Gəncə Barataşvilini unutmur

post-img

Qısa ömür yaşamış gürcü şairi Nikoloz Barataşvilinin adı Azərbaycanda və Gürcüstanda, hətta bu ölkələrin hüdudlarından kənarda da yaxşı tanınır. Xatirəsi daim hörmətlə anılır. O, Gürcüstanda Şota Rustavelidən sonra ikinci görkəmli şair hesab olunur. Acınacaqlı taleyi olan şair 19-cu əsrin ortalarında qısa bir müddət ərzində Gəncədə yaşayıb-yaradıb.

Gənc Nikolazın atası knyaz Meliton Barataşvili­nin müflis olduqdan sonra o, Vətənini tərk emək məcburiy­yətində qalıb. Əvvəlcə Naxçı­vanda, daha sonra Gəncədə, Cavadxan dəfətərxanasında çalışıb. 1845-ci ilin iyun ayın­da Yelizavetpol qəzasının rəisi Mamuka Orbelianinin köməkçisi vəzifəsinə təyinat alan Barataşvili həmin ilin ok­tyabrın 21-də malyariyadan vəfat edib. 1968-ci ildə gürcü şairi Simon Çikovani onun vəfatına “Gəncə gündəliyi” adlı lirik poema da yazıb. Ro­mantik şair və tərcüməçinin keçdiyi qısa yol, yaradıcılığı ölümündən sonra daha çox diqqət çəkib. 

Gəncədəki xristian kilsə­sinin həyətində dəfn olunan Nikoloz Barataşvilinin nəşi yalnız 48 ildən sonra görkəm­li gürcü ədibi, ictimai xadim İlya Çavçavadzenin təşəb­büsü ilə Tbilisiyə aparılıb və orada torpağa tapşırılıb. Sağ­lığında heç bir əsəri işıq üzü görməyən şairin əsərlərindən ibarət ilk toplu vəfatından bir neçə on il sonra nəşr olunub. Onun irsindən 37 şeiri, “Gür­cüstanın taleyi” adlı bir tarixi poeması və 20-yə yaxın şəxsi məktubu qalıb.

Görkəmli şairin Azər­baycan–Gürcüstan mədəni əlaqələrində xüsusi yeri var. Təsadüfi deyil ki, 2017-ci ildə N.Barataşvilinin 200 illik yubi­leyinin YUNESKO-nun bey­nəlxalq əhəmiyyətli tədbirlər siyahısına daxil edilməsinin əsas təşəbbüskarlarından biri məhz Azərbaycan olub. Gən­cədə vaxtaşırı şairin xatirə­sinə həsr olunmuş tədbirlər, müxtəlif görüşlər, ədəbi-bədii gecələr keçirilir. Bu günlərdə Gəncə Şəhər İcra Hakimiyyə­tinin, Mədəniyyət nazirliyinin və Gürcüstanın Gəncədəki Baş Konsulluğunun təşkilat­çılığı ilə şairin 205 illik yubi­leyi münasibətilə Cavadxan dəftərxana muzeyinin önündə xatirə lövhəsinin açılışı olub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Ni­yazi Bayramov, Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pata­radze, Türkiyənin Gəncədəki Baş konsulu Rəcəp Öztop, Mədəniyyət nazirinin müavini Murad Hüseynov, millət vəkil­ləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Arzu Nağıyev, YAP Gəncə Şəhər təşkilatının sədri Bayram Aslanov, Gürcüstan Yazıçılar Evinin direktoru, de­putat Ketevan Dumbadze və ictimaiyyət nümayəndələri iş­tirak ediblər.

Mərasimdə bildirilib ki, Azərbaycan və Gürcüstan xalqlarının qardaşlıq əlaqələri tarixi köklərə malikdir. Nikolaz Barataşvili də qısa ömrünü bu amala həsr edib. Çıxışlardan sonra Niyazi Bayramov və Zurab Pataradze xatirə löv­həsinin üzərindən örpəyi gö­türüblər, lövhənin önünə tər güllər düzülüb. Sonra “Xəm­sə” Uşaq Rəqs Ansamblı­nın, Qax rayonunda fəaliyyət göstərən “Şvitkatso” Gürcü Xalq Xorunun və “İmedi” rəqs kollektivinin konsert proqram­ları təqdim olunub. İştirak­çılara Nikoloz Barataşvilinin kitabları hədiyyə edilib. 

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri 

Gəncə

Sosial həyat