Udmurtiyanın paytaxtı İjevsk şəhərində “Dostluq” Azərbaycan İctimai Mərkəzinin 25 illik yubileyi qeyd olunub.
Yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycandan da qonaqlar dəvət edilib. Onlar Udmurtiya Respublikasının Milli siyasət naziri Eduard Petrovla görüşüblər. Nazir rəhbərlik etdiyi dövlət qurumunun fəaliyyəti barədə məlumat verib, xalqlarımız arasında tarixi dostluq münasibətlərindən danışıb. O, İjevskdə soydaşımız Zülfüqar Mirzəyevin başçılıq etdiyi “Dostluq” İctimai Mərkəzinin səmərəli işini qeyd edib.
Bildirilib ki, Azərbaycan diasporu Udmurtiyadakı milli-mədəni birliklər arasında fəallığı ilə seçilir. Milli bayramlar, xatirə günləri, SSRİ Xalıq artisti Müslüm Maqomayevə həsr olunan “Sən mənim melodiyamsan” açıq festival-müsabiqəsi, dama və nərd üzrə turnirlər, “Nə, harada, nə vaxt?” açıq çempionatı təşkilatın keçirdiyi mühüm tədbirlərdir. Milli ənənələri yaşatmaq, Azərbaycan dilini tədris etmək məqsədilə İjevskdə Bazar günü məktəbi də fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi şöbə müdirinin müavini Əli Baytalov və Azərbaycandakı Rus İcmasının sədr müavini, politoloq Anastasiya Lavrina səmimi qəbula görə nazirə təşəkkür edərək, qarşılıqlı əlaqələrin daha da genişləndiriləcəyinə ümidvar olduqlarını bildiriblər. Təklif edilib ki, respublikalarımızın jurnalist təşkilatları arasında da əməkdaşlıq genişləndirilsin. Rus Mədəniyyəti Cəmiyyətinin sədri Vitali Tyulpin isə “Dostluq” təşkilatı ilə birgə layihələrin millətlərarası münasibətlərin möhkəmləndirilməsində mühüm rolu olduğunu qeyd edib.
Səfər zamanı Azərbaycan nümayəndələri Rusiya Xarici İşlər Nazirliyi Nümayəndəliyi İjevsk bölməsinin rəhbəri Gülnarə Mannanova, Udmurtiya Sosial Siyasət və Əmək Nazirliyinin rəsmisi Tatyana Rupasova ilə də görüşüblər.
Daha sonra Dostluq Evində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib. “Dostluq” mərkəzinin təşkil etdiyi tədbirdə Azərbaycandan gəlmiş qonaqlarla bərabər, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Oleq Qarin, “Batkovşina” Belarus Mədəniyyəti Cəmiyyəti”nin sədri Nikolay Ukrainets, eləcə də Moskva şəhəri, Tatarıstan Respublikası və Orenburq vilayəti üzrə Azərbaycan icmalarının nümayəndələri iştirak ediblər.
Öncə müasir Azərbaycanın inkişafina Ulu öndərin misilsiz töhfələrindən bəhs edən sənədli film göstərilib. Sonra azərbaycanlı qonaqlar dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, Azərbaycan–Rusiya münasibətlərinin inkişafında Ulu öndərin xidmətlərini qeyd ediblər.
Ertəsi gün “Dostluq” mərkəzinin 25 illik yubileyi münasibətilə mərasim başlanıb. Tədbiri qurumun sədri Zülfüqar Mirzəyev açaraq bildirib ki, Azərbaycan diasporunun nümayəndələri bu respublikanın inkişafına mühüm töhfələr verirlər. Son illərdə millətlərarası münasibətlərin möhkəmlənməsinə həsr edilən 150-dən çox yaddaqalan tədbir keçirilib. Bununla bağlı sənədli film nümayiş olunub.
Udmurtiya dövlət və bələdiyyə orqanlarının nümayəndələri, milli-mədəni birliklərinin rəhbərləri, habelə Moskva, Kirov, Orenburq, Perm vilayətlərinin, Naberejnıye Çelnı şəhərinin diaspor təmsilçiləri təbrik nitqləri ilə çıxış ediblər. Əli Baytalov mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Təşkilatın rəhbəri Zülfüqar Mirzəyev “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib. Mərkəzin fəal üzvləri və diaspor nümayəndələrimizə Udmurtiyada millətlərarası münasibətlərin möhkəmlənməsində mühüm rollarına görə mükafatlar verilib.
Mərasimdə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti, Avrasiya Xalqları Assambleyası Baş katibinin müavini Rauf Zeyni, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev də mərkəzin rəhbərliyini təbrik ediblər.
Bayram tədbirində Samara şəhərinin “Alpan” ansamblının ifasında Azərbaycan xalq melodiyaları səsləndirilib. Məşhur “Buranovskie babuşki” folklor qrupu, respublikanın digər xalq kollektivləri və incəsənət ustaları da öz çıxışları ilə məclisi şənləndiriblər.
Azərbaycan nümayəndələri İjevsk şəhərindəki Ustinovski polis idarəsində əfsanəvi polis zabiti Tofiq Kərimovun xatirə lövhəsinin önünə əklillər qoyublar. Onlar Xalqlar Dostluğu Evinin çoxşaxəli fəaliyyəti ilə tanış olub, atıcı silah konstruktoru, general Mixail Kalaşnikov adına Muzey-Sərgi Kompleksini ziyarət ediblər.
Ə.ƏLİYEV
XQ


