V yazı
Elmi ədəbiyyatda “türkmən” etnoniminin yaranması ilə bağlı müxtəlif fərziyyələr irəli sürülür. Bəzi alimlər hesab edirlər ki, bu söz “türk” və “mən” sözlərinin birləşməsindən yaranmışdır, “mən türkəm” və ya “türk mənəm” mənasını verir. Digər mənbələrdə isə bu sözün “tərəkəmə” sözünün cəmi olan “tərəkəmun”dan meydana gəlməsinə, bəzilərində isə “türkəmənd” biçimində işlənməsinə rast gələ bilərik ki, bu da “türkəbənzər” deməkdir.
Orta əsrlərdə Orta Asiyadan Balkanlara qədər ərazidə yaşayan türkdilli xalqlar, həm özləri, həm də başqaları tərəfindən türkmən (o cümlədən, azərbaycanlılar) adlandırılırdılar. İndi onların arasından yalnız Anadolu kəndlərində yaşayanların bir qismi, İraqda yaşayan türkmanlar, bir də Türkmənistanda yaşayanlar özlərinə türkmən deyir. Azərbaycanda bu söz “tərəkəmə” şəklində qalıb. “Tərakimə” ərəb sözüdür, “türkmənlər” deməkdir. Ərəb mənbələrində türkmənlərin Türkmənistan, Əfqanıstan və İranda yaşamış türkmən tayfası olduğu qeyd edilir.
Qısa haşiyəyə çıxaraq onu da vurğulamaq lazımdır ki, mühüm geosiyasi və iqtisadi mövqeyə malik olan İraq əhalisinin 20 faizi (müxtəlif mənbələrdə bu faiz dərəcəsi dəyişir) türkman adlandırılan əhalinin payına düşür. Özü də türkmanların dili daha çox azərbaycancaya yaxındır.
Türkmanlar barəsində İslam Ensiklopediyasında deyilir: “İraq türkmənləri, yəni oğuzcanın azəri türkcəsini danışan türklər”. Bəzən türk mənbələri türkmanların Osmanlı türklərinin bir qolu olduğu barədə fikir söyləyirlər. Həmçinin oxşarlıq kimi türkmanların dilində Osmanlı türklərinin leksikasına məxsus sözlərin olmasını göstərirlər. Ancaq türkman yazı dilində Osmanlı türkcəsinin elementləri özünü göstərməsinə baxmayaraq, xalq dilinə olan təsiri qüvvətli olmayıb. Bəzi fərqləri nəzərə almasaq, İraq türkmanlarının ləhcəsi Azərbaycan dilindən fərqlənmir. Bütün faktlar – dil, ənənə, musiqi, folklor, mətbəx, inanc və digər eynilik türkmanların məhz Azərbaycan türkləri olmasını təsdiq edir.
İraqda türkmanların məskunlaşdırılması eramızın VII əsrinə təsadüf edir. İlk zamanlar hərbi heyət olaraq Bağdadda xidmət edən türkmanlar sonradan ciddi nüfuz qazanmış və həmişəlik bu ölkədə qalmışlar. Xilafətin Səlcuq türklərinin təsiri altına keçməsindən sonra soydaşlarımızın siyasi, hüquqi və mədəni inkişafı dirçəlmişdir. Mosul (1127–1228), Ərbil (1144–1232) Atabəylikləri yaranmışdır. Xüsusilə, şimal əyalətlərindən İraqa köçürülüən türklərin vəziyyəti yaxşılaşmışdı. Tədricən Bağdad və onun ətrafında yerləşən ərazilər türkmanların nəzarətinə keçmişdir. Cəlayirlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövründə İraq türkmanları bütün sahələrdə yüksək dövlət postlarında təmsil olunmuşdular. Türkmanların elm, ədəbiyyat, memarlıq, musiqi sahəsində uğurları artmağa başlamışdı.
VII əsrdə Türkmənistanın yerləşdiyi ərazi ərəblər tərəfindən işğal olundu və ərəblər Mərkəzi Asiyaya özləri ilə İslam dini ilə yanaşı, İslam mədəniyyətini də gətirdilər. Xəlifə Əl-Məmunun dövründə regionun mərkəzi Mərvə köçürüldü. Bu da ərazinin inkişafına geniş imkanlar açdı. XI-XIII əsrlərin ayrı-ayrı dövrlərində türkmən tayfaları Səlcuq imperiyası və Çingiz xan ulusu tərəfindən idarə olunurdu. XIV əsrdə bu ərazilərə Əmir Teymurun ordusu yürüşlər edirdi. XVI əsrdə Xivə və Buxara xanlıqları ayrı-ayrı türkmən tayfalarını özünə tabe etdirmişdir. 1849-cu ildə Türkmənistan ərazisi Rusiya imperiyası tərəfindən işğal olundu. 1924-cü ildə hazırkı Türkmənistan Respublikasının ərazisi daxilində SSRİ tərkibində Türkmənistan SSR yaradıldı.
Sovet imperiyasının süqutundan sonra 1991-ci ildə Türkmənistan müstəqilliyini bəyan etdi. Hazırda Türkmənistan Respublikası sahəsinə görə, Mərkəzi Asiyada ikinci böyük dövlətdir. O, Xəzər dənizinin cənub-şərqində, Kopetdağın yamaclarında, Turan ovalığının cənubunda yerləşərək, Əfqanıstan, İran, Özbəkistan, qərbdən isə Xəzər dənizi ilə həmsərhəddir. Respublikanın paytaxtı Aşqabad şəhəri 1881-ci ildə salınmışdır və seysmik ərazidə yerləşir. 1948-ci ildə burada 9 bal gücündə dağıdıcı zəlzələ baş vermiş və şəhər əhalisinin yarısından çoxunu məhv etmişdir. İndi Aşqabad Türkmənistanı paytaxtı olmaqla yanaşı, ölkənin əsas sənaye, elm və mədəniyyət mərkəzidir.
Türkmənlərin əcdadlarının musiqi mədəniyyəti barədə ilkin məlumatları qədim Parfiya, Marquş və Xarəzmdən qalma (b.e.ə son əsrlər və eramızın ilk illəri) abidələr verir. Burada bir çox simli, nəfəs və zərb alətlərinin təsvirini görmək mümkündür.
Abidələrin üstündəki süjetlərdən bəlli olur ki, bütün bu alətlər mərasim və ayinlərdə geniş istifadə olunmuşdur. Ehtimal etmək olar ki, o dövrlərdə saray və məbədlərdə keçirilən mərasim və ayinləri müşayiət etmək məqsədilə bir çox musiqiçi – rəqs kollektivləri mövcud olmuşdur ki, onlar da peşəkar müğənni, rəqqas və çalğıçılardan ibarət idilər. Belə ifaçılardan biri – şöhrəti bütün Şərqə yayılmış Barbəd o dövrdə elm və mədəniyyət mərkəzinə çevrilmiş Mərv şəhərindən çıxmışdır. O, burada musiqi təhsili almış, mahir müğənni və bərbət ifaçısı kimi məşhurlaşmışdı. Qeyri-adi məharəti ona Sasani şahı II Xosrov Pərvizin sarayında baş musiqiçi statusu qazandırmışdı və nəinki ifaçı, habelə bəstəkar istedadı burada tam şəkildə özünü büruzə vermişdi.
Ümumiyyətlə, Türkmənistan ərazisində yerləşmiş Mərv şəhəri qədim mədəniyyət mərkəzi kimi ad çıxarmış, XIII əsrdə burada onlarla kitabxana fəaliyyət göstərmişdir. Şərq risalələrində Mərv şəhərindən çıxmış bir sıra musiqiçilərin adları çəkilir. Məşhur Orta əsr musiqiçisi Əli də Mərvdən idi. Məlumdur ki, çoxlu sayda əsərlərin müəllifi olan Ustad Əlinin yanına müxtəlif ölkələrdən improvizasiya texnikasına yiyələnmək üçün musiqiçilər gəlirdi.
Türkmən musiqiçiləri Şərq musiqi mədəniyyətinin inkişafında əhəmiyyətli rol oynamışlar. Türkmənlərin poetik və musiqi yaradıcılığı digər Mərkəzi Asiya xalqlarının yaradıcılığı ilə sıx təmasda inkişaf etmişdir. Şərqdə məşhur olan süjetlər burada da öz əksini tapıb. Məsələn, türkmənlərin dastan irsində “Leyli və Məcnun”, “Tahir və Zöhrə”, “Koroğlu” (türkmənlər onu “Goroğlu” adlandırırlar) kimi geniş yayılmış dastanlara rast gəlirik.
Türkmən dilində mahnıya aydım, xalq havalarına saz, musiqiyə isə ümumilikdə aydım-saz deyirlər. Gördüyümüz kimi, azərbaycanlılarda konkret olaraq bir musiqi alətini bildirən, Anadolu türklərində isə ümumən alət mənasında işlənən saz kəlməsi türkmənlərdə musiqi və xalq havası mənasındadır.
Türkmən musiqi irsi folklor və peşəkar musiqi janrlarına ayrılır. XX əsrin əvvəllərində bu musiqi nümunələrinin toplayıb nota salınmasında rus etnoqrafı V.A.Uspenskinin böyük rolu olmuşdur. O, bu elləri oba-oba gəzmiş və işinin nəticələrini 1928-ci idldə Moskvada “Türkmenskaya muzıka” başlığı altında nəşr etdirmişdir.
Türkmən xalq mahnılarının janr təsnifatına əmək, mərasim, məişət və lirik mahnılar daxildir. Onların obraz-məzmun dairəsi türkmənlərin məişət həyatı, köçəri maldarlıq, əkinçilik, toxuculuq və s. ilə sıx bağlıdır.
Türkmən şifahi peşəkar musiqisində baxşıların yaradıcılığı əsas yer tutur. Müasir baxşıların sələfləri oğuz türklərinin müştərək bədii abidəsi – “Dədə Qorqud” dastanında təsvirini tapmış qədim ozanlar olmuşlar. Onlar qopuz çalmış, rəvayət söyləmiş və oba-oba gəzmişlər. Nəsildən-nəslə ustad-şagird ənənəsilə ötürülən bu ulu el sənəti zaman keçdikcə yeni nəsil xalq musiqiçiləri – baxşıların yaradıcılığında davamını və inkişafını tapmışdır. Baxşılar aşıqlar kimi elləri gəzir, şeir qoşub dastan söyləyərdilər. Baxşı dutarda çalır, oxuyur və virtuoz ifa tərzi nümayiş etdirirdi. Təxminən XV əsrdən etibarən baxşılar türkmən musiqisində əsas füqura çevrilmişdilər.
Türkmən eposunun erkən növləri “Oğuznamə” adı altında mövcud olub. Hazırda türkmən eposları dastan formasında həyatını davam etdirir. Ən məşhur türkmən dastanları “Goroğlu”, “Şahsənəm və Qərib”, Əsli və Kərəm”dir. Bu dastanlar, ümumiyyətlə, türk xalqları arasında geniş yayılmışdır. Lakin hər bir xalqın rəvayətçiləri bu qədim hekayətləri özünəməxsus tərzdə nəsildən-nəslə ötürmüşlər. Məsələn, bir çox türk xalqlarında, o cümlədən, Azərbaycanda “Koroğlu” adı ilə məşhurlaşmış dastan türkmənlərdə “Goroğlu” kimi, yəni gordan çıxmış qəhrəmanın (Rouşanın anası doğuş zamanı öldüyünə və diri uşağın məzardan çıxarıldığına görə) adı ilə yayılmışdlr.
Türkmənlərin milli musiqi alətləri digər Orta Asiya xalqlarının alətləri ilə oxşardır. Lakin bu alətlər sırasında zərb alətləri yox dərəcəsindədir. Hazırda istifadə olunan alətlər– simli dütar və qıcaq, nəfəsli tüydük və dilli tüydük, habelə qopuzdur (qazax və qırğızların şan qopuzu).
Lalə HÜSEYNOVA,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor