Özbəkistanlı şairin kitabları təqdim olunub

post-img

Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) birgə təşkilatçılığı ilə qardaş Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş kitablarının təqdimat mərasimi təşkil olunub. 

AYB-nin katibi Səlim Babullaoğlu giriş sözündə Xasiyyət Rüstəmin yaradıcılığı, onun Özbəkistanla Azərbaycan arasın­dakı ədəbi-mədəni əlaqələrdəki rolundan danışıb. AYB-nin digər katibi İlqar Fəhmi çıxışı zamanı qardaş xalqlar arasında ta­rixən mövcud olmuş əlaqələrin günbəgün artmasını, bu inkişafda Xasiyyət Rüstəm kimi ədəbiyyat-mədəniyyət xadimlərinin xidmətinin alqışa layiq olduğunu vurğu­layıb. DGTYB başqanı İntiqam Yaşar Xasiyyət Rüstəmin kitablarının Azərbay­canda təqdimatını əlamətdar ədəbiyyat hadisəsi adlandırıb, onun yaradıcılığında Qarabağ mövzusunun qırmızı xətt kimi keçdiyini söyləyib. Filologiya elmləri dok­toru, professor Ramiz Əskər Özbəkistan–Azərbaycan ədəbi əlaqələrinin tarixindən, bu ədəbi əlaqələrdə ədiblərin fədakarlı­ğından danışıb. O, bu vaxta qədər 60-dan artıq kitab tərcümə etdiyini, bu kitabların 26-nın Özbəkistan ədəbiyyatından oldu­ğunu bildirib. 

Daha sonra çıxış edən Özbəkistanın Xalq yazıçısı Erkin Azam, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Məcid, “Zirvə” Mədəniyyət və İncəsənət İctimai Birliyinin sədri Şahin Qədir, yazıçı Kənan Hacı və başqaları qardaş xalqlar arasındakı ədəbi əlaqələrdən bəhs edib­lər.

Özbəkistanın “Şöhrət” medalı laureatı Xasiyyət Rüstəm tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini vurğulayıb, şe­irlərindən nümunələr səsləndirib.

XQ

Son xəbərlər