Bu məqalə Azərbaycanın əməkdar jurnalisti İttifaq Mirzəbəylinin musiqi mədəniyyətimizin görkəmli simalarından birinə həsr edilən “Əhməd Bakıxanov xatirələrdə” kitabından götürülüb. Nəşrdə böyük sənətkarla bərabər, onun istedadını dəyərləndirdiyi, köməyini əsirgəmədiyi Rövşən Behcət barədə də yazı yer alıb. Həmin məqaləni oxuculara təqdim edirik.
Mərhum Rövşən Behcət 17 mart 1945-ci ildə Təbrizdə dünyaya göz açıb, 1961-ci ildə valideynləri ilə birgə Gəncəyə mühacirət edib. M.Ə.Sabir adına 5 saylı orta məktəbdə təhsil alıb. İstedadlı müğənni 1969-cu ildən ömrünün sonunadək Fikrət Verdiyevin rəhbərlik etdiyi Gəncənin “Göygöl” xalq çalğı alətləri ansamblındakı çıxışlar edib, sənət dünyasında orijinal izlər qoyub.
Onun oxuduğu “Şirin yuxun olaydım”, “Biri sənsən, biri mən”, “Ala gözlüm”, “Getdim ki, getdim”, “Göygöl” mahnılarını, “Dəşti” təsnifini və sairi xatırlayarkən istər-istəməz deyirik: o səsdən bir daha gəlməyəcək.
Rövşənin “Göygöl” ansamblının müşayiəti ilə bənzərsiz çıxışları özünə də, ansambla da böyük şöhrət gətirmişdi. Onun adı musiqi həvəskarlarının dilindən düşmürdü, onun ifası yazılmış lentlər hər yerə yayılmışdı. Az.TV Rövşənin ilk çıxışından sonra tamaşaçıların xahişi ilə onu təkrar olaraq studiyaya dəvət etmişdi.
Bir dəfə Rövşənin canlı konsertini izləyən görkəmli tarzən Əhməd Bakıxanov gənc ifaçı ilə görüşüb deyir: “Çox gözəl, olduqca gözəl oxudun, bala! Zəngulələrindən hiss etdim ki, Cənubdansan. Böyük gələcəyinə inanıram, bu cür şaqraq və davamiyyətli zəngulələri, şirin oxunuşu İran xanəndələrindən eşitmişəm, çox ləzzət verdi. Azərbaycan muğamlarını yaxşı öyrən, kömək lazım olsa, müraciət et! Asəf Zeynallı adına musiqi məktəbində yaxşı müəllimlər, xanəndələr var, təhsil almağın vacibdir”.
Böyük ailənin bütün üzvləri Gəncədə yaşadığından və onları Rövşən dolandırdığına görə o, müsiqi təhsilini Gəncədə aldı, şəhər filarmoniyasında şlədi.
Təqdim etdi:
Rəhman GƏNCƏLİ