Azadlıq mübarizi Məhbub Xoşkəlam

post-img

Məhbub Xoşkəlam 1909-cu ildə Sərab məhalının Çöllü kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. O, məktəbə gedib oxumaq əvəzinə, özgə təsərrüfatlarında işləməyə məcbur olmuşdu. Cavan ikən öz doğma kəndindən baş götürüb iş dalınca şəhərlərə getmişdi. O, İranın mövcud irtica quruluşunun ağırlığını öz çiyinlərində hiss etdikcə, ona qarşı daha çox nifrət etmiş, bu vəziyyətdən çıxış yolu axtarmışdı.

1941-ci ildə Hizbe Tudə İran yarananda onun sıra­larına qoşulan Məhbub onun məram və şüarla­rının yayılmasına xidmət edir. 1945-ci ildə Azərbay­can Demokrat Firqəsi təş­kil olunanda isə Məhbub Xoşkəlam bu partiyaya öncüllər sırasında qoşulur. Sərab Vilayət Komitəsinin Təftiş komissiyasının səd­rliyinə seçilmiş Xoşkəlam Milli Hökumətin ictimai, iq­tisadi islahatın həyata ke­çirilməsinə çalışır.

Məhbub Xoşkəlam “21 Azər” hərə­katında əldə silah fəal surətdə iştirakına görə Azərbaycan Milli Məclisi tərəfindən “21 Azər” medalı ilə təltif olunur. Torpaq islahatı, maarif şəbəkələrinin genişlən­məsi işlərində Xoşkəlam Milli Hökumə­tin məmurlarına kömək edir. O, Sərab bələdiyyəsinə seçilir, şəhərin abadlığı və asayişinin təmin edilməsində firqə və hö­kumət göstərişlərini ardıcıl yerinə yetirir.

Şah qoşunları 1946-cı ilin dekab­rında Azərbaycana xaincəsinə basqın etdikdə Məhbub Xoşkəlam vəhşicəsinə qətlə yetirilir. Sərab zəhmətkeşlərinin mübariz oğlu Məhbub Xoşkəlamın xid­mətləri, onun xatirəsi azadlıqsevər gü­neylilərin qəlbində yaşayır.

Hüseyn RƏHİMZADƏ

Sosial həyat