Olimpiya lisenziyaları mübarizəsi

post-img

Ağırlıqqaldıranlar, növbə sizindir!

Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son yarışlar bir-birini əvəz etdikcə rəqabət daha da gərginləşir. Bəzi idman növlərində vəsiqə lisenziya xalı ilə müəyyən olunduğuna görə yarışlar tam başa çatdıqdan sonra kimlərin Parisə gedəcəklərinə aydınlıq gələcək. 

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada start götürən ağırlıqqaldırma üzrə Avropa çempiona­tında qitənin ən iddialı atletləri daha bir şansdan istifadə edəcəklər. 

43 ölkədən 400-dən çox idmançının qatıldı­ğı lisenziya xarakterli yarışda Azərbaycan ko­mandasının üzvləri Nazilə İsmayılova (45 kq), İsa Rüstəmov, Tehran Məmmədov (hər ikisi 67 kq), Ömər Cavadov (73 kq), Ravin Alməmmə­dov, Füqan Əliyev (hər ikisi 81 kq), Nurlan Məm­mədzadə (89 kq), Əli Şükürlü (102 kq), Dadaş Dadaşbəyli (109 kq) də güclərini sınayacaqlar. Yığmamız hazırlıq çərçivəsində Türkiyədə yerli komanda, Bakıda isə Özbəkistan yığması ilə tə­lim-məşqlər keçib. 

Kişilərdən ibarət yığmamızın baş məşqçisi Maxtı Makkayev “XQ”yə açıqlamasında koman­damızın əsas hədəfinin lisenziya qazanmaq olduğunu bildirdi. O qeyd etdi ki, yığma üzvlə­rindən İsa Rüstəmov, Ömər Cavadov və Dadaş Dadaşbəyliyə daha çox ümid bəsləyir. Onlardan başqa, Əli Şükürlü, Ravin Alməmmədov, Nurlan Məmmədzadə də güclü potensiala malikdirlər. Qitə çempionatından sonra – aprel ayında id­mançılarımız daha bir lisenziya xarakterli yarış olan dünya kuboku turnirində mübarizə apara­caqlar.

Qeyd edək ki, təmsilçimiz Dadaş Dadaşbəy­linin adı 2023-cü ilin ən yaxşı kişi ağırlıqqaldı­ranlarının siyahısına daxil edilib. “Avropanın qızıl 10-luğu” adlı siyahı Beynəlxalq İdman Jur­nalistləri Assosiasiyasının (AİPS) Avropa bölü­mü (AİPS Europe) və Avropa Ağırlıqqaldırma Federasiyası (EWF) arasında imzalanan memo­randum çərçivəsində hazırlanıb. Bu idmançılar arasından səsvermə yolu ilə ilin ən yaxşı atleti seçiləcək. Qalibin adı bu gün – fevralın 12-də, Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Av­ropa çempionatının rəsmi açılış mərasimində açıqlanacaq.

Ötən il dünya çempionatının bürünc medalını qazanan D.Dadaşbəyli Avropa çempionatına da qələbə üçün yollanıb:

–Gücümüzdən maksimum istifadə etmək üçün bütün səylərimizi toplamalıyıq. Əsas hədəf lisenziya qazanmaqdır. Hər birimiz qələbə üçün çıxış edəcəyik.

Komandanın üzvü Füqan Əliyev Türkiyədə yaxşı təlim-məşq toplanışı keçdiklərini dedi: 

–Avropa çempionatına hazırlığımız yaxşı oldu, istədiyimiz çalışmaları etdik. Özüm barə­də deyə bilərəm ki, Vətənə medallarla dönmək istəyirəm. Bütün komanda üzvlərimiz də buna kökləniblər, bunun üçün çalışırlar. Rəqiblərimizi də tanıyırıq, yarışlarda onlarla iştirak edib müba­rizə aparmışıq. İnanırıq ki, yaxşı nəticələr əldə edəcəyik.

Qadın ağırlıqqaldıranımız Nazilə İsmayılova da özünə əmindir:

–Komandamız yarışa hazırdır, mən də həm­çinin. Özümə qarşı tələbkaram, sona qədər mü­barizə aparacağam. İnanıram ki, Vətənə medal­la qayıdacağam. 

Avropa çempionatı fevralın 20-dək davam edəcək.

Leyla QURBANOVA
XQ

İdman