“Tarın sarı simi...”

post-img

Müsahibimiz Xalq artisti, tanınmış tarzən Vamiq Məmmədəliyevdir 

– Vamiq müəllim, tar qədim dövrlərdən mu­ğamlarımızı, təsniflərimizi müşayiət edən mu­siqi aləti olub. Ustad muğənniləri müşayiət et­mək özü böyük xoşbəxtlikdir. 

– Azərbaycan xalqının mənəviyyatı, ruhu milli musiqimizdə təcəssüm olunur. Buna görə də ta­rımız bu torpağın hər bir övladı üçün son dərəcə doğma və əzizdir. Hətta deyərdim ki, tar digər alətlərdən bizə bir köynək daha yaxındır. Sovet imperiyası xalqımızı tarixi dəyərlərindən, elləcə də milli musiqisindən ayırmaq istəyirdi. Məlumdur ki, ötən əsrin 30-cu illərində tara qarşı hücumlar başlamışdı. Müşfiqin şeiri belə bir ağır dönəmdə şimşək kimi çaxdı, xalqın ürəyində əks-səda verdi. 

Qeyd etmək lazımdır ki, tarı təhlükədən dahi Üzeyir bəy xilas edib. Dahi bəstəkar gənc həm­karı Səid Rüstəmova deyib ki, tarı ayaq üstündə ifa etmək lazımdır. Qoy görsünlər ki, tar heç də Avropa musiqi alətlərindən geri qalmır. Əvvəllər tarda ancaq muğam və təsniflər ifa olunardı. Üze­yir bəy “Leyli və Məcnun”, “Koroğlu” operalarına məqsədli şəkildə tar ifası saldı. O, bu yolla tarın yerini möhkəmləndirdi. 

Mən 60 ildən çoxdur ki, tar çalıram. Çörəyim tardan çıxır. Tam əminliklə deyə bilərəm ki, tarın 22 pərdəsi çərçivəsində Qərbin və Şərqin bütün musiqilərini ifa etmək mümkündür. 

Yeri gəlmişkən, iki böyük bəstəkarımız – əvvəl­cə Səid Rüstəmov və sonradan isə Ramiz Mirişli Müşfiqin “Oxu, tar” şeirinə mahnılar yazıblar. Hər ikisi gözəl əsərdir. R.Mirişlinin bəstəsini İslam Rzayev ilə Şövkət Ələkbərova duet şəklində oxu­yublar. 

– Siz gözünüzü açandan evinizdə tarın ecazkar səsini eşidibsiniz... 

– Məndən böyük qardaşlarımın üçü də –Asim, Vasim, Nasim tar məktəbinə gedirdilər. Məni qoy­murdular ki, sən balacasan. Boy-buxunca da zəif idim. (Gülümsəyir). Amma həvəsim o qədər çox idi ki, atamın tar çalmağına baxa-baxa öyrəndim. Atam eldə-obada tanınmış həkim idi. Gözəl tar ça­lırdı, musiqiyə, xüsusilə muğamata böyük sevgisi var idi. Onun hələ 1926-cı ildə aldığı tar indi də məndədir. Əziz bir xatirə kimi qoruyub saxlayıram. 

Solaxay idim, tarı düzgün tutmaq üçün sağ əlimi işlətməyə məcbur oldum. Tarı uzun müddət qolumda saxlaya bilmirdim, yorulurdum. İnadım­dan isə dönmürdüm. Belə-belə, 1963-cü ildə ar­tıq tarı sərbəst çalırdım. Sonra A.Zeynallı adına Musiqi Məktəbinə qəbul olundum. Kəndimizdə klubda dərnək açmışdım. Axşamlar yığışıb xanən­dələri müşayiət edərdim. Bir dəfə dedilər ki, bizim Kürdəxanıya böyük xanəndə Mütəllim Mütəllimov gəlib, gəl onu müşayiət elə. 

Bu, gənc tarzən üçün böyük xoşbəxtlik idi. Tələsik tarı götürüb getdim. Çox həyəcanlanmış­dım. Ustad müğənni mənə ürək-dirək verdi. Hər şey yaxşı bitdi. Cavan idim, çox forslanmışdım. Sonralar böyük muğam ustadları Yaqub Məmmə­dovu, Hacıbaba Hüseynovu müşayiət etmişəm. 

Həm toylara gedir, həm də məşhur tarzənlər­dən dərs alırdım. Rəhmətlik Adil Gəray Məmməd­bəyli mənim not müəllimim olub. Böyük tarzənlər – Bəhram Mansurov və Hacı Məmmədovdan tar ifaçılığı sənətinin sirlərini əxz etməyə çalışmışam.

– Müşayiət zamanı tarzəndən nələr tələb olunur?

– Müşayiət sənəti, əslində, ayrıca bir elmdir. Bu yolu hər bir tarzən mənimsəyə bilmir. Bunun üçün gərək zəhmət çəkəsən – qəzəliyyatı, muğa­matı dərindən mənimsəyəsən. Bununla yanaşı, gərək müşayiət etdiyin müğənninin səs imkan­larını biləsən. Məsələn, böyük sənətkar Yaqub Məmmədovu müşayiət etmək elə də çətin deyildi. Onun həm güclü zili, həm də məlahətli bəmi var idi. Elə müğənni var ki, yüksək notlarda oxuya bil­mir. Tarzən bunu nəzərə almalı, müğənnini çətin vəziyyətə salmamalıdır. 

Bəzən məndən soruşurdular ki, necə olur ki, bütün müğənniləri müşayiət edə bilirsən? Ca­vab verirəm ki, mən müşayiət yolunu bilirəm. Bir daha vurğulamaq istəyirəm: Gərək düzgün yolla müşayiət edəsən. Tarzən xanəndəni elə yerə apa­rıb çıxardar ki, tərəf-müqabilin azıb qalar. Elə də edər ki, çətinliyə düşən xanəndəni astaca yoluna salar, xanəndə heç özü də bilməz. Əsas odur ki, xanəndənin səsi olsun. Qalan şeyləri yoluna qoy­maq çətin olmur. Bir də uzun illərin təcrübəsi öz sözünü deyir. 

– Mizrabınızla nə vaxt sarı simlərin üzərin­də gəzişir? 

– Bu sualınız ürəyimdən oldu. Tarzən müğən­nin səs tembrinin gözəlliyindən ehtizaza gələndə sarı simlərə toxunur. Yaqub Məmmədov “Şur” muğamı oxuya, tarzən sarı simə toxunmasın, bu, mümkün deyil. 

Xalq rəssamı Toğrul Nərimanbəyovun məşhur bir tablosu var. Orada ifa zamanı ehtizaza gəlmiş muğam üçlüyü təsvir olunur. Bu əsəri muğamı də­rindən duyan və sevən bir rəssam yarada bilərdi. 

Demək istəyirəm ki, muğam elə bir dəryadır ki, onun dərinliklərinə baş vurmağın zövqi-səfası bir başqadır. Muğam xalqımızın böyük sərvətidir. Hörmətli Mehriban xanım Əliyeva çox sağ olsun ki, muğam sənətinin inkişafına güclü dəstək verib. 

– Uzun illərdir pedaqoji fəaliyyətlə məşğul­sunuz. Yəqin ki, çox sayda yetirmələriniz var? 

– Çoxdur, əksəriyyəti artıq tanınmış tarzən­lərdir. Adlarını fəxrlə çəkə bilərəm: Əliağa Sədi­yev, Elçin Həşimov, Səbuhi Cəfərov və digərləri. Bölgələrimizdə də yetirmələrim var. Yaxşı ustad olmaq böyük şərtdir, amma aşıqlar demiş, “şəyir­din də gərək qabiliyyəti” olsun. Məhəmməd Hadi deyibdir: 

Elmin, mərifətin varsa, buyur gəl, 

Yoxsa, bu aləmə olma bir əngəl... 

Bəzən valideyinlər gətirirlər uşaqlarını ki, tar­zən olsun. Baxırsan ki, uşağın heç musiqi duyu­mu yoxdur, zorla olmur axı. Tarzənin yetişməsi üçün 15 il vaxt sərf olunur. Xanəndə olmaq daha asandır, bir müsabiqədə qalib gəldinsə, tanınmış xanəndə olursan. Tarzənlik ağır sənətdir...

– Deyilənlərə görə, bir vaxtlar sizi Azərbay­can Dövlət Opera və Balet Teatrına işə dəvət ediblər.

– Böyük tarzənimiz Bəhram Mansurov dün­yasını dəyişəndən sonra məni ora dəvət etdilər. Amma, etiraz etdim. Bilirdim ki, Bəhram dayının oğlu, dostum Elxan oradadır. Mənim getməyim düzgün olmazdı. Mən gedib operanın incəliklə­rini öyrənincə vaxt keçəcəkdi, yamaq da olmaq istəmirdim. Yaxşısı budur ki, hər kəs öz yolu ilə getsin. 

– Taleyinizdən razısınızmı?

– Taleyimdən də, ailəmdən də, dostlarımdan da çox razıyam. Bütün bunlar mənim var-dövlə­timdir. Tarda həm solo, həm də müşayiət etməyi sevirəm. Xoşbəxt tarzənəm. Dünyanın bir çox böyük ölkələrinin səhnələrində olmuşam. Xalqı­mızın musiqisinin hər yerdə sevildiyini müşahidə etmişəm. 

Həm də ona görə xoşbəxtəm ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə 4 il əvvəl xalqımız Qarabağı düşməndən azad edib. Bu, böyük səadətdir. Bəzən ürəyimdən keçir ki, kaş qardaşım, akademik Vasim Məmmədəliyev də bu günü görəydi! (Kövrəlir). Qarabağın xilası milli musiqimizin inkişafına yeni təkan verəcək. İstərdim ki, Şuşada milli musiqi alətləri istehsalı bərpa edilsin.

Söhbəti qələmə aldı:
Ramilə QURBANLI
XQ



Müsahibə