Kinoa And dağlarından İsmayıllıya gəlib…

post-img

Taxılın alternativi olan bu bitki “Bəşəriyyətin xilaskarı” adını qazanıb

İsmayıllı rayonunun Qarakər kəndində yaşayan fermer Natiq Əliyev keçən il 1 hektar sahədə kinoa bitkisi yetişdirməsi barədə təcrübəsini sosial şəbəkəbə bölüşüb. O, becərmə dövrünün 4 ay çəkdiyini, 2 tona yaxın məhsul əldə etdiyini bildirir. Fermer əlavə edir ki, bu bitki torpağın şoranlığını aradan qaldırır, eyni zamanda, münbitləşdirir. Yeri gəlmişkən, kinoa bitkisinin dünyada 120-dən çox növü var. Onun qara, qırmızı və qəhvəyi rəngli növlərinə isə daha çox rast gəlinir. 

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun məlumatına əsasən, kinoa bitkisi bir çox faydaları ilə sağlam qida kimi tanınmaqla dünya əha­lisinin diqqətini cəlb edib. Vətəni Cənubi Amerika və And dağları olan bu bitki Hi­malay və Tibet dağlarında da yetişdirilir. Son illərdə kinoanın becərilməsi ilə Bo­liviya, Uruqvay və Perudada da məşğul olurlar. 

Sözügedən bitkinin idxalında ABŞ 90 faizlə liderlik edir. Ətrafımızda baş verən müxtəlif iqlim dəyişkliyi insanların ərzağa olan tələbatının ödənilməsi üçün taxıla al­ternativ olan bitkilərin qida rasionuna daxil olmasını şərtləndirir. Bu baxımdan kinoa bitkisi taxılın alternativi kimi, duzluluğa da­vamiyyəti, yüksək keyfiyyəti və müalicəvi xüsusiyyətlərinə görə fərqlənir. 

2013-cü il NASA tərəfindən dünyada “Kinoa ili” elan olunub. Bu isə bitkiyə olan marağın daha da artmasını şərtləndirib. Bir çox xüsusiyyətlərini nəzərə alaraq Azərbaycanda da bu bitkinin becərilmə­sinə fermerlər tərəfindən zəmin yaranıb. Artıq ölkəmizə kinoa bitkisinin yeni sort­larının toxumları gətirilib. “Bəşəriyyətin xi­laskarı” adlandırılan bu bitki bölgə iqliminə uyğunlaşdığı üçün kütləvi şəkildə əkini planlaşdırılır. Bəs, kinoa bitkisinin ölkəmiz üçün hansı perspektivləri var? 

Kinoa bitkisinin sortlarının toxumları Azərbaycana Kənd Təsərrüfatı Nazirliyi yanında Əkinçilik Elmi-Tədqiqat İnstitu­tu tərəfindən gətirilib. Hazırda ölkənin bir neçə bölgəsində test üsulu ilə becərilir. Kinoa bitkisinin müsbət xüsusiyyətləri çox­dur. Ən əhəmiyyətli cəhəti isə “super oksid dismutaz” fermenti ehtiva etməsidir. Bu ferment yaşlanmağı gecikdirir, dərinin qo­calmasının qarşısını alır. Hazırda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təcrübə sahələ­rində Türkiyədən gətirilən kinoa bitkisinin müxtəlif formalarının təcrübə məqsədilə əkini həyata keçirilir. Kinoa bitkisinin əkini zamanı bir hektara, təxminən, 5 kiloqram toxum səpilir. Toxumlar kiçik olduğu üçün torpaqdakı dərinliyi 1-2 santimetr olmalıdır. Cərgəarası məsafə isə 45-60 santimetr arasında dəyişə bilər. 

Bitkinin vegetasiya dövrü 120 gündür. Məhsulun yığılması isə sentyabr ayında nəzərdə tutulub. Məhsuldarlıq regionlara uyğun olaraq dəyişir. Məsələn, Türkiyə­də quraqlıq şəraitdə hər hektara 1,5 ton, suvarılan ərazilərdə isə 2-3 ton məhsul yığılır. Kinoa bitkisinin vətəni olan Cənubi Amerikada isə bir hektar sahədən 9 ton məhsul əldə edilir.

Bu bitkinin təsərrüfatlara inteqrasiya olunması, fermer təsərrüfatlarında əki­lib-becərilməsi Kənd Təsərrüfatı Nazirliyi yanında Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən həyata keçirilir. Düzdür, hələlik, ölkəmizdə kinoa əkini sahələri o qədər də çox deyil. Lakin gələcəkdə bu sahələrin daha da genişləndirilməsi istisna edilmir. 

Yeri gəlmişkən, kinoa bitkisi quraqlığa davamlı olduğuna görə quraq bölgələrdə çox böyük ərazilərdə becərilə bilər. Hazır­da bitkinin müxtəlif bölgələrdə becərilərək hansı şəraitə uyğun olması araşdırılır. İlkin nəticələr onu deməyə əsas verir ki, bu bitki Abşeron və Saatlı rayonları üçün daha münasibdir. Bununla yanaşı, hazır­da eyləqan və Tərtər rayonları ərazisində də əkilən kinoa bitkisinin elmi əsaslarla öyrənilməsi davam etdirilir.

Qeyd edək ki, hazırda dünya bazarın­da kinoa bitkisinin 1 kiloqramı, təxminən, 20–50 dollar arasında dəyişir. Bu da, əsasən, onun növündən və tərkibindəki qidalılıq səviyyəsindən aslıdır. Ölkəmizdə isə bitkinin 1 qramı, təqribən, 12–15 ma­nata satılır. 

XQ

Sosial həyat