Donald Trampın Ağ Evə qayıtmaq şansları artır

post-img

Avropa bundan niyə narahatdır?

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yanvarın 15-də Ayova ştatında keçirilən səsvermədə qalib gələndən sonra baş verən hadisələr, sanki, sabiq prezidentin bu seçkilərdə uğur qazanmasına yol açır. 

Respublikaçılar Partiyasının iyul ayında ke­çiriləcək qurultayında iştirak edəcək 2429 nü­mayəndənin yalnız 40 nəfərinin Ayova respubli­kaçıları təmsil etməsinə baxmayaraq, bu ştatda seçicilərin səsverməsi ənənəvi olaraq həmişə bü­tün ölkənin diqqət mərkəzində olub. Buna səbəb isə onların elektoral təqvimdə yerləşdiyi mövqe ilə bağlıdır. Ölkədə ilk partiyadaxili seçkilərin nə­ticələri konkret bu və ya digər namizədə dəstəyin əsas göstəricisinə çevrilir.

Ona görə də bu seçkidə uğur və ya uğursuzluq namizədin gələcək kampa­niyasına ciddi təsir göstərə bilir.

Beləliklə, Respublikaçılar Partiyası­nın namizədi D.Tramp Ayova seçiciləri­nin 55 faizdən artıq səsini qazanıb və bu da prezidentliyə namizəd seçiləcək respublikaçıların milli qurultayında onun xeyrinə, ən azı, 20 nümayəndənin səsi­ni təmin edib. 

Respublikaçılar üçün bu əlamətdar hadisədən dərhal sonra məlum olub ki, Trampın iştirakı ilə 2020-ci il seçkilərinin saxtalaşdırılması istintaqını aparan da­irə prokuroru Fani Uillislə onun xüsusi prokuror təyin etdiyi evli məşuqəsi Na­tan Ueydla çox dolaşıq sevgi qalmaqalı alovlanmaqdadır. ABŞ-ın “New York Post” nəşri yazıb ki, Trampa qarşı qaldı­rılmış iş dairə prokuroru haqqında olan korrupsiya istintaqı üzündən öz-özünə alt-üst olub gedəcək. 

İnsanlar, həmçinin nüfuzlu dairə prokurorunun sabiq prezident Tramp və onun müttəfiqlərinə qarşı qalmaqallı bir iş üzərində işləyərkən, şəxsi həyatı ilə peşə fəaliyyətini qarışdırıb evli olan Ueydlə romantik səyahətə nəyə görə getdiyini anlaya bilmirlər.

İndi 44 yaşlı Uillisin 51 yaşlı Natan Ueydi işə götürmək və ona komanda­sındakı digər iki yüksək peşəkar hüquq­şünasdan minlərlə dollar daha çox maaş ödəmək qərarı xoşagəlməz nəticələrə səbəb olub və bu, təkcə onun karyera­sını deyil, həm də prezident seçkilərinə müdaxilədə ittiham olunan Trampa qar­şı məhkəmə iddiasını alt-üst edir. 

Yeri gəlmişkən, Uillisə qarşı səs-küy­lü vəsatəti yanvarın 8-də Trampın işinə görə ittiham olunan Maykl Roman təq­dim edib. Roman dairə prokurorunun Ueydlə “uyğun olmayan” və “gizli mü­nasibət”də olduğunu iddia edərək, ona qarşı ittihamların geri götürülməsini istəyib.

Uills və Ueyd arasında əlaqənin ilk sübutu, Ueydin həyat yoldaşının vəkil­ləri tərəfindən ötən cümə günü məh­kəməyə təqdim edilən bank qeydlərdir. Sənədlərdən məlum olub ki, Ueyd xüsu­si prokuror təyin edildikdən sonra şəxsi kredit kartı ilə 2022 və 2023-cü illərdə San Fransisko və Mayamiyə bilet alıb.

Əldə edilən məlumatlara görə, Uells2022-ci ilin yanvar ayından etibarən Ueydə vergi ödəyicilərinin pulundan, ən azı, 675 min dollar ödəyib və onların hər ikisinin bu vəsaitdən təmtəraqlı tətil üçün istifadə etdikləri bildirilir. 

Amma Trampın Ağ evə qayıtması­nın getdikcə reallaşmağa doğru yaxın­laşdığını göstərən təkcə bu iki fakt deyil. Yanvarın 22-də “Fox News” nəşri məlu­mat verib ki, prezident seçkilərində res­publikaçıların iddialı namizədlərindən biri, Florida ştatının qubernatoru Ron Desantis namizədliyini geri götürüb və Trampı dəstəklədiyini bildirib. Sabiq prezident keçmiş rəqibinin bu jestini çox yüksək qiymətləndirərək deyib: “Mən əvvəlcə Ron Disantesi, əlbəttə ki, son dərəcə gözəl bir insanı və onun həyat yoldaşı Keysini çox əla prezident seçki­si kampaniyası keçirdiklərinə görə təb­rik etmək istərdim...Siz bilirsiniz ki, o, bu gün saat 15:00-da seçkiqabağı yü­rüşdən çıxıb. Bundan başqa, o, çox xoş münasibət nümayiş etdirərək mənim namizədliyimi dəstəkləyib. Mən bunu yüksək qiymətləndirir və Roni ilə iş­ləməyi böyük səbirsizliklə gözləyirəm...” 

Bütün bu faktları geniş şərh edən dünya mətbuatı Trampın payız seçkilə­rindən sonra Ağ evə qayıtmaq imkanla­rını diqqətdə saxlayaraq, ABŞ-la müna­sibətləri tənzimləməyi onun hakimiyyətə gəlişi vaxtına saxlamağa üstünlük verir­lər. Çünki aydın görünür ki, Tramp artıq hakimiyyətə gəlməmişdən geosiyasətə ciddi təsir göstərir. 

“Foreign Affairs” jurnalı yanvarın 21-də dərc etdiyi “Tramp hələ prezident olmamış geosiyasətə təsir göstərir” məqaləsində yazır ki, dünya ölkələri­nin liderləri artıq dərk etməyə başlayır­lar ki, payızda ABŞ-ın sabiq prezidenti D.Tramp Ağ evə qayıda bilər. Ona görə də bəzi xarici hökumətlər Amerika ilə münasibətləri tənzimləyərkən bu ami­li daha çox diqqətdə saxlayırlar. Onlar bir çox qərarlarını payızda keçiriləcək seçkilərdən sonraya saxlayaraq, Va­şinqtonla məhz bu vaxtlar daha müna­sib sövdələşmələrə nail ola biləcəklərini düşünürlər. Çünki faktiki olaraq Tramp bu sövdələşmələrin onlar üçün nə qə­dər yaxşı və ya pis ola biləcəyini müəy­yənləşdirə bilər. Bununla yanaşı, bir çox dövlət başçıları da Trampın qayıdışının onların vəziyyətini necə pisləşdirə bilə­cəyini təhlil edərək, mümkün risklərdən qorunmaq üçün bu cür ssenarilərdən sı­ğortalanmağa hazırlaşır və uyğun yollar axtarmağa başlayırlar.

Məqalənin müəllifi Qrem Ellison sonda yazır: “2024-cü il çox təhlükəli il olacaq, çünki dünya ölkələri Birləşmiş Ştatların siyasətinə etimadsızlıq, qürur, dəhşət və ümid qarışıq hisslərlə baxır­lar. Onlar bilirlər ki, bu siyasi teatr təkcə ABŞ-ın növbəti prezidentini deyil, həm də dünyanın ən qüdrətli liderini seçə­cək”.

Aydın məsələdir ki, ABŞ Avropa üçün həmişə böyük əhəmiyyət kəsb edib. İndi isə Vaşinqtonun rolu daha da böyüyüb. Ona görə kontinenti böyük qorxu bürüyüb: əgər Tramp qələbə çal­sa, nə baş verəcək? Bu isə təkcə Tram­pın Rusiya Prezidenti Vladimir Putinə olan xoş münasibətilə deyil, həm də Ağ evin keçmiş sahibinin öz postuna sa­hib çıxacağı təqdirdə həyata keçirəcə­yi təcridçilik siyasəti ilə bağlıdır. Çünki respublikaçıların hazırki ritorikasından aydın görünür ki, Ağ evin yeni sahibi Av­ropanı və NATO-nu maliyyələşdirməni dayandıracaq. Bu, bəlkə də Avropa İtti­faqı (Aİ) ölkələrini narahat edən yeganə məsələdir. 

Keçmiş avropalı diplomat, hazırda Aİ Təhülkəsizliyi İnstitutunun direktoru Sti­ven Everts Trampın qayıtma perspek­tivini “bir qədər qorxulu” adlandıraraq yazır ki, Almaniyanın və bütün Avropa­nın təhlükəsizlik sistemində boşluqları doldurmaq üçün siyasi iradə zəifləyib. Ancaq, əgər Tramp ABŞ prezidenti se­çilərsə, Almaniya respublikaçılar ad­ministrasiyasının kontinentin müdafiə sistemi üçün yaradacağı boşluğu dol­durmaqda NATO-nun Avropada mühüm dövlətinə çevriləcək. 

Əlbəttə, Ağ ev administrasiyasının tərəfdarları Amerikanın liderliyini azad­lıq uğrunda mübarizədə əvəzedilməz güc kimi görürlər. Onlar açıq etiraf edir­lər ki, “Trampın ikinci prezidentliyi dün­yanın üç sütunu – azadlıq, sabitlik və beynəlxalq qaydalar üçün birbaşa təh­lükəyə çevriləcək”.

Hazırladı:
İlqar RÜSTƏMOV
XQ

Dünya