Filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, Prezident təqaüdçüsü, uşaqların sevimli yazıçısı Zahid Xəlil “Uçan çıraqlar”, “Qarışqalar”, “Mən rəngləri tanıyıram”, “Göydən üç alma düşdü”, “Quşlar”, “Torağaylar oxuyur”, “Ballıca”, “Çıraq nənənin nağılları”, “Cırtdanla Azmanın macəraları”, “Odlar yurdunun paytaxtı”, “Dünyanın ən balaca nağılları” kimi kitabları ilə tanınan qələm sahibidir. Onunla söhbəti təqdim edirik.
– Gəlin, əvvəlcə xəyalən Yevlaxa, ilk yazılarınızın çap olunduğu vaxtlara səyahət edək.
– Yevlaxda nağıllarım çap olunmayıb, amma yazdıqlarımın hamısı Yevlaxla bağlıdır. Oradan ayrılandan sonra yazmağa başlamışam. Hətta “Cırtdanla Azmanın macaraları”nda bir məqam var. Mən Cırtdana deyirəm ki, sən elə mənəm, sən qal Yevlaxda, ata-baba yurdumuzdan muğayat ol. Hərdən yanına gələcəyəm. O doğmalıq olmasa, nağıl uşaqlara da xoş gəlməz. Bütün əsərlərimin mahiyyətində doğmalıq hiss olunur. İlk dəfə “Vətənim” şeiri “Yevlax” qəzetində çap ediləndə 10-cu sinifdə oxuyurdum. Çox vaxt tənqidçilər bunu ilk əsər adlandırırlar, amma, o, sadəcə ilk təcrübədir. İlk əsərim isə universitetdə oxuyarkən yazıldı. Belə bir şeir idi:
Bizim bağçamıza bir çəmən düşüb,
Sürüşüb baharın çiynindən düşüb.
Gündüzlər nə qədər quzu var orda,
Xırtaxırt quzular otlayır orda.
Səhərlər çəməndə şeh var, inci var,
Şehlər quzuların gözü tək parlar.
– Şeiriniz də, elə bil nağıldır.
– Elədir. Bu, poeziyanın dili ilə nəql edilən əhvalatdır. Mən nağıla 1981-ci ildə “Ballıca” kitabının nəşri ilə keçmişəm. Nağıl böyük fəlsəfədir. Xristian Andersen nağılçıdır, amma ona həm də filosof deyirlər. O, fəlsəfəni tezis şəklində yazmır, tezisi nağıla çevirir. Mən də çalışımışam ki, bu yolu tutum. Mən janrı niyə dəyişdim? Bu, təsadüfən oldu. Əli Kərim dünyanın məşhur yazıçısı Janni Radarinin “Telefonla danışılan nağıllar” hekayə silsiləsini tərcümə edib “Ədəbiyyat qəzeti”ində çap etdirdi. Mən qəzetin nömrəsini həsrətlə gözləyirdim ki, alıb oxuyum. Bir gün ağlıma gəldi ki, mən də belə nağıllar yaza bilərəm. Beləcə, qələmi sınadım.
– Bizim uşaqlığımız sizin “Ballıca” kitabınızla keçib. Həm də televiziyada bir verilişiniz vardı, sevə-sevə izləyirdik.
– Bəli, “Sizin sevimli yazıçılarınız” verilişini rəhmətlik Tofiq Mahmud aparırdı, məni qonaq dəvət etmişdi. Mikayıl Rzaquluzadənin yaradıcılığından danışırdıq. Veriliş bitəndən sonra mənə dedilər ki, gəl, sən də aparıcı ol. Həmin il Tofiq Mahmud başqa vəzifəyə keçdi. Həmin veriliş mənə həvalə olundu. Sonra adını dəyişdik, qoyduq “Məktəblinin kitabxanası”. İlk vaxtlar böyük yazıçımız Mir Cəlal Paşayevlə birlikdə aparırdıq verilişi. Mən onu ona görə seçdim ki, Mir Cəlal müəllim ensklopedik biliyə malik insan idi, ondan çox şey öyrəndim.
– Sizin veriliş uşaqların maariflənməsində böyük rol oynayırdı. Uşaq jurnalları, qəzetləri də çap edilirdi. Bu gün onlara daha çox ehtiyac var.
– O jurnallar, qəzetlər yenə var. “Göyərçin”, “Savalan” çap edilir. Amma bu nəşrlər o vaxt 250 min tirajla çıxır, demək olar ki, bütün ölkə məktəblilərinə çatdırılırdı. İndi o jurnalların yayımı da yoxdur. “Günəş” jurnalı çap olunur, amma yayılmır. Çünki çapı baha başa gəlir. Amma hansısa bir yolla uşaq jurnallarının yayımı qaydaya salınmalıdır ki, böyüyən nəsil mənəvi tərbiyədən kənarda qalmasın. Mənim kitabımın qiyməti 8-10 manat arasıdır, bu da məktəbli üçün çox bahadır.
Azərbaycanda nə qədər nəşriyyat var, nə qədər kitablar çap olunur. Bədii səviyyəsi aşağı olan kitabın çapı çox ziyandlıdır. Oxucu onu oxuyur və kitabdan qaçaq düşür. Uşaqlar üçün kitab alanda da valideynlər gərək düzgün seçim etsinlər. Mən həmişə demişəm: biz, əslində, valideyin üçün yazırıq. Kitabların seçimi onlara aiddir. Əvvəl özləri oxumalıdır, sonra uşağa məsləhət görməlidirlər. Adi nağıl başqadır, fəlsəfi nağıllar tamam başqa. İkincilər artıq uşaq nağıllarını oxuyaraq yetişmiş yeniyetmələrin oxuması üçündür. Bunları valideyn bilməlidir.
– Əvvəllər məktəblilərə ədəbiyyat siyahısı verilərdi, yaş qrupları nəzərə alınardı. İndi o da yoxdur.
– O siyahıdan başqa, ədəbiyyat müəllimlərinin özlərinin də siyahısı olurdu. 10 il ərzində uşaq hansı kitabları oxumalıdır, əvvəldən bilirdi. İndi bəlkə də tək-tək belə müəllimlər var, amma kütləvi deyil. Uşaq Nizamini, Nəsimini, Cəlil Məmmədquluzadəni oxumalıdır. Bu, uşağın düşüncəsinin, nitqinin inkişafına xidmət edir.
– Bu gün uşaq ədəbiyyatının ən böyük problemi nədir?
– Uşaq ədəbiyyatının nəşri sadələşdirilməlidir, müəllifə yüksək qonorar verilməlidir ki, əziyyətə qatlaşsın. Uşaq ədəbiyyatı uşaqlar üçün əlçatan olmalıdır.
– Hazırda nə üzərində işləyirsiniz?
– Hekayələr yazıram. Xaricdə çap etdirmək təklifi almışam, amma mövzunu özləri sifariş ediblər. Onları qlobal mövzular maraqlandırır, su qıtlığı, meşə yanğınları və sair. Yazdıqlarımı bəyəniblər. Avropada naşirlər daha tələbkardılar. Gərək elmi, siyasi səhvə yol verməyəsən. Son illər yazdığım və ən qiymətli hesab etdiyim “Dəmir yumruq” dastanıdır. Orada Şuşanın azad olunması ilə bağlı bir hekayə var.
Almaniyadan bir nəşriyyat mənə müstəqil Azərbaycan uşaqları barədə bir hekayə yazmağı sifariş vermişdi. Həmin hekayəni onların istəyi ilə yazdım. Cıdır düzündə bir helikopter partlamışdı, onun partlamasını uşaqların nəzəri ilə təsvir etmişəm. Uzun illər sonra mən onların istədiyi hekayəni yaza bildim. Uşaq ədəbiyyatının təəssübünü çəkmək lazımdır, onda problem qalmayacaq.
Söhbəti apardı:
Ramilə QURBANLI
XQ