Dünən kartof alırdıq,  bu gün satırıq da

post-img

Azərbaycanda kənd təsərrüfatının ən gəlirli sahələrindən sayılan kartofçuluğa maraq həmişə yüksək olub. Hazırda kartof Azərbaycanın əksər rayonlarında, o cümlədən Gəncə-Qazax, Aran, Şəki-Zaqatala, Quba-Xaçmaz və digər ərazilərdə əkilir. Ölkəmizdə bu sahədə ixtisaslaşan bölgələr, irili-xırdalı təsərrüfatlar daxili bazarda məhsul bolluğuna mühüm töhfələr verməklə yanaşı, bir çox hallarda Azərbaycan kartofunun şöhrətini xarici ölkələrdə tanıda biliblər. Təsadüfi deyil ki, son illər ölkəmizdən ixrac olunan meyvə-tərəvəz məhsullarının sırasında kartofun da öz payı var. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 31 milyon dollarlıq 71,1 min ton kartof ixrac edilib.

Son illər ölkədə kartofçuluğun inkişafına dövlət tərəfindən də lazımi dəstək göstərilir, bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir. Kartof əkən fermerlərə həm əsas, həm də təkrar əkinlərə görə subsidiya ödənilir. Hətta bu ildən təkrar kartof əkinlərinə görə ödəniləcək subsidiyanın miqdarı da artırılıb. Belə ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü ilin məhsulu üçün fermerlərə əsas əkinlərə görə bir hektara 280 manat, təkrar əkinlərə görə isə 100 manat subsidiya ödənilib. Bununla yanaşı, üç il əvvəl Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə kartof əkini sahələrinin sığortalanmasına başlanılıb. Kartof sahələrinin sığortalanması zamanı bitkinin məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınır. Qaydalara əsasən, kartofun bir hektarı üçün məhsuldarlıq norması 9-900 sentner arasında, qiymət isə 40-100 manatsentner arasında müəyyən edilib. Heç şübhəsiz, belə tədbirlər fermerlərin kartofçuluğa marağını xeyli artırır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkədə fərdi sahibkarlar, ailə-kəndli və ev təsərrüfatları, eləcə də dövlət və qeyri-dövlət müəssisələri tərəfindən 49 min 460,5 hektar sahədə kartof əkilib. İl ərzində tarlalardan 1 milyon 10,5 min tondan artıq məhsul yığıllıb. Hektarın məhsuldarlığı isə 199,6 sentner təşkil edib. Bu da əvvəlki illə müqayisədə 1,5 sentner çoxdur. Bununla belə, ötən il ölkədə kartof istehsalında 2022-ci ilə nisbətən 5,9 faiz azalma qeydə alınıb. Ekspertlər bunun  əsas səbəbini ölkədə əkin sahələrinin azalması ilə əlaqələndirirlər. Son illər bu sahəyə marağın azalmasının əkinə təsirsiz ötüşmədiyini deyən ekspertlərin fikrincə, Azərbaycanda kartofun qiyməti yüksək olsa da, fermerlər istehsal etdikləri məhsulu yaxşı qiymətə sata bilmirlər. Kartof istehsalının azalmasına səbəb olan amillərdən biri də əkin sahələrinin suvarılmasında müşahidə olunan çətinliklərlə bağlıdır. Suvarmanın lazımi şəkildə təşkil olunmaması isə, heç şübhəsiz, məhsuldarlığın azalmasına gətirib çıxarır.

Bununla belə, son zamanlar bu sahədə müşahidə olunan geriləmənin aradan qaldırılması, fermerlərin kartof istehsalına marağının artırılması məqsədilə ölkənin kartofçuluq üzrə ixtisaslaşan bölgələrində müxtəlif layihələr icra olunur. Sevindirici məqam ondan ibarətdir ki, kartofçuluqla məşğul olan fermerlərə dəstək məqsədi daşıyan həmin layihələr dövlət-özəl sektor əməkdaşlığı şəraitində reallaşdırılır. Elə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü və təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılması da bu baxımdan diqqət çəkir. Xatırladaq ki, layihənin əsas məqsədi “AzerGold” QSC-nin hasilat işləri apardığı bölgədə sahibkarlıq ekosisteminin inkişafına, Daşkəsən rayonunun ənənəvi kənd təsərrüfatı sahələrindən biri olan kartofçuluğun sahibkarlıq növü kimi təşviqinə və dəmyə üsulu ilə kartof istehsalının artırılmasına töhfə verməkdir. Qeyd edək ki, layihəyə Kənd Təsərrüfatı Nazirliyinin “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”ndə qeydiyyatdan keçən, əkinə yararlı minimum 1 hektar torpaq sahəsinə malik Quşçu və Zəylik kəndlərinin  fermerləri cəlb olunublar.

Bu yaxınlarda Kənd Təsərrüfatı Nazirliyinin Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzində layihəyə cəlb edilmiş kartofçulqla məşğul olan fermerlərlə görüş keçirilib. Görüşün əsas məqsədi fermerlərin layihə barədə məlumatlandırılması, kartofçuluq fəaliyyəti zamanı təsərrüfat sahiblərinin qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yollarının müzakirə edilməsi, əsas ehtiyacların öyrənilməsindən ibarət olub. Görüş zamanı fermerlərə torpaqların münbitliyinin qorunması, bərpası, artırılması və mühafizəsi sahəsində aqrotexniki, aqrokimyəvi, fitosanitar, zərərvericilərə qarşı mübarizə və digər kompleks tədbirlərin hazırlanması istiqamətində atılacaq addımlar barədə məlumat verilib. Layihə çərçivəsində, ümumilikdə, 10 hektar əkin sahəsində yüksək məhsuldarlığın əldə edilməsi üçün toxum, xidmət və mallara dair əsas ehtiyacların qarşılanması, layihə iştirakçılarının bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə nəzəri və praktiki təlimlərin təşkili nəzərdə tutulub. Əkin mövsümünün sonunda əldə edilmiş məhsulun 85 faizinin fermerlərə bağışlanması, qalan 15 faizinin isə “AzerGold” QSC tərəfindən xeyriyyə məqsədilə istifadə edilməsi planlaşdırılır.

Yeri gəlmişkən, ölkəmizin mədən sənayesində fəaliyyət göstərən “AzerGold” QSC-nin dövlət siyasətinə uyğun olaraq icra etdiyi sosial yönümlü tədbirlər bölgənin inkişafına, əhalinin məşğulluğun artırılmasına, onların rifah halının yüksəldilməsinə xidmət edir. Cəmiyyətin hasilat sahələrinin yaxınlığında yerləşən kəndlərin sakinləri mütəmadi olaraq ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətlər üzrə icra edilən layihələrdən faydalanırlar.

Mirbağır YAQUBZADƏ

XQ

 

İqtisadiyyat