HƏMAS–İsrail müharibəsi: yeni dünya düzəninin cizgiləri

post-img

Bu gün dünya siyasətində yeni düzən formalaşır. Reallıq budur ki, köhnə qaydalar işləmir, yeni qaydalar isə yaranmayıb. Hətta bunu BMT-nin Baş katibi Antonio Quterreş dəfələrlə etiraf edib. Yaxın Şərqdə gedən proseslər isə qlobal siyasətin bəzi gizlin məqamlarını üzə çıxarıb. 

Dövlət İdarəçilik Akademi­yasının dosenti, fəlsəfə doktoru, politoloq Hüseyn İbrahimov ilə söhbətimiz, əsasən, HƏMAS–İsrail münaqişəsinin tarixi, mövcud durumu və regiondakı son hadisələrin qlobal siyasətə təsiri barədədir. Hüseyn müəl­lim əvvəlcə bunları dedi:

– Qeyd etmək lazımdır ki, HƏMAS–İsrail qarşıdurması­nın tarixi aspektləri elə də yaxın məsafədə deyildir. Bu məsələ hələ ötən əsrin ortaları və ikinci yarısında Yaxın Şərqin başlıca problemi kimi diqqəti çəkmişdir. Həmin dövr bu qarşıdurma daha çox Fələstin–İsrail qarşıdurma­sı olaraq davam etmiş, hazırkı dönəmdə isə HƏMAS–İsrail müharibəsi kimi araşdırılır. İsra­ilin əsas məqsədi HƏMAS-ın və Hizbullahın Qəzzada təsirini ta­mamilə aradan qaldırmaqdır. 

Qeyd etmək lazımdır ki, HƏMAS-ın 3 ay əvvəl İsrailin mövqelərinə atəş açması mü­haribənin yeni dalga ilə vüsət almasına səbəb oldu. Dini-ideoloji, eləcə də təhlükəsizlik problemi və regional ziddiyyətlər müharibənin əsas səbəbləri kimi göstərilə bilər. Hazırda girovların azad edilməsi məsələsi ətrafında anlaşılmazlıqlar mövcuddur. 

– Yaxın Şərqdə daha geniş müharibə təhlükəsi nə qədər realdır?

– Etiraf etmək lazımdır ki, dünya birliyi, böyük güclər bu müharibənin qarşısının alınması üçün səylər göstərirlər. Məsələn ABŞ rəsmiləri bu bölgəyə in­diyədək 4 səfər etmişlər. London və Vaşinqtonda, eləcə də Qərbi Avropa ölkələrində geniş ictima­iyyətin Qəzzada dinc sakinlərin ölümünə etirazları artır. Ancaq bunlar kifayət etmir. 

Münaqişənin qarşısının alın­ması və sülh danışıqlarının baş­lanmasının tərəfdarı olan qüv-vələrin strategiyaları tam aydın­laşmadığından bu istiqamətdə təsirli tədbirlər də aşagı səviyyə­dədir. HƏMAS-ın 105 gün əvvəl İsrail tərəfinə qəfil hücumunun özü də şübhəli və sual doğuran məqamdır.

HƏMAS–İsrail qarşıdurması yeni dünya düzəninin bu vax­ta qədər naməlum olan bir çox sirlərini artıq üzə çıxarıb. Bəzi ölkələrin kimin yanında yer aldı­ğı artıq bəllidir. Beləliklə, qlobal siyasətin bir çox cizgiləri artıq göz önündədir. 

– Türkiyə problemin həlliilə bağlı ilk gündən dəyərli təşəbbüslər göstərsə də savaş davam edir. 

– Qardaş Türkiyə münaqişə­nin ədalətli prinsiplərlə həlli üçün səylər göstərir. Rəsmi Ankaranın mövqeyi dünya güc mərkəz­lərinin sərgilədiyi mövqelərlə müqayisədə daha aydındır. Çünki Türkiyədə bu məsələnin həlli ilə bağlı həm rəsmi dairələrin, eləcə də ictimaiyyətin mövqeləri üst-üstə düşür. 

Türkiyə təcili olaraq tərəflər arasında atəşkəs elan edilməsinin və sülh danışıqlarının başlanma­sının tərəfdarıdır. Ankara haqlı olaraq hesab edir ki, iki millət, iki dövlət prinsipinə mütləq əməl olunmalıdır. Müharibənin ilk günlərindən rəsmi Ankaranın ay­dın mövqeyi dinc sakinlərin zərər görməməsi, girovların azad edil­məsi hədəflərinə hesablanmışdır. Bu gün humanitar və təhlükə­sizlik amillərinə uygun addımlar rəsmi Ankaranı daha çox məşgul edir.

– Yaxın Şərqdəki hadisələ­rin Cənubi Qafqaz regionuna hansı təsirləri ola bilər?

– Cənubi Qafqaz dünya güc­lərinin ən uzaqda yerləşən böyük dövlətlərin belə hər zaman maraq dairəsindədir. Ölkəmizin mövqe­yi bu regionda münasibətlərin in­teqrasiya və əməkdaşlıq zəminin­də qurulmasına hesablanmışdır. Gürcüstanın da mövqeləri aydın və şəffafdır. Ancaq Ermənistan tərəfdən yenə də silahlanmanı davam etdirmək meyillərini mü­şahidə edirik. 

Xüsusən, HƏMAS–İsrail qarşıdurmasında maraqlı olan bəzi qüvvələrin Ermənistan­la əməkdaşlığı suallar doğurur. Zənnimcə, biz bu dağıdıcı qüv­vələrə qarşı çox ayıq olmalı və cəmiyyəti daim səfərbər etməli­yik.

Söhbəti qələmə aldılar:

Kəmalə ABDİNOVA,
Məsaim ABDULLAYEV
XQ



Müsahibə