Çünki ölümsaçan qidalar bazarı hələ də fəaliyyətdədir
Bakı Şəhər Təhsil İdarəsinə oktyabr ayının 24-də daxil olan məlumatda Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin 16 şagirdində qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edildiyi bildirilib.
Məlumatda göstərilib ki, həmin tədris müəssisələrinin rəhbərliyi və şagirdlərin valideynləri tərəfindən dərhal təcili-tibbi yardıma müraciət ediblər. Vəziyyətlə bağlı aidiyyəti dövlət qurumlarına da məlumat verilib. İlkin tibbi yardımdan sonra məktəblilər müvafiq səhiyyə müəssisəsinə yerləşdirilərək müayinə və müalicə proseduruna cəlb olunublar. Onlar dərsə gələrkən və məktəbdən evə gedərkən qəsəbədə fəaliyyət göstərən iaşə xidmətindən dönər alıb yedikdən sonra bu vəziyyətə düşdüklərini bildiriblər.
Baş verən bu hadisə ilə bağlı fikirlərini öyrənmək üçün müraciət etdiyimiz ekspertlər son vaxtlar belə halların tez-tez müşahidə olunduğunu, bazara yararsız ət məhsullarının çıxarıldığını, hətta iaşə müəssisələrində, dönərxanalarda keyfiyyətsiz qidalar hazırlandığına rast gəlindiyini söylədilər. Onlar fikirlərinin təsdiqi olaraq Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında yoxlanılaraq bakterioloji çirklənməyə məruz qalan, baytarlıq ekspertizasından keçməyən, mənşəyi məlum olmayan, kəskin qoxulu, normativ tələblərə cavab verməyən ət məhsullarının vaxtaşırı aşkar edildiyini də vurğuladılar.
Təəssüf ki, bəzi işbazlar insan sağlamlığına məhəl qoymadan təhlükəli fəaliyyətdən qəsd olan bu yoldan çəkinmirlər. Onlar mənşəyi məlum olmayan məhsulların satışa çıxarılmasının hansı faciələrlə nəticələnəcəyini düşünmürlər. Düzdür, onlar belə əməllərinə görə cəzalandırılır, cərimə edilirlər. Bu işlə məşğul olanların bəziləri həbs edilsələr də cinayət əməlinin kökünü kəsmək olmur.
Bütün bunlarla bağlı yaxın günlərdə XQ-də oxuculara ekspert-mütəxəssis rəyi əsasında geniş material təqdim ediləcək.
XQ

