Opera səhnəmizin 13-cü Leylisi

post-img

Müsahibimiz Əməkdar artist Gülüstan Əliyevadır

– Biri var idi, biri yox idi. Yevlaxda yaxşı səsi olan bir qız var idi. Gülüstan xanım, gəlin, bu nağılın ardını sizdən eşidək...

– Yevlaxda dünyaya göz açmışam, orta məktəbin 8-ci sinfinə qədər orada oxumuşam. Sonra gənc istedadların respublika müsabiqəsinin qalibi kimi təhsilimi Bakıda, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində davam etdirmişəm. 1985-ci ildə isə konservatoriyaya (Bakı Musiqi Akademiyası – red.) daxil olmuşam.  Həmin il burada açılan muğam sinfində təhsil almışam. Xalq artisti, sevimli müəllimim Arif Babayev konservatoriyanı bitirəndən sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi çalışmağımı məsləhət görmüşdü. Amma mən paytaxtdan getməli oldum. 

– Yəni, siz şəhəri tərk edib rayonlarımızdan birinə musiqi məktəbində dərs deməyə getdiniz.

– Mən tələbəlik illərimdə könül verdiyim Zahid adlı gənc hüquqşünasla ailə qurub onun doğulub-böyüdüyü Cəbrayıl rayonuna getdim. Bu gün də o fikirdəyəm ki, qadın, ilk növbədə, anadır. Onun ən böyük missiyası öz evinin xanımı, övladlarının anası olmaqdır. 

Təəssüf ki, bizim xoşbəxtliyimiz çox çəkmədi. Həyat yoldaşım Cəbrayıl rayon polis şöbəsində işləyirdi. O illərdə Qarabağın başı üzərində qara buludlar dolaşmağa başlamışdı. Erməni quldurları Cəbrayılın kəndlərinə qəfil silahlı basqınlar edirdilər. Həyat yoldaşım düşmənə qarşı ağır döyüşlərin birində qəhrəmancasına şəhid oldu. 

Sonra mən həyat yoldaşımın təhsil aldığı, onun adını daşıyan orta məktəbdə dərs dedim.  1993-cü ildə Cəbrayıl rayonu işğal olunandan sonra isə məcburi köçkün həyatım başlandı. 

Biz Zahidlə birlikdə cəmi 317 gün yaşadıq. Atası şəhid olanda oğlumun 40-ı çıxmamışdı. Körpə oğlumla Yevlaxa, ata evinə qayıtdım. O vaxtdan 33 il keçir, həmin günlərdən şirinli-acılı hisslər, unudulmaz xatirələr qalıb. 

– Cəbrayıl işğaldan azad olunandan sonra o tərəfləri ziyarət etdinizmi? 

– Əlbəttə, getdim. Zahidin qəbri Hacı Qaraman ziyarətgahındadır. Başdaşını qucaqlayıb dedim ki, əzizim, torpaqlarımız azad olunub (kövrəlir). 

– Bəs opera səhnəsinə necə gəldiniz?

– Arzular insan həyatının bünövrəsidir. Mən də öz arzularımın arxasınca Azərbaycan Dövlət Opera və Balet Teatrına gəldim. 

Vaxt gəldi, afişalarda bir zamanlar çox arzuladığım “Leyli obrazını Gülüstan Əliyeva ifa edir” sözləri yazıldı və o vaxtdan bu günə qədər teatrın səhnəsindəyəm.

Özümü çox xoşbəxt sənətkar sayıram. “Aşıq Qərib”də Şahsənəm, “Gəlin qayası”nda Sənəm, “Natavan”da Xanəndə qız, “Arşın mal alan”da Cahan xala, “O olmasın, bu olsun”da Sənəm, “Əsli və Kərəm”də Əsli rollarını oynamışam.  “Şah İsmayıl” operasında Ərəbzəngi rolunu bəlkə 100 dəfə, Leylini ondan da çox ifa etmişəm. Bütün bu obrazlar qalereyası zəngin bir sənət ömrü deməkdir. 

– Gülüstan xanım, siz pedaqoji fəaliyyətlə də məşğulsunuz...

– Bəli, hazırda mən Milli Konservatoriyada muğam kafedrasının dosentiyəm, sənətşünaslıq üzrə fəlsəfə doktoruyam. 23 ildən artıqdır ki, müəllim kimi fəaliyyət göstərirəm. 

– Yəqin ki, çox sayda yetirmələriniz də var...

– İstedadlı tələbələrimiz var. Onlardan bir neçəsi Opera Teatrında çalışır, digər bir qismi ölkəmizin orta ixtisas musiqi məktəblərində pedaqoq kimi fəaliyyət göstərir. 

– Həm də musiqi ilə bağlı kitab yazmısınız. 

– Azərbaycan qadınının milli operada, musiqimizdə, ümumən, cəmiyyətdəki yeri haqqında fikirlər məni daha çox düşündürürdü. Ona görə də oynadığım obrazların musiqili təhlilini verməyi qərara aldım. Mən Opera Teatrında sayca 13-cü Leyliyəm. Kitabda Leyli obrazının məndən əvvəlki ifaçılarının musiqi tariximizdəki yerini göstərməyə, onları müasir oxucuya tanıtmağa çalışmışam. 

– Yaradıcılığınızda başqa ­hansı yeniliklər var? 

– Növbəti mahnılar, kliplər üzərində işləyirəm. Böyük konsert verməyi də düşünürəm. Hər bir konsert sənət adamının tamaşaçı ilə canlı görüşü, hesabatıdır. Bu günə qədər 7 solo konsertim olub. İnşallah, davamı gəlir. 

Söhbəti qələmə aldı: 
Ramilə QURBANLI 
XQ 

 

Müsahibə