“Ata yurdu” tarixinin milli məfkurəli tədqiqatçısı

post-img

Yaqub Mahmudov – 85

AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Yaqub Mahmudov öz araşdırma əsərləri, müəllimliyi və fəal ictimai mövqeyi ilə tanınan böyük ziyalılarımızdandır. Müdriklik yaşının zirvəsində daha əzəmətli görünən böyük alimin həyat yolu hər kəs üçün örnəkdir.

Kitablarını həvəslə oxuduğumuz, elmi məclislərdə, televiziya ekranların­da çıxışlarını hər zaman maraqla izlə­diyimiz Yaqub Mahmudov iki dönəm Bakı Dövlət Universiteti tarix fakültə­sinin dekanı (1986–1990, 1994–2004) olub. Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Milli Məclisin 4 cağırış de­putatı (2000–2020), “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” ordenlərinin la­ureatı, akademik kimi çox məhsuldar fəaliyyəti ilə daim seçilib. 

1939-cu il fevralın 10-da Şəki rayo­nunun Baş Göynük kəndində dünyaya gələn Yaqub Mikayıl oğlu Mahmudov 1962-ci ildə universitetin tarix fakültəsini fərqlən­mə diplomu ilə bitirib, həmin ildə as­piranturada saxlanılıb. 1966-cı ildə “Ağqoyunlu dövlətinin Venesiya Res­publikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60–70-ci illəri)” mövzusunda namizədlik dissertasiyası, 1989-cu ildə isə M.V.Lomonosov adına Mosk­va Dövlət Universiteti tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarı­sı–XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, 1990-cı ildə professor elmi adını alıb. 10 il ərzində Azərbaycan Ensiklo­pediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini vəzifələ­rində çalışıb. Bir müddət Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) dərs deyib, 1981-ci ildən son­ra BDU-da işləməyə başlayıb. 

Tarix fakültəsində dekan olarkən onun sədrlik etdiyi fakültə elmi şu­rası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olun­ması haqqında qərar qəbul edib. Hə­min vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir. Elə həmin dövrdə Yaqub Mahmudov milli azadlıq hərəkatının mərkəzlərindən biri olan tarix fakültəsinin bir qrup tələbəsinin universitetdən qovulmasının qarşısını alaraq 1990-cı ildə dekan vəzifəsindən istefa verib. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 1994-cü ildə dekan vəzifəsinə bərpa olunub. Fakültənin qədim dünya və orta əsrlər tarixi kafedrasının forma­laşması da onun adı ilə bağlıdır.

Yaqub Mahmudov 1991–1992-ci illərdə Azərbaycan Respublikasının ilk Təhsil Qanununu hazırlayan eks­pert-işçi qrupuna rəhbərlik edib. Onun təqdimatı ilə Milli Məclisdə qəbul olu­nan qanun əsasında ölkədə müasir təhsil sisteminə keçilib. Müstəqillik dövrünün ilk “Azərbaycan tarixi” və “Orta əsrlər tarixi” dərslikləri onun qələminin məhsuludur.

Görkəmli alim 1992–1993-cü illər­də Azərbaycan Respublikası Ali Attes­tasiya Komissiyası sədrinin müavini və “Azərbaycan Ensiklopediyası” Nəşriy­yat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb. Sonra düz 17 il AMEA-nın Tarix İnstitutunun direktoru olub. Tarixşünaslıqda ilk dəfə olaraq XV–XVII əsrlərdə Azərbaycanın Avro­pa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını, həmin ölkələrlə danışıqlar aparmış bir çox Azərbaycan diplomat­larının adlarını üzə çıxarıb, fəaliyyətlə­rini açıqlayıb, bu sahədə elmə mühüm yeniliklər gətirib. 

Akademik Yaqub Mahmudov Azər­baycanın diplomatiya tarixi, Azərbay­can və ümumdünya tarixinin ayrı-ayrı dövrlərinə dair 1000-dən çox monoq­rafiya, kitab, dərslik, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə və s. nəşrlərin müəllifidir. O cümlədən, “Öyrənilmə­miş səhifələr”, “Səyyahlar Azərbay­cana gəlir”, “Odlar yurduna səyahət”, “Səyyahlar, kəşflər, Azərbaycan”, “Azərbaycanın Avropa ölkələri ilə əlaqələri”, “Ağqoyunlu və Səfəvi döv­lətlərinin Qərbi Avropa ölkələri ilə qar­şılıqlı əlaqələri (XV əsrin II yarısı–XVII əsrin əvvəlləri)”, “Azərbaycan diplo­matiyası (XV–XVII əsrlər)”, “Azərbay­can tarixində Heydər Əliyev şəxsiyyə­ti”, “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “Heydər Əliyev” (həmmüəllif, 2 cilddə), “İlham Əliyev və Azərbay­can tarix elmi”, “Azərbaycan Respub­likasının tarixi” (həmmüəllif, 2 cilddə), “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” (həmmüəllif), “Real tarix və “böyük Ermənistan” uydurması”, “Saxtakarla­rın yalançı elmi, yaxud ermənisayağı “tarix” kimi fundamental monoqrafiya­larını və başqa kitablarını çap etdirib. Qarabağ, Naxçıvan və İrəvan tarixinə dair Dövlət mükafatına layiq görülmüş fundamental əsərlərin müəlliflərindən biri və naşiridir. İkicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”­nın baş redaktorudur. 18 cildlik “Se­çilmiş əsərləri” çapdan çıxıb. Əsərləri ölkə xaricində (Moskva, London, Va­şinqton, Nyu-York, Ankara, İstanbul, Budapeşt, Buxarest, Varşava, Kiyev, Roma, Qahirə, Seul, Mexiko, İslama­bad, Los Anceles və başqa şəhərlər­də) nəşr olunub.

Azərbaycanda yüksək ixtisaslı ta­rixçi kadrların yetişdirilməsində mü­hüm rol oynamış akademik elmi rəh­bərliyi ilə 72 nəfər fəlsəfə və elmlər doktoru yetirib. O, uzun illər Tarix İnstitutunda “Vətən tarixi”, “Ümumi ta­rix” və “Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları” üzrə ixtisas­laşdırılmış dissertasiya şuralarına rəh­bərlik edib. Habelə diplomatiya tarixi, itirilmiş torpaqlar, soyqırımları tarixi elmi istiqamətləri sahəsində yaratdığı elmi məktəbləri və “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsini yönləndirir. 

Akademik Yaqub Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (2019), Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar elm xadimi, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, Oksford Akademik Birliyinin fəxri pro­fessoru (2019) və digər çoxsaylı fəxri adlara və mükafatlara layiq görülüb. Avropa Təbiət Elmləri Akademiyası­nın (ATEA) Beynəlxalq Mükafat Ko­mitəsinin 2022-ci il 23 dekabr tarixli qərarı ilə “Fenomen” (“Leonardo da Vinçi”) ordeni və “Avropada ilin alimi” beynəlxalq mükafatı ilə təltif olunub. Onun tərcümeyi-halını, həmçinin 7 beynəlxalq akademiyanın, o cümlədən İtaliyanın Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının, Avropa Tə­biət Elmləri Akademiyasının, İtaliyanın Bonifasiana Akademiyasının həqiqi üzvü adları, ATEA-nın “Qotfrid Vilhelm Leybnits” medalı və “Fəxri Legion” or­deni bəzəyir. 

Hörmətli ziyalımız, görkəmli alim, akademik Yaqub Mahmudova Azər­baycan elminin tərəqqisi naminə çalış­malarında və ictimai fəaliyyətində yeni uğurlar arzulayırıq! 

Ə.ƏLİYEV
XQ

Mədəniyyət