Fəthin sultanı

post-img

Sultan Fateh Mehmet (1432-1481) Osmanlı tarixinin ən böyük dövlət adamı və sərkərdələrindən sayılır. O, tarixə, ilk növbədə, İstanbulun fatehi kimi düşüb. Ölkəsinin sərhədlərini genişləndirib, hərbi qüdrətini gücləndirib. Onun iqtidarı dönəmində, eyni zamanda, ölkədə elmə, təhsilə diqqət və qayğı göstərilib. 

Uşaqlıq və yeniyetməlik illərində gələcək fateh sevimli müəllimi Molla Guranidən din elmlərini öyrənirdi. Bir gün alim dərsinə yaxşı hazırlaşma­yan gələcək sultanın əlinə çubuqla vurmuşdu: “Bu, itaət etməyin üçün idi, indi çalış!” Bu əmrdən sonra Mehmet, həqiqətən, dərslərini daha yaxşı öyrən­məyə başlamışdı. 

Anası və dayələrinin himayəsində böyüyən Mehmet sultanlığa namizəd kimi Manisa vilayətinə vali göndəril­mişdi. Burada özünü müsbət cəhətdən göstərməyi bacarmışdı. Lakin gənc şahzadə dövlətin taleyi üçün narahat idi. Həmin dönəmdə Osmanlı xanənda­nı yeni təhlükə ilə üz-üzə qalmışdı. Ma­car və Serb hökmdarları Dunay çayının cənubundan Osmanlı ərazilərinə tez-tez basqınlar təşkil edirdilər. Mehmetin atası Sultan İkinci Murad 1443-cü ildə düşmən ordusunu İzaldidə (hazırda Bolqarıstanda yerləşir) dayandıra bildi. Macarlarla bağlanan saziş Mehmetin artıq on iki yaşında taxta çıxmasına sə­bəb oldu. Ancaq dövləti sədrəzəm Çan­dıralı Xəlil paşa idarə edirdi. 

Sultan İkinci Murad dövlətin daha böyük böhrana düşməməsi üçün bu addımı atmışdı. Lakin bununla yanaşı gənc sultanın ətrafında paşalar ara­sında kəskin rəqabət baş qaldırmışdı. Bu arada taxt-taca iddialı olan Orxan Çələbi üsyan qaldırdı. Üsyan iflasa uğ­rayandan sonra, Orxan Bizans paytax­tına qaçdı. 

Atası İkinci Muradın ölümündən sonra o, 1451-ci lin fevralında ikinci dəfə Ədirnədə taxta çıxdı. Sultan döv­lət işlərinin ixtiyarını yenə də Çandıralı Xəlil paşaya həvalə etmişdi. 

Sultan Mehmet İstanbulun fəthinə hazırlaşırdı. Avropa da bundan duyuq düşmüşdü. O zaman Fransa kralı xaçlı ordusuna rəhbərlik etməyi öz boynuna götürmüşdü. Parisdə hesab edirdilər ki, hələ ki, Osmanlıda hakimiyyət gənc pa­şanın əlindədir, bu dövləti çökdürmək çətin olmayacaq. 

Lakin sultan fikrində qərarlı idi. İs­tanbul nəyin bahasına olursa-olsun, ələ keçirilməli idi. İlk türk hərbi birlikləri 1453-cü il aprelin 5-də Bizans imperi­yasının paytaxtına çatdılar. “Ya mən İs­tanbulu alacağam, ya da İstanbul məni qeyb edəcək”. Gənc sultan taleyinin bu döyüşdən asılı olduğunun fəqində idi. O, ağır savaşdan öncə Bizans impera­toruna şəhəri döyüşsüz təslim etməsini tələb etdi. Lakin imperator buna razı olmadı, bununla yanaşı, osmanlılara vergi ödəyə biləcəyini də söylədi. 

Beləcə, orta əsrlərin ən möhtəşəm şəhərlərindən olan Konstontinopol İstanbul uğrunda ölüm-qalım savaşı başlandı. Şəhər alınmaz qala hesab olunurdu. Türklər ilk döyüşlərdə ağır it­kilər verməli oldular, lakin inadlarından dönmədilər. Bu savaşda Sultanın bö­yük sərkərdəlik qabilliyyəti üzə çıxdı. O, ən çətin anlarda ən düzgün və cəsarətli qərarlar vermişdi. Fateh titulu onun ha­lal haqqı idi! 

Nəhayət, 1453-cü il mayın 29-da Konstantinopol (türklər şəhəri İstanbul deyə çağırmağa başladılar) fəth olundu. Fateh səcdəyə qapandı, torpağı öpdü. Aya Sofya məbədinə sığınan yunan əhalisinin canına toxunulmayacağını vəd etdi. O, şəhərin tarixi mədəniyyətinə sayğı göstərdi. Şəhərin dinc əhalisinə aman verilməsi Sultanın “Biz torpaqları deyil, ürəkləri fəth etməyə gedirik“ me­sajının fəlsəfəsinə tam uyğun idi. 

Sultan Mehmet elmə və mədəniy­yətə dəyər verən hökmdar idi. Onun kitabxanası çox zəngin idi. Mənbələr qeyd ediblər ki, Fateh həm Şərq, həm də Qərb ədəbiyyatını orijinal dillərindən oxuya bilirdi. Onun hətta səkkiz dil bil­diyi iddia olunur. 

Fateh özündən sonrakı Osmanlı padşahlarının dörd əsr ərzində yaşa­dıqları məşhur “Topqapı” sarayını da inşa etdirmişdir. Bu sarayın tikintisi zamanı Abbasilər, Teymurilər və Ağqo­yunlu dövlətlərinin memarlıq ənənələ­rindən də istifadə olunmuşdur. Xarici səyyahlar sarayın möhtəşəmliyi qarşı­sında heyran qalmışdılar. 

Müasirləri qeyd edirlər ki, Fatehin sarayı o dövrün böyük elm məbədi he­sab olunurdu. Müsəlman, yaxud xristi­an olmasından asılı olmayaraq, böyük alimlər sultanın hüzurunda toplaşardı­lar. Hökmdarın özü də elmi polemika­larda iştirak edirdi. Beləliklə, Osmanlı­nın gücü və qüdrəri durmadan artırdı. 

Ceyhun MİRZƏLİ,
kulturoloq

Sosial həyat