Bugünlərdə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünya şöhrətli bəstəkar Arif Məlikovun 90 illik yubileyi münasibətilə “Məhəbbət əfsanəsi” baletinin Heydər Əliyev Sarayında təntənəli təqdimatı ölkənin mədəni həyatında sənət hadisəsi oldu. Müsahibimiz tamaşada Üzeyir Hacıbəyli adına Dövlət simfonik Orkestrini idarə edən drijor, Xalq artisti, professor Yalçın Adıgözəlovdur.
– Əvvəlcə, dünyanın bir çox səhnələrində çıxış etmiş bir sənətkar kimi deyin: bu gün kənardan Azərbaycan necə görünür?
– Dünya artıq bizi tanıyır. 20 – 25 il əvvəl hansısa bir ölkəyə gedəndə soruşurdular ki, Azərbaycan harda yerləşir, sənətkarlarınız kimdir? Mədəniyyətimizlə maraqlanırdılar. Son 25 ildə çox böyük işlər görülüb. 20 il əvvəl Heydər Əliyev Fondu fəaliyyətə başlayıb, bu qurum mədəniyyətimizi xaricdə tanıtmaqla bağlı çox işlər görüb. Dünya konsert salonlarında, operalarda, antik teatrlarda mədəniyyətimiz uğurla təqdim edilib. Mədəniyyət və din ocaqları bərpa edilib.
Azərbaycan bəstəkarlarının notlarının uzun illər gözlədiyimiz nəşri gerçəkləşdi və qələbədən sonra Şuşada Cıdır düzündə ilk “Xarıbülbül” festivalında təqdimatı oldu. Bunlar çox böyük işlərdir. Artıq dünya Üzeyir bəy Hacıbəylini də, Niyazini də, Soltan Hacıbəyovu da, Arif Məlikovu da, Vasif Adıgözəlovu da tanıyır. Avropada dəfələrlə konsertimiz olub. Şəhərlərdə təkrar konsertlərimiz olanda salon dolur. Deməli artıq bizi tanıyır və konsertlərimizə gəlirlər. Azərbaycan Bəstəkarlıq məktəbinin səviyyəsi çox yüksəkdir. Bizim qürurverici böyük əsərlərimiz var.
Dəfələrlə demişəm, yenə təkrar edirəm, keçmiş sovet məkanında, Rusiyadan başqa, musiqi mədəniyyəti baxımdan bizimlə müqayisəyə gələcək ikinci ölkə yoxdur. Azərbaycanda Üzeyir bəyin özülünü qoyduğu məktəb daim böyüyüb, şöhrətlənib. Təkcə Maestro Niyazi, Qara Qarayev, Fikrət Əmirov bəs edərdi ki, Azərbaycan böyük musiqi ölkəsi sayılsın. Amma baxın, bu nəslin davamı necə möhtəşəm gəldi: Soltan Hacıbəyov, Cövdət Hacıyev, Tofiq Quliyev, Rauf Hacıyev, Arif Məlikov, Musa Mirzəyev, Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov və onlardan sonra gələnlər...
Sovet vaxtı SSRİ Bəstəkarlar İttifaqının qurultaylarında hamı Azərbaycan bəstəkarlıq məktəbinin yetirmələrinə xüsusi hörmətlə yanaşırdı. Dmitri Şostakoviç 3 dəfə Bakıda olub, hər dəfə də deyirdi ki, Qara Qarayevlə, Cövdət Hacıyev mənim övladlarımdır, siz hamınız nəvələrimsiniz, çünki siz onların övladlarısınız.
– O məktəb, sizcə, davam edirmi, yeni nəsil yetişirmi?
– Hesab edirəm ki, davam edir. Arada bir az boşluq oldu, bu, həm də Azərbaycanda yox, bütün ölkələrdə hiss edildi. Azərbaycanda müharibə ilə bağlı çətin illərimiz oldu. Musiqi mütəxəssislərimizin çoxu ölkəni tərk etdi. Ən yaxşıları qayıtmadı. İndi o boşluğu bərpa edirik.
– Qarabağ ağrıları musiqimizə təsirsiz ötüşmədi.
– Elədir. Mənim gözümün qabağına, ilk növbədə, atam Vasif Adıgözəlovun yaradıcılığı gəlir. Ona görə yox ki, atam qarabağlı idi. Anar Məmmədxanov deyirdi ki, nə qədər Qarabağ işğaldadır, hamımız qarabağlıyıq. Təbii ki, Qarabağ faciələri bəstəkarların əsərlərinə də keçdi. Amma qarabağlı bəstəkarların – Vasif Adıgözəlovun, Süleyman Ələsgərovun yazdıqları ürək ağrısı idi. Atam 90-cı ildən sonra nə yazdısa, hamısı Qarabağ mövzüsunda oldu.
– Hamısı da nisgilli...
– Hamısı – həm “Qarabağ şikəstəsi oratoriyası”, həm “Qəm karvanı” kantatası. Mahnısına fikir verin: “Şuşam laylay”. Qarabağ həsrəti, acısı ürəklərindən çıxmırdı ki, başqa musiqi də yaratsın. Ömrünün sonuna qədər atamın əsas mövzusu Qarabağ oldu. Biz çox xoşbəxt nəsilik ki, qələbəni gördük.
– Atanızın adlarını çəkdiyiniz musiqilərini Şuşada ifa etməyiniz onu Şuşa həsrətli ruhunu şad etdi.
– O tarixi bir gün idi. “Qarabağ şikəstəsi oratoriyası”nın Cıdır düzündə səsləndirilməsi atamın vəsiyyəti idi. Mənə demişdi ki, mənə qismət olmayacaq, amma sən hökmən Cıdır düzündə “Qarabağ şikəstəsi oratoriyası”nı səsləndir.
– O gün qeyri-adi bir hadisə baş verdi: ifa zamanı qartalın orkestrin başı üstündə qanad salması mistik bir əhvalla qarşılandı.
– Mən sonra mütəxəssislərdən soruşdum. Dedilər ki, bu yerlərdə uzun müddət qartal olmayıb, cəmi bir cüt qartal var, az görünər. Niyə məhz “Qarabağ şikəstəsi” oratoriyasının ifası zamanı gəldi və operator necə həmin anı yaxaladı? Elə bil, o qartalın qanadlarında Üzeyir bəyin, Fikrətin, Xanın, Bülbülün, Rəşidin... ruhu bu təntənəni yaxından izləməyə gəldi. Hamımız çox təsirləndik. O Tanrıdangəlmə bir əlamət, işarə idi bizə.
Alim Qasımovla “Qarabağ şikəstəsi” oratoriyasını ilk dəfə Moskvada, 20 Yanvar şəhidlərinin ildönümündə ifa etmişik. Şikəstənin adını çəkmədilər. Aparıcı təqdim etdi ki, Vasif Adıgözəlov “Şikəstə oratoriyası”, Qarabağ sözünü çıxartmışdılar. İfadan sonra Nodar Şaşıqoğlu çıxdı səhnəyə Teymur Elçinin şəhidlərin ruhuna ithaf etdiyi şeirlərini səsləndirdi və dedi ki, xahiş edirəm, hamı ayağa qalxıb ansın 20 Yanvar şəhidlərini. Salon ayağa qalxdı. O vaxt Alim Qasımovla mənim saçlarımız qara idi, indi onunku ağarıb, məndə isə heç yoxdur. Düz 30 il sonra eyni tərkiblə – ikimiz Şuşada “Qarabağ şihəstəsi”ni öz adı ilə ifa etdik. Nələr yaşadıq, bunlar böyük bir tarixdir.
– Qələbə və uğurlarımız davam edir. Ötən həftə Qarabağda baş verənlər barədə fikriniz?
– Biz artıq qələbələr gözləyirik. Son illər davamlı qələbələr qeyd edirik. Ölkə başçısına, Ali Baş Komandana sonsuz inam var. Onun nəyi, necə nə vaxt etmək məharəti bizə yeni-yeni uğurlar qazandırır. İndi Azərbaycan intibah dövrünü yaşayır. Xarici ölkələrə gedəndə görürük, bizə münasibət tamam dəyişib. Biz artıq qalib xalq, müzəffər ölkəyik, haqq yerini tutub. Bugünlərdə isə Qarabağda suverenliyimiz bərpa edildi. Bu ikiqat zəfərdir.
Bir ay əvvəl Laçında idik. Son nəsil gənclik Qarabağı görməyib. Lakin onlar Qarabağ sevgisi, ruhu ilə böyüyüblər. Gənc müğənni “Kəsmə şikəstə”ni elə oxudu ki, tüklərim biz-biz oldu. Soruşdum, haralısan? Dedi ki, ağdamlı. Əslən ordan olduğu üçün belə dedi, amma Ağdamı görməyib. Genetika isə öz sözünü deyir. Xalqı qan yaddaşı, genetik yaddaş yaşadır. Üzümü gənclərə tuturam: bizim kimi xalq yoxdur, bu Vətəni, bu bayrağı sevin.
– Bu günlərin gözəl hadisələrindən biri də Arif Məlikovun “Məhəbbət əfsanəsi”nin bəstəkarın Vətənində təntənəli təqdimatı oldu.
– Allah Arif Məlikova rəhmət etsin, böyük bəstəkardır. Qara Qarayevin parlaq yetirmələrindəndir. 60-cı illərdə Nazim Hikmət librettonu Arif Məlikova yox, Qara Qarayevə göndərmişdi. O zaman Qara Qarayev “Məhəbbət əfsanəsi” librettosunu verir Arif Məlikova. Möhtəşəm əsərdir və Arif Məlikovun gənc yaşında bu əsərlə ulduzu parladı. Ondan sonra da çox əsərlər yazdı, amma zirvəsi “Məhəbbət əfsanəsi”dir. 40-dan çox ölkədə 60 dəfədən artıq oynanılıb.
Mən ilk dəfə bu tamaşanı İstanbul Dövlət Opera və Balet Teatrında idarə etmişəm. Tamaşa o qədər uğurlu alınmışdı ki, gətirib Arif Məlikova təqdim etdim, dinlədi, çox sevindi, qucaqladı məni. “Məhəbbət əfsanəsi” ölməz əsərdir, hələ çox yaşayacaq.
– Maraqlı söhbətə görə təşəkkür edirik.
Söhbəti apardı:
Ramilə QURBANLI
XQ

