid oldu. Təcrübəli və qorxmaz komandirimiz Tehran Mənsimov bizi sarsılmağa, ruhdan düşməyə qoymadı. Dedi ki, uşaqlar, düzdür, Bağır Ələkbərovun həlak olması hər birimiz üçün ağırdır, amma biz yeni itkilərimizin qarşısını almaq üçün düşmənə sarsıdıcı zərbələr endirməliyik. 

Biz elə bu yenilməz ruh və iradə ilə xeyli yol qət edib, ağır döyüşlərlə düşmənin başını əzə-əzə Şuşaya yaxınlaşdıq və onu bir həmləylə fəth etdik. Düşünürəm ki, bu savaş Azərbaycan Ordusunun döyüş salnaməsinin şah əsəridir! 

Dünyanın hərbi ekspertləri hələ də başa düşə bilmirlər ki, Azərbaycan əsgəri və zabiti ağla, məntiqə sığmayanı  necə mümkün ediblər. 

-Rəşad, bilirsənmi, neçə ildir ki, dünya bu döyüşən danışır...

-Hər şeydən xəbərim var. Həqiqətən, Şuşanın sıldırım, uca qayalarına quş kimi qonaraq  düşmənin üzərinə yerimək fantastik hünər və cəsarət tələb edirdi. Bircə onu deyə bilərəm ki, biz bu müqəddəs yola “Ya ölüm, ya da Qarabağ” andı ilə  çıxmışdıq. Şuşanı başqa cür azad etmək mümkün ola bilməzdi!

-Rəşad, yuxarıda qeyd etdiyiniz kimi,siz Şuşaya qələbə bayrağını ilk sancanlardan birisiniz. Bu, Qarabağa yola düşərkən Naxçıvandan özünüzlə götürdüyünüz və sinənizdə gəzdirdiyiniz həmin bayraq idimi?

-Bəli, həmin bayraq idi. Döyüşlərarası anlarda mən onu bəzən sinəmdən çıxarıb alnıma sıxaraq öpürdüm. Allaha daim dua edirdim ki, məni bu arzuma qovuşdursun. Tale mənə böyük şans verdi. Sonradan bildim ki, döyüşçü yoldaşlarım mənim Şuşaya bayraq sancdığım anları videoya çəkiblər. Düzdür, bundan xəbərim olmayıb. Hər halda sağ olsunlar.

Mən hər yerdə demişəm və bu gün də bəyan edirəm ki, qələbə bayrağını Şuşaya biz qazi və fatehlər yox, şəhidlərimiz sancıblar. Şuşaya bayrağı Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan xalqı sancıb! Biz şəhidlərimizin qanını yerdə qoymadıq. Şəhid yoldaşlarım bəzən yuxuma girirlər! Yeri gəlmişkən, bu gün İlaxır çərşənbədir. Builki Novruzun bir başqa aləmi var. İlk dəfə olaraq Qarabağın hər bir guşəsində bayram tonqalları qalanır. Biz döyüşçüyük, hər an şəhidlərimizin ruhunu anırıq və deyirik: Salam, Qarabağ torpağı! Yeni günün mübarək!

-Siz Cıdır düzündə Ali Baş Komandan ilə görüşmək nəsib olub...

 -2021-ci il noyabrın 8-də əfər bayramının birinci ildönümü münasibətilə Cıdır düzündə Vətən Müharibəsi qəhrəmanları, “Qarabağ” və “Zəfər” ordenli hərbçilərlə görüş oldu. Rəsmi hissədən sonra cənab Prezident bizə müraciətlə dedi ki, indi sizin hər birinizlə yadigar şəkil çəkdirmək istəyirəm. 

Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə Cıdır düzündə şəkil çəkdirdik. Bu, hər bir zabit, eləcə də mənim üçün son dərəcə böyük şərəf və fəxrdir! Qarabağ Azərbaycandır!

Söhbəti qələmə aldılar:

Kəmalə ABDİNOVA,

Məsaim ABDULLAYEV

XQ

 

 

Müsahibə