Yeni xidmət müəssisələri
Sosial Xidmətlər Agentliyi tərəfindən bu il Bakının Sabunçu, Suraxanı və Qaradağ rayonlarında yeni sosial xidmət müəssisələrinin açılması nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XQ-yə verilən məlumatda deyilir ki, bu müəssisələrdə həssas əhali qruplarından olan, xüsusi qayğıya ehtiyac duyan şəxslərə sosial-tibbi, sosial-hüquqi, sosial-psixoloji və digər xidmətlər göstəriləcək. Məqsəd sosial xidmət infrastrukturunun genişləndirilməsi, həssas qrupların sosial xidmətlərə əlçatanlığının artırılmasıdır.
Qeyd edilir ki, Sosial Xidmətlər Agentliyi bu kateqoriyadan olan şəxslərin ailə mühitində yaşamasının təmin edilməsi məqsədilə müəssisələrdə müvafiq sosial-reabilitasiya və reinteqrasiya işlərini davam etdirir.
“Birlikdə öyrənək!”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi eşitmə və nitq məhdudiyyəti olan şəxslərin hüquqlarının təmin edilməsi, onların cəmiyyətə inteqrasiyası, işarət dilindən istifadənin tanınması və həvəsləndirilməsi məqsədilə növbəti həftədən etibarən “Surdo-İnfo” və “İnklüziv cəmiyyət üçün birlikdə öyrənək!” adlı layihələrə start verir.
Hər həftənin cümə axşamı nazirliyin rəsmi sosial şəbəkə hesablarında yayılması nəzərdə tutulan “Surdo-İnfo” informasiyanı sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin etmək məqsədi daşıyır. Eşitmə və nitq məhdudiyyəti olan şəxslər artıq nazirliyin fəaliyyət istiqamətləri üzrə məlumatları surdotərcüməçi vasitəsilə əldə edə biləcəklər.
“İnklüziv cəmiyyət üçün birlikdə öyrənək!” adlı digər layihə isə hər həftənin çərşənbə axşamı sosial şəbəkə izləyiciləri üçün yeni dil – işarət dilinin onlayn tədrisinə başlayacaq. Qeyd edək ki, işarət dili eşitmə və danışma məhdudiyyəti olan insanlarla ünsiyyət qurmaq üçün istifadə olunur. Bu rubrika vasitəsilə hər kəs işarət dilini sıfırdan öyrənmə imkanı qazanacaq.
1,8 milyon əmək müqaviləsi
Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində görülən kompleks tədbirlər nəticəsində əmək müqavilələrinin sayında artım dinamikası davam edir.
2024-cü ilin yanvar ayında ölkəmizdə əmək müqavilələrinin sayı 7,2 min müqavilə və ya 0,4 faiz artaraq 1 milyon 816 min olub.
Əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. Bu ilin ilk ayında əməkhaqqı fondunda daha 0,9 faiz artım qeydə alınıb.
Ümumilikdə, 2018–2023-cü illərdə əmək müqavilələrinin sayında 38 faiz, əməkhaqqı fondunda isə 2,7 dəfə artım baş verib.
Yeni bərpa vasitələri
Əlillərin reabilitasiya vasitələri ilə təminatı sisteminin qabaqcıl dünya təcrübəsi əsasında gücləndirilməsi istiqamətində tədbirlər davam edir. Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısı”nda və “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda dəyişiklik edilməsinə dair təkliflər hazırlayıb.
Nazirlikdən XQ-yə bildiriblər ki, ÜST-nın təsnifatına uyğun qruplaşdırma aparılır və təkliflərdə siyahıdakı reabilitasiya vasitələri növlərinin sayının 57-dən 81-ə çatdırılması nəzərdə tutulur. Qeyd edilir ki, həmin növlərin adları əlillərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısına əlavə ediləcək. Siyahıya əlavə olunması təklif edilən növlərin sırasına gəzinti üçün təkərli hərəkət vasitəsi (rollator), tutacaq (kiçik əşyaları götürmək üçün), yıxılma detektorları, daşına bilən panduslar, sanitar qovşaq və hamam otaqları üçün tutacaqlar, hopdurucu bez və mələfə, ayaq əyriliyi breketləri, fərdi həyəcan siqnalizasiya sistemləri, brayl əlifbası ilə yazılmış saat, brayl sistemi ilə yazı üçün cihaz və digər reabilitasiya vasitələri daxildir.
Xatırladaq ki, 2020-ci ildə nazirliyin təklifləri əsasında həmin siyahıya 23 reabilitasiya növü də daxil edilərək siyahıdakı reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatdırılmşdı.
Reabilitasiya avtobusu
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2022-ci ildən icrasına başladığı “RehaBus” (Reabilitasiya Avtobusu) layihəsi çərçivəsində əlil olan 1250 şəxsə xidmət göstərilib.
Agentlikdən bildiriblər ki, layihənin məqsədi Bakı və ətraf ərazilərdə yaşayan əlillərin ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaq, müvafiq müəssisəyə asan, rahat şəkildə çatmasını təmin etməkdir.
Belə ki, reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun müxtəlif ərazilərində əvvəlcədən təyin olunmuş gözləmə məntəqələrindən əlilliyi olan uşaqları (onları müşayiət edən yaxınları ilə birgə) götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır. Reabilitasiya proseduru bitdikdən sonra isə onlar yenidən geri qaytarırlar.
Gəncsən–işləməlisən!
Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramlarının əsas hədəflərindən biri də gənclərin məşğulluq imkanlarının artırılmasıdır. Bu istiqamətdə işlərin davamı olaraq agentlik tərəfindən ötən il 41 min 538 gənc münasib işlərlə təmin edilib, 3 minədək gənc üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb, 5 min 5 gənc peşə hazırlığı kurslarına cəlb olunub, əsasən gənclərdən ibarət 281 min 539 şəxsə peşəyönümü məsləhət xidmətləri göstərilib.
Eyni zamanda, son bir ildə “Səyyar kofe evləri” layihəsi çərçivəsində də 20 nəfər işsiz şəxsə lazımi avadanlıqlar verilərək onlar üçün səyyar kofe satışı üzrə kiçik bizneslər yaradılıb. Ötən il 10 rayon və şəhərdə keçirilən Peşələr Festivalı isə, əsasən, gənclərdən ibarət iştirakçıların peşələr üzrə bacarıqlar və peşə sahələri üzrə inkişaf etməyin yolları barədə məlumatılığının artırılmasında önəmli rol oynayıb. Son illərdə gənclərlə bağlı icra olunan məşğulluq layihələrinin davamı olaraq hazırda “İrəliləyiş” layihəsi də icra olunur. Bu layihə gənclərin beynəlxalq normalara uyğun təcrübə proqramları əsasında karyera bacarıqlarını inkişaf etdirməyə yönəlib. Layihə üzrə 1500 gəncin təcrübə proqramlarına cəlb olunması nəzərdə tutulub.
Eləcə də Bakı və bölgələrdə gənclər üçün vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkalar təşkil olunur, “Alo karyera” dəstək xidməti fəaliyyət göstərir. Gənclər bu tədbirlərdə karyera planlaması, düzgün ixtisas/peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq və s. mövzular üzrə məlumatlandırılır.
Əlillər üçün daha 4 mərkəz
Sosial Xidmətlər Agentliyi tərəfindən 18 yaşınadək əlillər üçün yeni sosial xidmət mərkəzləri yaradılacaq. Yeni mərkəzlərin Bakının Yasamal rayonunda və Hacıqabul, Göyçay, Ağdam rayonlarında yaradılması nəzərdə tutulub.
Yaxın vaxtlarda istifadəyə veriləcək həmin 4 yeni ixtisaslaşmış sosial xidmət mərkəzində 18 yaşınadək əlillərə sosial reabilitasiya xidmətləri göstəriləcək. Həmçinin onların valideynlərinin bilik və bacarıqlarının artırılması məqsədilə fəaliyyət və tədbirlər də həyata keçiriləcək. Məqsəd həmin şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərinin formalaşmasını, onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin etməkdir.
Son illərdə Abşeron rayonunda və paytaxtın Sabunçu, Nərimanov rayonlarında belə mərkəzlər yaradılıb və ötən dövrdə bu mərkəzlərdə 650-dək uşağın reabilitasiyası işləri uğurla başa çatıb.
Zərifə HÜSEYNOVA
XQ