Gimnastlarımızın dünya çempionatında tarixi uğuru

post-img

Bütün sahələrdə böyük nailiyyətlərin əldə edildiyi 2023-cü ildə idman tariximizə də parlaq səhifələr yazılmaqdadır. Ölkəmizin adına növbəti uğuru Azərbaycan gimnastları qazandırıblar. 

Böyük Britaniyada yerləşən Utilita Arenada batut gimnastikası və tamblinq üzrə keçirilmiş 37-ci dünya çempionatında Azərbaycan gimnastikasında 2 tarixi uğur əldə edilib. Tamblinq üzrə kişilərdən ibarət Azərbaycan yığması dünya çempionatında komanda hesabında qızıl medal qazanmaqla, ona bəslənilən ümidi ən yüksək səviyyədə doğrultdu. Heyətində Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və  Elnur Məmmədovun yer aldığı millimiz gimnastika tariximizdə ilk dəfə bu nüfuzlu yarışın qalibi adına sahib olub. 

Təsnifat mərhələsini 168.700  xalla birinci pillədə başa vuran təmsilçilərimiz həlledici mərhələdə ev sahibi Böyük Britaniya, həmçinin Danimarka, ABŞ və Portuqaliyanın tamblinq ustalarından üstün olduğunu nümayiş etdirərək 13 xalla birinci yeri tutub. 

Yığma üzvü, komandamızın lideri Mixail Malkin daha bir tarixi uğura nail olub. 2021-ci ildə Bakıda keçirilən dünya çempionatının gümüş mükafatçısı olan təcrübəli gimnastımız finalda hakimlərdən ən yüksək – 31.100 xal almaqla Azərbaycan gimnastikası tarixində tamblinq üzrə dünya çempionu titulunu qazanıb. 

Komandamızın digər üzvlərinin çıxışlarını da qənaətbəxş hesab etmək olar. Belə ki, yığma üzvü Tofiq Əliyev medala çox yaxın olsa da, finalda 24.700 xalla dördüncü pilləni tutub. Fərdi təsnifatda yarımfinala yüksələn Adil Hacızadə bu mərhələdə 5-ci yeri tutsa da, dünya çempionatında hər ölkədən iki idmançı finalda mübarizə aparmaq imkanı qazandığı üçün o, həlledici mərhələdə iştirak edə bilməyib. Dünya çempionatında debüt edən Tofiq Əliyev və Adil Hacızadənin çıxışlarını da kifayət qədər uğurlu hesab etmək olar.

Qeyd edək ki, Azərbaycan yığma komandasının üzvləri Nicat Mirzəyev, Hüseyn Abbasov, Əli Niftəliyev, Mehdi Əliyev, İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Ömər Qasımlı, Fərhad Mustafayev, Samirə Hüseynova, Ayan Şabanova, (batut gimnastikası) Aleksey Karataşov, Bilal Qurbanov, Hüseyn Əsədullayev (tamblinq) 16-19 noyabr tarixlərində Birminqemdə keçiriləcək ­batut gimnastikası və tamblinq üzrə 30-cu dünya yaş qrupları yarışlarında qüvvələrini sınayacaqlar. Onu da vurğulayaq ki, eyni tarixlərdə və həmin şəhərdə batut gimnastikası və tamblinq üzrə gənclər arasında 1-ci dünya çempionatı təşkil olunacaq. Bu yarışda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri Nicat Mirzəyev, Hüseyn Abbasov, Əli Niftəliyev, Mehdi Əliyev, İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Samirə Hüseynova, Ayan Şabanova, (batut gimnastikası) və Aleksey Karataşov (tamblinq) təmsil edəcəklər. 

L.AZAD 
XQ 

 

İdman