Bərpaçı rəssam Natiq Səfərovla müsahibə
Əməkdar rəssam və ali dərəcəli bərpaçı Natiq Səfərov Azərbaycan bərpaçılıq məktəbinin banisi Fərhad Hacıyevin tələbəsi olub. 1980-ci ildən mərhum ustadının yaratdığı Respublika Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində bu peşənin sirlərini öyrənməyə başlayıb. İndi tanınmış sənətkardır, MDB Bərpaçılar Assosiasiyası münsiflər heyətinə üzv seçilib, özünün çoxlu yetirmələri var.
Onunla söhbətimizdə ilk sualımız bərpaçılıq sənətinin xüsusiyyətləri barədə oldu. Rəssam gənclik illərini xatırlayaraq dedi:
– Hər adam bu sənətdə axıra qədər səbr göstərə bilmir. Əgər onun daxilində seçdiyi sənətə məhəbbət yoxdursa, çətinliyə qatlaşa bilmir və çıxıb gedir. Peşəsinin vurğunu olanlar qalır və inamla irəli gedirlər. Biz o vaxt maddiyyatla maraqlanmırdıq. Düşünürdük ki, əvvəl nəsə öyrənək, sonra yaxşı olar. Amma indi elə gənclər var ki, gələn kimi qazancla maraqlanırlar. Düşünmürlər ki, yaxşı qazanmaq üçün, ilk növbədə, səbrli, dözümlü olmaq lazımdır. Bu sənət çətin və bir qədər də yorucudur. Biz illərlə incəlikləri öyrənib müəllimimizin etimadını qazanmışıq. Fəxrlə deyirik ki, Fərhad Hacıyevin davamçılarıyıq. Bizim də ardıcılımız olan, sənətimizi davam etdirən gənc nəsil yetişib. Yanımda çalışan şagirdlərim 10–12 yaşından mənimlə birgə bu yolda addımlayırlar. Həmişə çalışmışam ki, sənəti mükəmməl öyrənsinlər.
– Natiq müəllim, bir neçə kəlmə ustadınız haqqında danışardınız...
– Müəllimim Fərhad Hacıyev anamın dayısı oğlu olub, mən də onun yanında böyümüşəm. Buna görə də Fərhad müəllimin işlədiyi bu emalatxana, bu yerlər mənim üçün əzizdir, doğmadır. O, 1929-cu ildə Şamaxı şəhərində dünyaya gəlib – bu il 95 yaşı tamam olur. Əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib, sonra Vasili Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda bərpaçılıq sənətinin sirlərinə dərindən yiyələnib. Hələ tələbəlik illərində 400-dən çox əsəri bərpa edib. O, mənə bacıoğlu kimi deyil, sıradan bir şagird kimi yanaşıb, bəlkə də daha çox tələbkarlıq göstərib. Hər zaman anlatmağa çılışıb ki, peşəkar bərpaçı-rəssam olub, sənət əsərlərinə 2-ci nəfəs vermək, yeni həyat bəxş etmək savab işdir. Çünki bu, mədəni irsi qorumaqdır.
Mən burada sənətin sirlərini öyrənib müvəffəqiyyətlə rəssamlıq məktəbinə qəbul olundum. Artıq yarım əsrə yaxındır ki, bərpaçılıq sənəti mənim ömrümə, günümə yazılıb. Rəngkar kimi də fəaliyyət göstərirəm. Divarda gördüyünüz əsərlərin hamısı mənim əl işlərimdir. Muzeylərdə və Dövlət Rəsm Qalereyasında yaradıcılıq nümunələrim var. Az-çox uğurlarıma görə öncə ustadımın ruhuna borcluyam.
– Bərpaçı rəssamların işinin başlıca önəmi nədən ibarətdir?
– Ümumiyyətlə, dünya incəsənətinin incilərini qoruyub saxlamaq, onların qayğısına qalmaq, zədələnmiş əsərləri həyata qaytarmaq bütün dünya bərpaçılarının şərəf işidir. Əgər bərpaçı rəssamlar olmasa, muzeyə gələn insanlar belə gözəl tarixi əsərləri görə bilməzlər. Onlar həmin əsərlərə yeni ruh verib yaşadırlar. Əsər də canlıdır. O da insan kimi istiyə, soyuğa, aldığı xəsarətlərə reaksiya verə bilir. Elə əsərlər var ki, ümumiyyətlə onu hardasa göstərmək mümkün olmur. Məhz bərpaçılar belə sənət nümunələrinə illərini sərf edirlər. Sonra o əsərlər sərgilərdə nümayiş olunur. Bərpaçının mədəniyyətə və incəsənətə verdiyi zəhməti çox adam görmür, daha dəqiq desək, bilmir. Amma bu gün sənət əsərlərimiz dövlət qayğısı ilə ən yüksək səviyyədə təmin olunub. Elə buna görə xarici ölkələrdə də Azərbaycan incəsənətini uğurla təmsil edir, müxtəlif konfranslar, simpoziumlar və tədbirlərin iştirakçısı oluruq.
– Bərpaçı-rəssam kimi gördüyünüz konkret işlər haqqında nə deyə bilərsiniz?
– Şəki şəhərində Şəkixanovların saray tipli evi var. Bir ara diqqətdən kənarda qalmış, dağılmışdı. 2013-cü ildə həmin tikili bünövrəsindən tutmuş damına qədər kompleks şəkildə tam bərpa olundu. Binanın yenidən qurulmasında mən də çalışmışam. Orada bəzi elementləri təzədən düzəltmək mümkün deyildi. Ancaq mənim təklifimlə həmin hissələr bərpa olundu. Otaqdakı divar rəsmlərini də tam şəkildə bərpa elədik.
Gördüyüm gərəkli, işlərdən biri də 2018-ci ildə olub. Gəncədə Hüsü məscidi var. 2002-ci ildə baş vermiş zəlzələ zamanı binanın bir hissəsi uçulmuşdu. Həmin tikilinin nəzdində Nizami və Puşkin adına kitabxana yerləşirdi. Sonra kitabxananı köçürdülər. Bina baxımsız və qəzalı vəziyyətə düşmüşdü. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva filarmoniyanın açılışı ilə əlaqədar Gəncədə olarkən sakinlər dövlət başçısına həmin binanın yararsız halda olduğunu demişdilər. Sonra Prezidentin xüsusi tapşırığı ilə binaya baxış keçirilmişdi. Uçqunlar binanı dəhşətli vəziyyətə salmışdı. Kitabxana olan hissənin 80 kvadratmetrə yaxın divarında Toğrul Nərimanbəyovun rəsmi var imiş. Tapşırıq verilmişdi ki, o əsər mütləq oradan çıxarılmalıdır. Təsəvvür edin ki, o boyda əsər divara ştukatur – gips suvaqla bərkidilmişdi. Onu divardan çıxartmaq üçün bir çox yerlərə müraciət olundu. İtalyanlar, türklər və başqaları “bacarmarıq”, – deyə bu işdən imtina etdilər. Mənsə boynuma götürdüm. Belə qərara gəldilər ki, şəkli çıxaraq, bərpa edək və Gəncənin mərkəzindəki böyük bir sərgi salonuna köçürək. İnanmazsınız, işlədikcə barmaqlarımızdan qan tökülürdü, hamısı yara olmuşdu. Amma biz əsəri xilas etmək üçün bacardığımızı etdik. Rəsmi divardan hissə-hissə çıxardıq. Bir sözlə, bu gün də vicdanım rahatdır ki, əvəzsiz sənət incisinə yeni nəfəs verdik. Bundan başqa, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının foyesini, Milli Məclisdəki divar rəsmini də bərpa etmişik. Eyni zamanda, respublikanın bütün rayonlarında olan tarix-diyarşünaslıq muzeyləri, rəsm qalereyaları ilə sıx əlaqəmiz var və oralardakı əsərlərin də bərpası ilə məşğul oluruq. 1980-ci illərin əvvəllərində bütün muzeylərdəki nadir eksponatların siyahısını tutmuşuq. O vaxtdan bu sxemlə işləyirik.
– Bərpaçı rəssamlar həm də, sanki, bir ekspert kimi gördükləri işin mahiyyətini dərk etməlidirlər...
– Doğrudur. Tutaq ki, sənətşünas hansısa əsərə baxır, onun kim tərəfindən çəkildiyini, janrını, formasını və s. müəyyən edir. Bizdə isə fərqlidir. Xüsusi rentgen şüaları var. Həmin qurğu vasitəsilə əsərin texnologiyasını, xarakteristikasını aşkar edirik. Bəzən mənim qabağıma 5 dənə mis qab qoyurlar ki, hər biri haqqında məlumat verim. Baxıb deyirəm bunu Lahıc ustaları düzəldib, o biri XIX əsrin sonuna aiddir və s. Təəccüblə bunları haradan bildiyimi soruşurlar. Deyirəm ki, metalın rəngindən, çünki Lahıcda daha çox mis qablar düzəldilir, buna da qalay vurulmayıb, rəngi qırmızımtıldır. Yəni, belə təhlillər bərpaçı-ekspertin işidir. Mənə tez-tez elə ekspert kimi də müraciət edirllər.
– Natiq müəllim, söhbətimizdən bu qənaətə gəldik ki, əsl sənətkar nadir əsərlərin, eksponatların taleyinə biganə qalmamalıdır. Bu, onun həyat amalı olmalıdır! Sizə maraqlı müsahibə üçün təşəkkür edir və yeni uğurlar diləyirik!
Fidan SALMANOVA,
Elşən AĞALAROV (foto)
XQ