Vətən sevgisinin dağlar aşan gücü

post-img

Vətənə sipər olan oğullar 44 gün zaman və tarix qarşısında müqəddəs bir yola çıxdılar. Bu səfər çox ağır idi – olum, ya ölüm ünvanlı idi. Bütün Azərbaycan bu yolda müsəlləh əsgər oldu. Redaksiyamızın qonağı Xocavəndin, Cəbrayılın, Kəlbəcərin işğalçılardan azad olunmasında rəşadətlə döyüşmüş Vətən müharibəsinin iştirakçısı və qazisi Kamran Babayevdir. Kamran hazırda Hərbi Qənimətlər Parkında işləyir. 

– Kamran, döyüşə ilk olaraq hansı istiqamətdən başladınız?

– 27 sentyabr 2020-ci il! Bu tarixi gün bütün Azərbaycan Ali Baş Komandanımızın çağırışına səs verərək ayağa qalxdı. Hərb meydanımız da, arxa cəbhəmiz də müqəddəs savaşa çıxdı. Döyüş meydanında da, arxa cəbhədə də xalqımız bir idi. Belə bir ruhla döyüşə başladıq. İlk olaraq, Murovdağ silsiləsində Koroğlu istiqamətində döyüşə atıldıq. Murovdağ silsiləsindən 200-300 metr yüksəklikdə savaş başladı. Bilirdik ki, öz torpaqlarımızda döyüşürük, 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı xilas etməliyik. 

Ağır döyüşlər idi. İlk şəhidimiz Orxan Daşdəmirov oldu. Onun adını xüsusi çəkmək istəyirəm. Qərargah rəisi, kapitan Abdullayev Rəşad ağır yaralansa da,  son nəfəsinə qədər bizi tərk etmədi. İlk qələbəni qazandıq, düşmən postunu darmadağın edib, qələbə bayrağını sancdıq. Qələbənin şirinliyini daddıq.

Yaralılarımız, şəhidimiz olmasına baxmayaraq, ruhumuz güclü idi. Bir faktı deyim ki, komandirimiz kapitan Rəşad Abdullayevi yaralı halda özümüzlə daşıyırdıq, o qəti şəkildə bizdən ayrılmadı. Komandir kimi biz ondan çox şey öyrəndik. O, çoxlu qan itirmişdi, Rəşidin vətən, torpaq sevgisi o qədər tükənməz idi ki, ölümü belə düşünmədi. 

Komandirimiz yaralı vəziyyətdə belə hansı istiqamətdə irəliləməmizi göstərirdi. Rəşad 19 saata yaxın yaralı qaldı və o 19 saatı bizə döyüşə rəhbərlik etdi. Döyüşün də taleyini bu 19 saatda həll etdi, iti zəkası, hərbi qabiliyyəti ilə! Rəşad kimi komandirləri olan Ordumuz inamla irəliləyirdi. Bizim gücümüz ona görə də getdikcə güclənirdi. Orxanların, Rəşadların intiqamını alırdıq. 30 ilə yaxın mənfur düşmənin əlində inləyən ana torpaq şəhidlərimizin qanına boyanmışdı. 

Bəlkə də illər keçəcək, amma mən gözümlə gördüklərimi həyatımın sonuna kimi kino lenti kimi əbədi olaraq yaddaşımda, ürəyimdə yaşayacağam. 

– Döyüşlərinizin ən ağır, çətin anlarından danışmağınızı xahiş edirəm. 

– Sonranı danışmaq çox çətindir, amma qürurvericidir. Günlərlə susuz, yuxusuz qalmışdıq, növbəti döyüşlərin birində, düşmən minomyotundan açılan güllə ilə kəllə-beyin zədələnməsi aldım və Şəmkir xəstəxanasına təxliyə oldum. Bakıya hərbi hospitala göndərmək istəsələr də, mən bundan imtina edib, döyüş yoldaşlarımın yanına qayıtmağı qəti olaraq bildirdim. Cəbrayılın azad olunması istiqamətində döyüşə yenidən qatıldım. 

Bir mühüm hadisəni danışmaq istəyirəm. Kəlbəcər istiqamətindəki döyüşlərdən sonra, Hadruda girmək üçün əmr almışdıq, günlərlə ac-susuz qalmışdıq, hava şəraiti o qədər çətin idi ki, hamımızın paltarı yağış nəticəsində suyun içində idi. Şəxsi heyət son dərəcə yorğun vəziyyətdə. Belə çətin anlarda özümüzü itirmirdik. Bizi güclü edən ruhumuz idi. Hadrut uğrunda döyüşlər gedirdi. Hadrut yüksəkliyini ələ keçirəndə, hisslərimi sözlə ifadə edə bilmirəm.  İlahi bu qədər gücü hardan vermişdi?! Şəxsi heyətimiz Hadrutda yaşayan erməni işğalçılarının necə məğlub olmasını gördü. Orada Xocalıda şəhid olan ana-bacılarımızın, qardaşlarımızın qisasını aldıq. Düşmənin darmadağın olunması bütün yorğunluğumuzu unutdurdu. 

Qələbənin dadı qədər güclü, əvəzsiz hiss varmı, görəsən Yer üzündə?! Hadrutda bir mülki erməni əhalisinə toxunmadıq, onlara göstərdik ki, biz onlar kimi ədalətsiz, qaniçən deyilik. Biz ancaq işğalçı qüvvələrlə döyüşürdük. Onları da artıq məhv etmişdik. Hadrutda ilk yediyim nar olub. Biz az toxtayıb, tapşırıqları icra etməyə başladıq.  Hadrutun əsrarəngiz gözəlliyinə baxdıqca, deyirdik ki, görün bizim torpaqlarımıza kimlər sahib çıxmışdı?!

Düşmən qələbəmizi həzm elə bilməsə də, biz doğma torpaqlarımızı canımız bahasına azad edirdik. Oktyabrın 16-da yenidən ağır yaralandım. İki ayağıma snayper gülləsi dəydi. Məni axşama yaxın təxliyyə edəndə elə zənn etmişdim ki, əsir düşmüşəm. Çünki çoxlu qan itirmişdim. Sonradan məlum oldu ki, məni döyüş meydanından çıxaran komandirim və döyüş yoldaşım olub. Horadiz qəsəbəsinə təxliyyə olunmuşam. 

– Hərbi Qənimətlər Parkında işləyirsiniz. Bu düşmən sursatlarına baxanda, hansı hissləri keçirirsiniz?

– Burada işləmək həm çətindir, həm də qürurvericidir. Buradakı qənimətlər şəhidlərimizin qanı bahasına qazanılıb. Bir tərəfdən də qürur keçirirəm ki, düşmənin texnikası Bakının mərkəzindədir. Bütün dünya görür ki, Azərbaycan Ordusu məğlubedilməzdir! Çox xoşbəxtəm ki, Zəfərimizi gördüm, ən əsası, Vətən müharibəsində iştirak etdim, Vətənə övlad borcumu verdim. 

– Biz sizin kimi qəhrəmanlarla öyünürük. Var olasınız!

– Bəli, Xankəndi, Xocavənd, Xocalı, Ağdərə - torpaqlarımız azad nəfəs alır. Torpaq, Vətən həsrətinə son qoyuldu. Azərbaycan adına döyüşdük, qələbə çaldıq.  Bizə qələbə yaraşır, bu sonsuz sevinci xalqımıza bəxş edən şəhidlərimizin qarşısında baş əyirik! 

 

Söhbəti apardı:
Kəmalə ABDİNOVA

Müsahibə