Qarakilsə şəhidlərinin xatirəsi anılıb

post-img

Ata-babaları, ana-nənələri ötən əsrin 90-cı illərində erməni zülmündən baş götürüb əzəli yurd-yuvalarından didərgin düşdülər. Qışın qar-çovğununda Salvatı dağından, Laçın dolaylarından aşıb Azərbaycana pənah gətirdilər. Bir əsrdə neçənci dəfə qaçqınlıq həyatı yaşadılar. Haqdan, ədalətdən əllərini üzmədilər, sabaha ümidlə boylandılar, qundaqda gətirdikləri körpələri isə müqəddəs duyğularla–Vətənə, millətə sonsuz sevgilərlə böyütdülər, Qarabağ–torpaq, yurd uğrunda can fəda etməyin müqəddəsliyini anlatdılar: “Həqiqət yolunda, xalq yolunda, əqidə, əməl, məslək yolunda, Vətən uğurunda  qurban gedənlər–şəhid olanlar nura-işığa, küləyə-fırtınaya, qara-yağışa dönüb ölməzliyə qovuşurlar!”

…Birinci və İkinci Qarabağ savaşlarında Qərbi Azərbaycanın Qarakilsə (Sisian) rayonundan 65 gənc döyüşə atılanda qorxmadı, ölümün gözünə dik baxdı, bununla da nə qədər mərd, qeyrətli olduğunu sübut etdi. Onların bu cəsarəti, bu fədakarlığı  erməni qəsbkarlarının savaş meydanından qaçmalarına, fərariyə çevrilmələrinə səbəb oldu.  

İndi belə oğulların uyuduqları məzarların önündən ötən ziyarətçilər qeybdən gələn kəlmələri eşidirlər: “…Şəhid qəbirlərinin yanından gözüyaşlı  keçməyin, qəhərinizi boğun, onlara böyük ehtiramla salam verin, az sonra  ürəyinizin döyüntüsündə  onların səslərini  açıq-aydın eşidəcək, sözlərindən diksinəcəksiniz–biz ölməmişik, biz “qisas qiyamətə qalmaz” andına tapınıb əzəli-əbədi torpağımızı yağı tapdağından xilas etmişik, gözümüzün nurunu, işığını Yerə-Göyə verib, Günəşə tapşırıb, əbədiyyət yolçusuna çevrilmişik, əbədiyyət orbitində qeybə çəkilmişik”.     

***

…Sumqayıtın Şəhidlər xiyabanında uyuyan gənclərin–Qarabağın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə şəhidlik zirvəsinə yüksələn həmvətənlərimizin ziyarətinə gələn qarakilsəlilər – şəhid valideynləri, onların doğmaları, ictimaiyyət nümayəndələri əvvəlcə Şəhidlər xiyabanında ucaldılmış Qalib Əsgər abidəsini, burada dəfn olunmuş şəhidlərin məzarını ziyarət etdilər, abidə və şəhid məzarları önünə gül dəstələri qoydular, qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla andılar.  

Qərbi Azərbaycan İcmasında Böyük Qarakilsə rayon icmasının sədri Nadir Qəhrəmanov müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbədən, eləcə də digər uğurlu döyüş əməliyyatlarında igid oğullarımızın göstərdikləri misilsiz şücaətlərindən söhbət açdı.  

Pedaqoq-şair Əvəz Mahmud Lələdağ tarix boyu xalqımızın başına gətirilən müsibətlərdən, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatına başlayaraq, 44  gün ərzində təcavüzkar Ermənistanı təslim olmağa məcbur etməsinin xalqımızın şanlı tarixində xüsusi yer tutduğunu diqqətə çatdırdı. El ağsaqqalı daha sonra işğaldan azad edilən ərazilərdə dövlətimizin başçısının rəhbərliyi ilə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını, doğma yurd yerlərimizə Böyük Qayıdışın başlandığını vurğuladı. 

Mərasimidə çıxış edən ictimaiyyət nümayəndələri: Tahir Quliyev, Mahmud Yaqubov, Aqif Baxşəliyev, Zahid Rəhimov və Umud Rəhimoğlu üzərinə axan şəhid qanı ilə müqəddəsləşən Qarabağ torpağına bu gün həyatın yenidən qayıtdığını, xalqımızın sülh, əmin-amanlıq, dinclik şəraitində yaşamaq və bölgənin hərtərəfli inkişafına nail olmaq əzmi nümayiş etdirdiyini bildirdilər. Onlar belə bir ab-havada Azərbaycana Zəfər sevinci, qalibiyyət qüruru bəxş edən şəhidlərimizin ruhunun dinclik tapdığını söylədilər.

Çıxış edənlər, eyni zamanda, ­Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və Ordumuzun döyüş əzmi ilə xalqımızın düşmən üzərində şanlı Qələbə qazanması, Azərbaycanın haqq savaşında sinəsini qabağa verən, torpaqlarımızı işğaldan azad edən Vətən oğullarının göstərdikləri qəhrəmanlıqları ilə xalqımızın döyüş əzmini bir daha bütün dünyaya tanıtdırdıqlarını, onların qanının yerdə qalmadığını, düşməndən qisas alındığını da qeyd etdilər.

Şəhid ailələrinin üzvləri adından çıxış edən Məmləkət Zülfüyeva Vətən savaşında qazanılan Zəfərə görə canlarını müqəddəs torpaq uğrunda fəda edən gənclərimizə, şanlı Ordumuza minnətdar olduqlarını, “Dəmir yumruq” sayəsində əzəli-əbədi torpaqlarımıza yenidən qayıdışın gerçəkləşdiyini, onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi. 

 

Vaqif BAYRAMOV 
XQ

 

Sosial həyat