HƏMAS – İsrail müharibəsinin sonu görünmür

post-img

Bu xəmir, deyəsən, çox su aparacaq

HƏMAS-la İsrail arasında münaqişə 100 gündən çoxdur ki, davam edir. Bu, Yaxın Şərq regionunda 1967-ci ildə baş verən 6 günlük Ərəb–İsrail müharibəsindən sonra ən kəskin silahlı qarşıdurmadır. Tərəflərin heç biri güzəştə getmək istəmir. Bununla bərabər, hər iki tərəf ağır itkilər verir. 

Təkcə Qəzza zolağında 24 mindən çox fələstinli həlak olub. Onların arasında qadın, uşaq və ahıllar da çoxdur. İsrail hərbçilərinin də itkiləri artır. Müharibənin nə vaxt bitəcəyi isə heç kəsə bəlli deyil.

HƏMAS–İsrail müharibəsinin ya­ranma səbəbləri, “böyük güclər”in bu regiondakı maraqları, münaqişə alo­vunun qonşu ölkələri bürüməsi ehti­malı və s. məsələlərlə bağlı ADA Uni­versitetinin professoru, siyasi şərhçi Kamran Behbudovla müsahib olduq. 

– Kamran müəllim, sizcə, HƏ­MAS ilə İsrail arasında silahlı qarşı­durmanın bu qədər kəskin xarakter almasının səbəbi nədir?

– Bildiyiniz kimi, Fələstinin HƏMAS silahlı qruplaşmasının oktyabrın 7-də İsrailə qarşı başladığı hücum miqyası və zorakılığı baxımından görünməmiş bir hadisə idi. Xəbərdarlıq edilmədən həyata keçirilən bu hücum israillilərlə fələstinlilər arasında onilliklər boyun­ca davam edən gərginliyin nəticəsi idi. Deyərdim ki, bu, HƏMAS-ın Qəzzada indiyə qədər başlatdığı ən iddialı hərbi əməliyyatdır və İsrailin uzun illər ər­zində üzləşdiyi ən ciddi transsərhəd hücumudur. 

HƏMAS hücumlarının arxasında bir sıra səbəblər dayandığını deyir. İs­raillə HƏMAS arasında zorakılığın es­kalasiyası Qəzzada mühasirə altında qalan milyonlarla fələstinlinin həyatı və rifahını riskə atdığı bir vaxtda sülh çağırışları da artır.

Dini və ideoloji təmayüllü terror təşkilatı olaraq HƏMAS-ın müba­rizəsini bir sıra dini motivlər üzərində qurması (Ərəb–İsrail müharibələri və buna bənzər münaqişələr) “həmrəylik” adı altında baş verə biləcək hərəkət­lərə yol açır.

– Sizcə, Yaxın Şərqdə terrorun və terrorçuların bu qədər geniş “əl-qol açması” nə ilə bağlıdır? 

– Terrorun vətəni və milliyyəti yox­dur. O, bütün bəşəriyyət üçün təhdid­dir. Terror qrupları ən ağır zorakılıqlara belə əl atmağa meyilli olurlar. Bir çox hallarda daha çox səs-küy yaradan bombardmanlar kütləni səfərbər et­mək və sosial dəstək qazanmaq üçün çox təsirli bir üsul kimi önə çıxır. 

Üstəlik, amansız və qəddar hərəkətlərin artmasının qruplara daha çox populyarlıq qazandırması arqu­menti zorakılıq kriteriyasını bu qrup­lararası rəqabətdə bir nömrəli göstə­riciyə çevirir.

Çünki zorakılığın səviyyəsinin art­ması müvafiq terror təşkilatının qə­tiyyətini və effektivliyini yerli əhaliyə nümayiş etdirmək, kütlələri müdafiə olunan “səbəb” və ya ideologiya kon­tekstində səfərbər etmək baxımından kritik əhəmiyyət kəsb edir. 

Regiondakı bir çox ölkələr uzun illər İsrail–Fələstin münaqişəsindən Yaxın Şərqdə sabitliyi pozmaq üçün istifadə ediblər. Hazırda HƏMAS-ın İsrailə hücumu əvvəlki hücumların analoji davamıdır. 

– Dünya birliyi bu ağır mühari­bənin qarşısını almaq üçün niyə tə­sirli tədbirlər görmür?

– Yaxın Şərqdə də yeni dün­ya nizamının bünövrəsi qurulur və HƏMAS-ın varlığı yeni nizamı təh­did edir. İranın Yaxın Şərqdə fəaliy­yəti də yeni siyasi nizamda nəzərdə tutulmur. Baş verən HƏMAS–İsrail münaqişəsi, dolayısı ilə İrana qarşı müharibədir. HƏMAS-ın ləğvi İrana qarşı hərbi əməliyyatlarla müşa­yiət oluna bilər. İlk növbədə, İranın dəstək verdiyi regionda onun proksi qüvvələrinə qarşı əməliyyatlar ge­nişlənəcək. 

Hazırda baş verən HƏMAS-İsrail müharibəsi gözlənilən idi və “İbrahim” sazişinə uyğun olaraq həyata keçiri­lir. İran İsrailin yeni siyasi nizam ya­ratmaq istiqamətində planına qarşı HƏMAS vasitəsilə Təl-Əvivin planına qarşı çıxdı.

Yaşanan qarşıdurma və insanlıq dramı hər iki tərəfin bir-birlərinə qarşı həyata keçirdiyi sonsuz nifrətin nəticə­sidir. Hər iki toplum bu qanlı aksiyada məsuliyyət daşıyır. Buna görə də dün­ya birliyinin səylərinə baxmayaraq, münaqişəni durdurmaq hələ ki, müm­kün olmur. 

– Professor, bu məqamda rəsmi Ankaranın bu məsələnin həlli ilə bağlı mövqeyi də dünyada diqqətlə izlənir. 

– Son vaxtlara qədər siyasi mü­şahidəçilər Vaşinqtonun İsrailin HƏ­MAS-la müharibəsinin diplomatik həlli yollarında səylərdə Türkiyəni kənarda qoyduğunu düşünürdü. ABŞ-ın dövlət katibi Entoni Blinkenin son günlərdə Türkiyəyə səfəri bunun dəyişdiyinə işarə edir.

HƏMAS–İsrailin dövlət administ­rasiya ilə işləmək, terrorla mübarizə, hətta Qəzza üçün bir neçə inzibatı struktur təmin etmək istiqamətində Türkiyə diplomatiyasına və bu ölkənin təsir vasitələrinə, düşünürəm ki, tez bir zamanda ehtiyac ola bilər.

Söhbəti qələmə aldılar:
Kəmalə ABDİNOVA,
Məsaim ABDULLAYEV
XQ



Müsahibə