Güney əsilli istedadlı sənətkarlarımızdan biri də uzun illərdən bəri Gəncə Dövlət Dram Teatrında aktyor kimi çalışan Mətləb Təhmazidir. Başqa bir mühacir soydaşımız, parodiyaçı aktyor mərhum Həsən Cəbrayılovun (Ahəngi) sənət dostu barədə bir neçə il əvvəl çap etdirdiyi yazını da oxucuların nəzərinə çatdırırıq.
Barat Təhmazinin adı Gəncədə böyükdən-kiçiyədək hamıya məlumdur. 1922-ci ildə Ərdəbildə anadan olan ağsaqqalın fədai kimi xatirələrini dinləməkdən zövq alırdıq. Bu söhbətlər onun silahdaşları olan ata-babalarımızın söylədiklərinə uyğun gəldiyindən valideynlərimizin də dediklərinə şəkk-şübhəmiz qalmırdı. Ticarət işçisi kimi hörmət qazanmışdı. Xeyir-şərdə heç kimdən geri qalmazdı.
O, Şövkət Qafarova ilə ailə həyatı qurdu. Təkcə bir övladları oldu. 20 avqust 1964-cü ildə Mətləb adlı oğulları dünyaya gəldi. Ata Gəncədəki 4 saylı musiqi məktəbinin qarmon şöbəsini bitirən Mətləbin başqa sənət sahibi olmasını, oğlunun 15 saylı peşə məktəbində inşaatçı peşəsinə yiyələnməsini istəyirdi. Lakin Mətləbi səhnə özünə çəkirdi.
Mətləb Təhmazi 1979-cu ildə Gəncə Dövlət Dram Teatrına gəldi və həyatını əbədi olaraq səhnəyə bağladı. Bu vaxta kimi, teatrda 40-a yaxın səhnə obrazının ifası ona həvalə edilib. 44 ildir ki, aktyordur. Onu Xalq artistləri Alim Məmmədov, Pərvanə Qurbanova və başqaları müsbət xarakterizə ediblər.
Bir neçə seriala çəkilən M.Təhmazi yerli kabel televiziya kanalında təqdim olunan filmlərin 80 faizinin dublyajında iştirak edib. Gəncə teatrında “Tilsimli dağ”da Carçı, “Sokratla söhbət”də Apalador, “Qız atası”nda Vilayət, “Məhsəti Gəncəvidə”də Şaiq, “Oqtay Eloğlu”nda Aslan bəy və digər rolları yaradıb. “Döngələr”, “Nizami”, “Cavad xan”, “Miskin Abdal”, “İbad Hüseynov”, “Dəli Alı”, “İbrahim xan” filmlərində çəkilib.
Təqdim etdi:
Rəhman GƏNCƏLİ