Günün romanı – Zamanın səsi

post-img

Çağdaş ədəbi tənqidçimizin istedadlı simalarından biri də Cavanşir Yusiflidir. Araşdırmaları, yazıları həmişə maraqla qarşılanır, aktuallığı ilə seçilir. Onun “Müasir roman necə olmalıdır?” sualına cavabını oxucularımızın diqqətinə təqdim edirik. 

Başlanğıcda qurğu kimi gələr sənə, sonra özünü ona çox yaxın bilərsən, bir az da... artıq personajların yanı başında­san, onlar səni görməsə də, sən görür, qəlb döyüntülərindən hər şeyi bilirsən... Bilsən də, hər şeyi bilməmiş kimi dü­şünərsən, bax, indi mənim əvvəldən so­nadək bildiyim süjet dəyişəcək, onun hər an dəyişmə ehtimalı nəfəsini açar, oxu­duqca bitməz, bitdikcə yenidən başlar, başqa bir romanın içində... Dünya özü boyda gözləntiyə dönər...

Dünyanı özü boyda gözləntiyə qo­vuşduran nəsnə nədir? Bədii mətndə gizli-aşkar bilinən, mətnin dibinə çöküb üzünə çıxan səs – müəllifin səsi. Müəl­lifin nəfəsindən qopan səs bədii mətnin bətnində sözə yox, ecaza dönər, heç zaman söz, cümlə, fraqment şəklində peyda olmaz, önə çıxmaz. Bədii mətnin dərinliyini, dərinlik ölçüsünü də bu səs müəyyənləşdirər. Elə mətnlər var ki, o səsi daim səthdə hiss edərsən, sudan (mənadan) yüngül olduğuna görə heç za­man əlini dərinliyə toxundurmaz, beləcə, üzdə qalmaqla sənə, sadəcə, əhvalatı nəql edər. Ancaq elə mətnlər də var ki, səs, həmin izaholunmaz ecaz, sadəcə, batıb-çıxar, gözünə görünməyi, duyğu­larına toxunmağı ilğım olar. Dərinə batıb yox oldumu, Qıratın sehrli suyun içindən bütün vücudu ilə çıxdığını sanarsan. Ona görə də bu tip mətnlərdə nağıl aləmindən nələrsə var, həm də tamın, bütövün cöv­həri kimi...

Bir faktor yüzdə-yüz həqiqətdir. Bədii əsərdə, ayrıca nəsr mətnlərində müəllifin səsini əvvəl-axır tanıyırıq, bu məsələ 2 səviyyədə gerçəkləşə bilər:

1. Müəllif təhkiyəçi rolunda çıxış edəndə.

2. Nitq səviyyəsində, verbal olaraq.

Təhkiyəçi rolunda çıxış edən müəllif özünü gizlətməyə məcburdur, çünki ilk atacağı addım başqalaşmaqdır. Hər şeyə şahidlik eləsə də, o, özü deyil, hadisəni nəql edəndir, görüb duyduğunu müşa­hidəçi, neytral “mən” kimi qeydə alıb çatdırır. Dilimizdə yazılan bədii nəsr nü­munələrində 2-ci hal bir sıra çox maraq­lı nüanslarla önə çıxır. Məkan dəyişmir, müəllif hər dəfə eyni məkanın ən dərində olan nöqtələrinə toxunur, bu toxunuşun özü səs deməkdir, həm də daxili səs. Məkan kəşf olunduqca, müəllif də bir kateqoriya kimi aşkarlanır. Fotosintez. Lentdən təsvirin alınması üçün məkan zil qaranlığa bürünməlidir. Bu halda, müəllif hissə-hissə, fraqmentlərlə yox, elə bəri başdan, bir bütöv kimi üzə çıxır. Her­menevtik dairə anlayışında olduğu kimi, hissə tama münasibətdə və əksinə vizu­allaşır.

Müəllifin səsi əsərdə dəyişdiricilik funksiyasına malikdir. Bəzi mətnlərdə bu səs, ancaq və ancaq bir tək məkanın ba­şına dönüb-dolaşır, ona görə də bir dəfə açdığı, bir dəfə toxunduğu sirrin yan-yörə­sinə dolanmaqdan usanmır. Məsələn, Folknerin Yaknopatofası kimi. Burada əsas olan "hörgü" prinsipidir, əsərin bü­tün laylarını, bütün fraqment və qatlarını saran, gəzib-dolaşan səs özünəməxsus hörgü tipi yaradır. İtalo Kalvino Nizami haqqında necə yazırdı: “...Bu hörgünün toxumaları o qədər zəngindir ki, Qərb ədəbiyyatında uyğun örnək tapmaq üçün təbii ki, orta əsrlərdəki motiv bənzərliklə­rini və Ariosto ilə Şekspir intibahının zən­gin fantaziyasını da adlayıb, daha yüklü barokko tipli əsərlərə baxmalıyıq; amma Marionun “Adonis”i və Basilenin “Penta­merone”si belə Nizaminin təhkiyəsində­ki məcaz bolluğu ilə (o qədər zəngindir ki, hər məcazdan, hər obrazdan yeni bir hekayə doğulur) qarşılaşdırılanda kasıb görünür”.

Nəsr əsərində müəllifin səsi necə eşidilir? Yaxud necə olmalıdır ki, bu səs yaddan çıxsın və ya eşidilməsin, oxucu mətndən yaradılan mühitin havasını du­yub fərqli səs və rənglərin danışığını kəs­dirsin? Söhbət, şübhəsiz ki, böyük həcmli nəsr əsərlərindən – romandan gedir. Sə­hifələrinin az, ya çoxluğuna baxmayaraq, roman böyük bir ərazidir, bu məmləkətdə hər şeyi – bütün səs və rəngləri, ən müxtə­lif musiqi alətlərinin səsini, insanların dav­ranış və hərəkətlərini tənzimləmək asan deyildir, ona görə də hər kəs, hər bir na­sir roman yazmır və ümumiyyətlə, nəsrlə uğraşan hər bir yazıçı elə ilk qələm təcrü­bələrindən öz gücünü hiss edib, nəyi necə eləməyin düsturunu sövq-təbii duyur. 

Nəsr mətnində səs necə eşidilir? Əv­vəlcə, onu deyək ki, məsələn, roman əra­zisində səs dəyişə bilər, yaxud hökmən dəyişməlidir, müəllifin səsiylə təhkiyəçi­nin səsi elə bir tezlikdə qarşılaşa bilər ki, əsərlə çatdırılması nəzərdə tutulan mə­nalar yarıyolda qalar...

Səs süjeti və bütün bədii mətni idarə edir...

Biz oxuduqda həmin əsəri, onun hö­rüldüyü mənaların hekayətini həmin səs danışır...

XQ

Mədəniyyət