Turan pələngi

post-img

Turan pələngi nəsli kəsilmiş pələng növüdür. Əsasən türk xalqları­nın yaşadığı ərazilərdə, o cümlədən, Azərbaycanda məskunlaşmışdı, adı da bunu göstərir. Gücünə və çevikliyinə, gözəl görünüşünə görə onlardan qədim Romada qladiator döyüşlərində istifadə olunurmuş. Sonuncu üç Turan pələngi 1955–1960-cı illərdə Almaniyanın Hamburq şəhərinin Hagenbek zooparkında görünmüşdür. Zooloqlar bu növün nəslinin kəsildiyini 1970-ci ildə təsdiqlədilər.

“Biri var idi, biri yox idi…”

Biri var idisə, yox oldu nədən?

Yəqin ki, nağıllar xəbərdar edir:

Gələn qalmır, çıxıb gedir səhnədən.

 

Kökünü kəsdilər, Turan pələngi,

Adını tarixdən silmək cəhdi var!

Başından qapdılar tacı, çələngi,

Zalımlar etdilər taxtını tarmar.

 

Yerə, göyə lərzə salan nəriltin

Musiqi dilində “cəngiyə”döndü.

Eşidilmir səsin, yoxdur hənirtin,

Bəxtinin çırağı çox vaxtsız söndü.

 

Zamanlar boyunca acgöz haqsızlar

Turan məkanını hey taladılar.

Andıqca, qandıqca ürəyim sızlar,

O bay ellərini parçaladılar!

 

Qəsdən qurudulur Urmiya gölün,

Kaş o da “biri var idi” olmasın!

Yolunu gözləyir hər meşən, çölün,

Qayıt, oylaqların yada qalmasın!

 

Şikayətim də var məndən özümə,

Qılınc çalıb sənə qahmar çıxmadım.

Tanrı yadigarım, görün gözümə,

Boyuna doyunca sənin baxmadım!

 

Qulağım səsdədir, xoş xəbər yolla,

Boz xəyallarıma mənim tuş ol gəl.

Karvanlar qayıdar getdiyi yolla,

Eləcə onlara sən də qoşul gəl!

 

Hökmün işləyərdi sənin hər yana,

Sən idin bu yerin xaqanı, xanı.

Həsrət atəşində mən yana-yana

Baxıram, görmürəm, ləpirin hanı?!

 

Dayanıb olumla ölüm üz-üzə,

Gecikmə Turanın çətin çağında.

Kaş səni yenidən göndərə bizə,

Göy Tanrım özünün göyqurşağında.

 

Əliş ƏVƏZ
Moskva

 

Sosial həyat