Bakıda çaxmış “İldırım” sovet rejimini necə dəhşətə salmışdı?

post-img

Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun 100 yaşından geri baxanda

Azərbaycan Xalq Cümhuriyyətini çökdürüb 70 il ölkəmizdə hökmranlıq etmiş sovet kommunist rejimi dövründə yurd sevgisinin, müstəqillik arzusunun acı aqibətini yaşamış tanınmış ziyalılarımızdan biri də “İldırım” antisovet tələbə-gənclər təşkilatının fəal iştirakçısı, Xalq yazıçısı, ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlu olmuşdu. 

Qanlı repressiya maşınının məhv et­diyi, işgəncə və sürgünlərə məruz qoy­duğu belə say-seçmə Vətən övladları­nın bəlalı taleyini araşdırıb, üzə çıxaran akademik Ziya Bünyadov “Qırmızı terror” kitabında göstərirdi ki, “İldırım” antisovet tələbə-gənclər təşkilatı 1944-cü ildə Sta­lin rejiminə qarşı yeni nəslin etirazını ifa­də edən tarixi zərurət kimi yaradılmışdı. 

Məşhur “Qırmızı terror” kitabını oxu­yandan sonra, 1994-cü ildə akademik Ziya Bünyadovla görüşüb Azərbaycan ra­diosunun “Qan yaddaşımız” verilişi üçün müsahibə almışdım. O, arxiv material­larını araşdırmasından, “Qırmızı terror” kitabını necə yazmasından danışmışdı. Sonda mənə belə bir tövsiyəsi olmuşdu: “Sağ qalan “İldırım”çıları axtar, onların haqqında verilişlər hazırla. Çalış, sürgün­də başlarına gələn müsibətləri danışsın­lar”. “İldırım”çıları axtarıb, sağ qalanları danışdırmışdım, rəhmətə gedənlərin isə ailələri ilə görüşmüşdüm. Onların müsa­hibələrini radioda səsləndirmiş, sonra “İl­dırım”çılar barədə film də çəkmişdik.

80 il əvvəl müxtəlif ali məktəblərin tələbə və aspirantı olmuş İsmixan Rəhi­mov, Gülhüseyn Abdullayev, Hacı Zey­nalov, Kamal Əliyev, Aydın Vahidov, Azər Ələsgərov, Musa Abdullayev və Kamil Rzayevdən ibarət kiçik dəstə belə bir and içmişdi: “Duz-çörəyə and içirəm ki, Anamın qanına, Ana torpağa and içirəm ki, xalqımın tam istiqlaliyyəti uğrunda mübarizədə öz yoldaşlarıma ömrümün sonunadək sadiq qalacağam. Əgər mən bu andı pozsam, onda öz cəzamı alma­lıyam”. 

İllər keçəndən sonra həmin insan­lardan birinin – “İldırım” təşkilatının qurucularından olmuş Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun (Abdulla­yev) oğlu Toğrul Abdullayevi atasının 100 illik yubileyi ilə bağlı Xalq TV-yə dəvət etdik. Müsahibimiz söhbətə bu sözlərlə başladı:

– Kaş, atam Azərbaycanın bu gün­lərini görəydi. İnanıram ki, onun arzula­rı gerçəyə çevrildiyinə görə ruhu şaddır. Atam və onun əqidə yoldaşları bugünkü müstəqilliyimiz naminə gənclik illərində Stalin rejiminə qarşı qorxmadan ölümlə üz-üzə dayanıblar. Vətən, millət sevgisi onlar üçün müqəddəs, əvəzsiz idi. Bu Vətən sevgisinin nəticəsisdir ki, 2020-ci ilin 8 noyabrından başlayaraq Zəfər ta­riximizi yaşayırıq. Bunları ona görə de­yirəm ki, atamın və onun məslək yoldaş­larının arzusu həyata keçib. Bu günlər hər birimiz şərəfli tariximizin şahidləriyik. Azərbaycanın suverenliyi tam bərpa olu­nub. Qarabağ başdan-ayağa azaddır. 

Bax biz bu xalqıq! Cəsarətli, ölümdən qorxmayan xalqımızla, Ali Baş Koman­danımız İlham Əliyevin rəhbərliyi altında hərb meydanında yeni bir tarix yazan Müzəffər Ordumuzla fəxr edirik, qürur duyuruq! Bu gün biz möhtəşəm bir tarix yaşayırıq. 2023-cü il, hər şeydən əvvəl, ona görə əlamətdardır ki, Ümummilli li­der, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyidir. Heydər Əliyev bütün ömrü boyu şeir, sənət adamlarına, ziyalılara yüksək qiymət verib. Tale elə gətirib ki, söz-sənət adamı olan atamın da 100 yaşı bu il ta­mam olur. Ona görə də, bu il ailəmiz üçün ikiqat əziz tarixdir. Qalibiyyət tariximizin əsasını qoyanların ruhu bu gün azad olmuş Vətənin göylərindədir. Sevinirəm ki, azadlıq, müstəqillik, Azərbaycan dili­nin dövlət dili kimi status qazanmasında atam Gülhüseyn Hüseynoğlunun da bir ziyalı xidməti olub.

– Gəlin, “İldırım”çıların tarixi qey­rət davasının məna və mahiyyətinə nəzər salaq. 

– “İldırım” təşkilatı milli haqlar uğ­runda mübarizə ruhunda formalaşmışdı. Təşkilatın əsas qurucuları Gülhüseyn Hüseynoğlu, İsmixan Rəhimov və Hacı Zeynalov əqidə yoldaşlarını birgə fəaliy­yətə cəlb edərək 8 nəfər olublar. Onlar heç nədən qorxmadan SSRİ rəhbərliyi qarşısında bir neçə sual qoyublar: 1937–1938-ci illərdə “xalq düşməni” damğası ilə həbs olunub, güllələnən Azərbayca­nın şair və yazıçılarının, onların ailələri­nin günahı nə idi? Nəyə görə, bu xalqın Hüseyn Cavidləri, Mikayıl Müşfiqləri, Əhməd Cavadları, Yusif Vəzir Çəmənzə­minli kimi yüzlərlə ziyalısı məhv edildi?! Nə üçün Cənubi Qafqaz respublikala­rından yalnız Azərbaycanın əlifbası bir neçə dəfə dəyişdirilib?

Həmin illərdə Qərbi Azərbaycanda yaşayan 100 minlərlə insanın doğma torpaqlarından sürgün olunmasına da “İldırımçılar” etiraz edirdilər. “İldıdrım”ın fəal üzvlərindən biri olan Musa Abdulla­yev tibb sahəsində təhsil aldığına görə, bu hadisələrə insanların sağlamlığı baxı­mından yanaşırdı. O, deyirdi ki, bütün ömürləri boyu saf təbiətdə, dağlar qoy­nunda yaşayan əhalinin aran rayonlarına köçürülməsi yalnız mənəvi zülm deyil, həm də fiziki cəhətdən məhv olur. Stalin rejiminin planlı şəkildə deportasiya si­yasəti tarixi İrəvan torpaqlarımızın işğal olunması ilə bərabər, yerli əhalinin sağ­lamlığının məhvinə yönəlib. “İldırım” təş­kilatının üzvləri mərkəzi hökumət qarşı­sında tarixi bir məsələ də qaldırmışdılar: Azərbaycan dili dövlət dili səviyyəsində tanınmalı və işlədilməlidir!

– Bunları sovet rəhbərliyi qiyam kimi qarşılamışdı.

– Ona görə də onlara amansız di­van tutulmuşdu. Dəhşətli işgəncələrdən sonra həyatının gənc illəri uzaq Sibirdə sürgündə keçmişdi. 1948-ci ildə DTK-nın 339 nömrəli orderi ilə həbs olunan gənc aspirant Gülhüseyn Abdullayevə təşki­latın digər üzvləri ilə birgə 1949-cu ilin 21-22 tarixlərində Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məh­kəmə Kollegiyası tərəfindən hökm oxun­muşdu. Təşkilatın 3 üzvü: Gülhüseyn Abdullayev, İsmixan Rəhimov və Hacı Zeynalov 25 il müddətinə, qalanları isə 10 il müddətinə sürgünə göndərilmişdilər. Stalinin DTK rəhbəri Abakumov belə bir qəddar göstəriş vermişdi: “Tələbələrin əhval-ruhiyyəsinə nəzarəti gücləndirmək lazımdır. Qanunun bizə verdiyi ən yüksək ölçüyə keçmək lazımdır. Onlara 25 il ver­mək lazımdır – 10 il yox! 10 il zindan de­yil, məktəbdir. 10 il məktəblilərə vermək olar, gənclərə isə 25 il. Cavandırlar, sağ qalarlar. Ölməzlər!”

Bəli, onlar ölmədilər. Vətən sevgisi, Haqq işinə inam onları yaşatdı. Atam ömrünün 8 ilini uzaq Sibirdə sürgündə keçirdiyinə görə polad kimi bərkimişdi. Heç bir qüvvə onu sındıra bilməmişdi. Gənc Gülhüseyn 7 il Tayşet və Boday­bo meşələrində ağac kəssə də, ümidini kəsməmişdi. Stalinin ölümü “İldırm”çılara Haqdan açılan qapı olmuşdu.

Gülhüseyn müəllim 1937-ci il repres­siyasının qurbanı olan görkəmli şairimiz Mikayıl Müşfiqin fanatı olub. O, Mikayıl Müşfiq haqqında ilk monoqrafiyanın, ilk dissertasiyanın və ali məktəblər üçün ilk dərs vəsaitinin müəllifidir. 

Bu yaxınlarda atamın xatirəsini bir daha yad etmək üçün Dövlət Sərhəd Xidmətinin Siyasi Repressiyalar Muze­yində oldum. Burada hər şey məni son dərəcə həyəcanlandırdı. Muzeyin rəh­bəri Mirabbas müəllim məni “güllələnmə otağı”na apardı. Orada torpaq nə qədər təmizlənsə də, yenə də insan qanının iyi gəlir. Repressiya illərində insan qanına susayanlar Müşfiqləri həmin “güllələnmə otağı”nda qanına qəltan ediblər. Atam həmişə Mikayıl Müşfiq üçün ağlayırdı, deyirdi ki, o, mənim oğlum yaşında idi... 

– O muzeydə siyasi dustaqlara ve­rilmiş dəhşətli işgəncələr də, sanki, fəryad qoparır...

– Bəli, mən o yeraltı həbsxanada sor­ğu-sual edilən “İldırımçı”ların da ağrı-acı­sını hiss etdim. Ona görə də, mübaliğəsiz deyirəm ki, Siyasi Repressiya Muzeyinin yaradılması çox dəyərli bir hadisədir. Mu­zeydə 8 “İldırımçı”nın hər birinin həyat yolu, cəmiyyətə xidmətləri haqqında xü­susi guşə hazırlanır. Atam ömrünün so­nuna qədər müstəqil Azərbaycan sevgisi ilə yaşadı. Bu sevgidən usanmadı. Biz Gülhüseyn müəllimin simasında yaxın tariximizin ağrı-acılarını və bugünkü uğurlarımızı yada salırıq. 

– Həyatını elinə, pedaqoji fəaliyyətə həsr edən Gülhüseyn Hüseynoğluelə bir ömür yaşayıb ki, onun həyat yolundan yazdıqca yazmaq istəyirsən. Müasir Azərbaycan nəsrinin görkəmli nümayəndəsi olan Gülhüseyn Hüseyn-oğlu 1942-ci ildə “Kommunist” qəzeti, 1945–1947-ci illərdə “Ədəbiyyat qəze­ti” redaksiyasında çalışıb. O həmişə “Azərbaycan deyəndə ayağa qalxıb”. 

– Doğrudan da, atam böyük söz usta­dı Məmməd Arazın “Azərbaycan deyən­də” şeirini söyləməkdən yorulmurdu. Bu şeir ailəmizdə hər kəsin dilinin əzbəri olub. 

– Gülhüseyn Hüseynoğlu 70 ilə yaxın Azərbaycan ədəbiyyatına qulluq edib. Onun “Nigarançılığın sonu”, “Ay nur çiləyəndə”, “Mənsur şeirlər”, “İn­san”, “Sübh çağı”, “Mücrü” əsərləri, “Ömrümüz boyu”, “Qatar gedir”, “Çə­tin yol”, “Yana-yana”, “Məhəbbətdirmi bu?”, “Müşfiqin yolu”, “Müşfiq”, “Eti­raf”, “Bir ömrün çıraqları” əsərləri söz xəzinəmizə dəyərli töhfədir.

– Gülhüseyn Hüseynoğlu 1956-cı ildə bəraət aldıqdan sonra ömrünün sonuna kimi bir vaxtlar təhsil aldığı Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Döv­lət Universiteti) filologiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasın­da müəllim, baş müəllim, dosent və pro­fessor vəzifələrində çalışıb. 

Atamın ilk əsəri “Ana” hekayəsidir, ilk mənsur şeiri isə “Bənövşə əfsanəsi” adlanır. Qələbəmizin şərəfinə və atamın ruhuna hörmət əlaməti olaraq, atamın yazdığı “Ana” əsərinin əsasında sənədli filmin hazırlanmasına köməyimi, baca­rığımı əsirgəməmişəm. Mən “Ana” he­kayəsinə ona görə müraciət etdim ki, Ana – torpaqdır, Ana – Vətəndir, Ana – Yara­danın uca varlığıdır! O varlıq qarşısında hamımız baş əyirik. 

Mən atamın ömür yolu ilə fəxr edir, yaradıcılığı haqqında isə görkəmli şəx­siyyətlərin dediklərini xatırlatmaq istə­yirəm. Akademik Aslan Aslanov yazırdı: “Gülhüseyn Hüseynoğlunun əsərlərində irəliyə sürdüyü, təbliğ etdiyi fikirlərlə özü­nün şəxsiyyəti arasında tam bir uyğunluq vardır. İnsana hörmət, bütövlük, nəciblik və paklıq onun şəxsiyyətinin ən səciyyə­vi xüsusiyyətləridir. Onun bir yazıçı kimi təbliğ etdiyi fikirlərinin oxucuların qəlbinə dərhal yol tapmasında, bizcə bunun da böyük rolu vardır”. Professor Mircəlal Pa­şayev isə bildirirdi: “Gülhüseyn heç kimə bənzəməyən, özünün dəst-xətti, üslu­bu olan, həmişə axtaran, poetik kəşflər edən, özünə tələbkar, əsərləri üzərində zərgər dəqiqliyi ilə işləyən, oxucusuna və ümumən ədəbiyyata hörmət bəsləyən, az yazmağı, mənalı yazmağı sevən ya­zıçıdır”. 

Toğrul müəllimin dediklərinə əlavə olaraq bildirək ki, yazıçının yaradıcılı­ğının əsasını şeir və hekayələr təşkil edir. O, Azərbaycan Yazıçılar Birliyinin X qurultayında nəsr bölməsinin rəhbə­ri seçilmişdi. Yazıçının əsərləri SSRİ xalqlarının dillərinə tərcümə olunmuş­du. 2005-ci ildə Azərbaycanın “Xalq yazıçısı” fəxri adına layiq görülən Gül­hüseyn Hüseynoğlu həm də, 2002-ci ildən Azərbaycan Respublikası Pre­zidentinin fərdi təqaüdçüsü idi. Öm­rünün sonuna kimi Vətənə, torpağa bağlı olan Azərbaycanın Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Gülhüseyn Hüseynoğlu 8 iyul 2013-cü ildə Haqq dünyasına qovuşmuşdur. Onun xatirəsi ürəklərdə əbədi yaşayır və yaşayacaq.

Söhbəti apardı:
Kəmalə ABDİNOVA



Müsahibə