XX əsrin sonu, XXI yüzilin başlanğıcı Azərbaycanın çətin və sonu şərəflə bitən 35 illik mübarizə və müharibə dövrünün ictimai-siyasi fikir tarixi, bu müddətdə ziyalılarımızın mövqeyi, xidmətləri gözdən keçirilərkən adı minnətdarlıqla çəkilməli olan qələm sahiblərdən biri Azərbaycanın Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Kamran Rüstəmovdur.
Mən Kamran müəllimi keçən yüz-ilin səksəninci illərindən bir alim, ictimai xadim kimi uzaqdan-uzağa tanımışam. Lakin onunla yaxından tanışlığım, ona böyük hörmətim, əsasən, internet səhifələrindəki müzakirə və mübahisələrimizdən, onun sosial mediadaki yazılarından başlanıb.
Kamran Rüstəmov, hər şeydən öncə, bir alimdir. İnstitutu bitirdikdən sonra qısa müddətdə assistentlikdən kafedra müdiri vəzifəsinə qədər yüksəlmiş, namizədlik və doktorluq dissertasiyalarını uğurla müdafiə etmiş, dosent və professor elmi adları almışdır. Böyük Britaniyada elmi təcrübə keçmişdir (1977–1978).
O, elm və texnikanın müxtəlif sahələrində dəyərli elmi araşdırmaların müəllifidir; neft və qaz yataqlarının istismarı və işlənməsi, qazma hidravlikası, qeyri-Nyuton sistemlərinin mexanikası sahəsində gördüyü işlər rəğbətlə qarşılanmışdır.
Kamran müəllim ilk dəfə olaraq anormal şəraitdə boru kəməri sistemlərinin iş rejimlərinin qaz-dinamik nəzəriyyəsini, eləcə də borularda ikifazalı axınların təsnifat modellərini və onların hesablanması üsullarını işləyib hazırlamışdır.
Eləcə də bina konstruksiyalarını və mikroiqlim sistemlərini birləşdirən üsulları yaratmağa imkan verən bina iqlimologiyasının riyazi əsaslarının işlənməsində onun özəl xidməti vardır.
Kamran Rüstəmov 300-dən çox elmi əsərin, monoqrafiyanın, dərs vəsaitinin, məqalənin müəllifidir. Onun yetirmələri olan elmlər doktorları və namizədləri, mütəxəssislər respublikanın hüdudlarından kənarda da çalışırlar. Elmi araşdırmaları yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, o, Rusiya Memarlıq və İnşaat Elmləri Akademiyasının xarici üzvü seçilmişdir.
Məni maraqlandıran və bu məqaləni yazdıran səbəb texnika elmləri üzrə alimliyindən, pedaqoqluğundan əlavə, Kamran Rüstəmovun iti qələm sahibi, istedadlı bir jurnalist olmasıdır. O, siyasi publisistika ustasıdır. Cəbhə xəttində olduğu kimi, açılan atəşi anındaca susdurmağı bacarır. Onun siyasi publisistikasının bir özəlliyi də yüksək elmi biliyə, dəqiq tarixi mənbələrə söykənməsindədir. O, öz yazılarında həm də bir tarixçidir, sosioloqdur, coğrafiya və beynəlxalq hüquq mütəxəssisidir, dünya sivilizasiyasının və mədəniyyətinin keçdiyi yolları dərindən bilən ziyalı və əsl dialoq ustasıdır.
Əsl ziyalı xalqın dar günüdə öz ixtisası ilə məşğul olmaqla bərabər, əməyi ilə, sözüylə ədalət yolunda, xalqının haqq səsini dünyaya çatdırmaq yolunda bir fədai olmağı bacarmalıdır. İnsanın şəxsiyyət və vətəndaş kimi gücü, qabiliyyəti, xarakteri, potensialı məhz belə zamanlarda üzə çıxır...
1992-ci ildən Kamran müəllim rusdilli ictimaiyyəti maraqlandıran bir çox məsələlərlə bağlı məqalələr dərc etdirir. Onun yazıları Azərbaycan, Rusiya və bir sıra ölkələrin mətbuat səhifələrində dərc olunur.
Aqressiv erməni qüvvələri Azərbaycan torpaqlarına ərazi iddiaları irəli sürəndə Kamran Rüstəmov əsl həqiqəti rusdilli ictimaiyyətə çatdırmaq yolunu tutdu.
Erməni tarixçilərinin Cənubi Qafqazda yaşayan xalqların tarixinə dair yalan və saxtakarlıqla dolu yazılarının ifşası, Rusiya–Azərbaycan münasibətlərinin qarşılıqlı faydalı əməkdaşlıq əsasında möhkəmləndirilməsi və s.onun əsas mövzuları oldu.
Ötən illər ərzində Kamran Rüstəmovun müxtəlif saytlarda, whatsap qruplarında yaydığı məqalələri izləmişəm və düşmən mətbuatını susdurmağı bacaran belə hazırlıqlı, yorulmaz, ağıllı bir azərbaycanlı qələm sahibinin olmasına ürəkdən sevinmişəm. O, erməni mətbatını izləyir və gecikdirmədən münasibətini bildirir.
Azərbaycandan ayrılıb gedənlərin bir hissəsi, təəssüf ki, Vətənin dilindən və qayğılarından da uzaqlaşırlar. Bir çoxu xarici informasiya sistemlərinin təsiri altına düşür, başqa ideologiyalara uyur. Amma Kamran Rüstəmov Azərbaycanla nəfəs alır. Ölkəmizdə baş verən olayları, siyası prosesləri diqqətlə izləyir. Haqqımızda yazılan böhtanlardan vaxtında xəbər tutur və onlara son dərəcə tutarlı, kəsərli cavablar verməyi bacarır. Onun yazılarını fərqləndirən cəhət konkret tarixi faktlara söykənməsində və beynəlxalq hüququn tələblərinə uyğun olmasındadır.
Kamran Rüstəmov yazılarında çox vaxt bir tarixçi kimi çıxış edir. Bölgəmizdə yaşayan xalqların 3-4 min illik tarixindən gətirdiyi misallarla rəqiblərini susdurmağı bacarır. O, həm də tarixi şərait üzündən xalqların yaşadığı faciələri, miqrasiya proseslərini, işğalçıların gətirdiyi faciələri, özəlliklə Batı dünyasının türk-müsəlman mühitinə qarşı amansız siyasətinin iç üzünü etibarlı mənbələr əsasında açıb göstərir.
Ermənistanın işğalçılıq müharibəsi, torpaqlarımızın iyirmi faizinin işğal edilməsi, 30 il ərzində beynəlxalq aləmin bu işğala biganə qalması, ikili ermənipərəst siyasətin gətirdiyi faciələr Kamran Rüstəmovun məqalələrində ardıcıl şəkildə təhlil edilir. Təbii ki, qonşularımız belə bir sərt və obyektiv mövqeyi görəndə hər cür riyakarlığa və çılğınlığa əl atırlar. Lakin Kamran Rüstəmov düşmən həyasızlığı qarşısında heç vaxt geri çəkilməyib. O, təkbaşına, heç bir yerdən yardım almadan bütöv bir jurnalist dəstəsinin işini görür. Yazılarının statistikası bunu aydın göstərir. Təkcə son illərdə Ermənistan–Azərbaycan savaşı və bunun acı nəticələri haqqında 5000-dən çox məqalə yazıb. Bu, təxminən, 15–20 cild kitab deməkdir.
Kamran Rüstəmovun dərc etdirdiyi elə-belə, gəlişigözəl yazılar deyil. Hər biri konkret hadisə ilə bağlıdır; düşmənin yalanlarına bir cavabdır. Onların riyakarlığını ifşa edir.
Buna görə də o, internet səhifələrində daim təhqirlərlə və təzyiqlərlə üz-üzədir. Mən Kamran Rüstəmovun təkbaşına savaşının bir əsgər fədakarlığının harada yaşamasından asılı olmayaraq, Vətən yolunda sona qədər mübarizə aparmağı həyat amalı seçmiş bir fədai qəhrəmanlığı ilə müqayisə edərdim. Döyüş zamanı əsgər düşmən qarşısında təklənəndə nə qədər qeyri-adi bir qeyrət və igidliklə müqavimət göstərirsə, söz aləmində bəzi qələm sahiblərimiz də, təxminən, bu cür cəsarət və fədakarlıq göstəriblər.
Kamran Rüstəmov Moskvada yaşayır, Siyasi Kommunikasiyaların Modelləşdirilməsi Mərkəzinin elmi rəhbəridir, lakin əslən Şuşalıdır və yazılarını oxuyanda mənə həmişə elə gəlib ki o, Qarabağdan uzaqlarda Şuşa kimi alınmaz bir qalada oturub, düşmənlərin atdığı daşlar onun halını pozmur, haqlı, ədalətli olduğunu bildiyindən güclüdür və əslində, bütün millətin adından danışır.
Biz informasiya mübarizəsində güclü olmaq istəyiriksə, Kamran Rüstəmov kimi müəlliflərə arxa durmalı, kömək etməli, onları əl üstündə saxlamalı, heç bir maddi, mənəvi sıxıntı duymadan, sözlərini ürəklə demələrinə şərait yaratmalıyıq. Bu sözlərimin ünvanı xalqımızın bütün imkanlı adamları və bəzi dövlət qurumlarıdır...
Sabir RÜSTƏMXANLI