Həsən Həsənov: “Tələb edirəm, təcili göstəriş ver, Heydər Əliyevin telefonunu açsınlar”

post-img

VIII SÖHBƏT

“Heydər Əliyev xatirələr işığında” layihəmizdə ilk qonağımız olmuş tanınmış ictimai-siyasi xadim Həsən Həsənovla geniş maraq doğuran söhbətimizin vəd etdiyimiz davamı və daha maraqlı hadisələrin yer aldığı 8-ci hissəni təqdim edirik. 

– Həsən müəllim, əvvəlki söhbətlərimizin birində söylədiniz ki, Baş nazir işlədiyiniz zaman, Naxçıvanın gündəlik problemlərinin həllində yaxından yardım etmisiniz. Bəs taleyüklü məsələlərin həllində necə, iştirak edirdinizmi? 

– Bəli, Naxçıvanın taleyüklü məsələlərinin həlli həmişə diqqət mərkəzimdə idi.  Bu da mənim Heydər Əliyevlə gündəlik sıx əlaqələrimdən irəli gəlirdi. Naxçıvanın Heydər Əliyevdən əvvəlki rəhbərləri mənimlə deyil, daha çox Ayaz Mütəllibovla əlaqələrə üstünlük verirdilər. 

1990-cı ilin sentyabr ayında Türkiyəyə rəsmi səfərimdən əvvəl Naxçıvandan qardaş ölkəyə Araz çayı üzərindən körpünün tikintisi haqda, çox çətinliklə Moskvada qərarın qəbul edilməsinə nail oldum. Çox ciddi manelərlə rastlaşdım. Türkiyədə isə qardaşlarımızdan qarşılıqlı maraq gördüm. Yeganə problem bu oldu ki, mən əlavə  olaraq, körpünün həm avtomobil, həm də dəmir yolu üçün nəzərdə tutulmasını təklif etdim. Türkiyə nazirliyi, deməzdim etiraz etdi, sadəcə bu  təklifə ehtiyatla yanaşdı və ölkələrinin bu ərazidə dəmir yolu xəttinin olmamasını bildirdi. Təkidlə dedim: “Yoxdur, çəkin”. Məsələ nazirlikdən yuxarı orqana məruzə olundu və təklifim qəbul edildi. Lakin Bakıda Heydər Əliyevə və bu səbəbdən Naxçıvana ögey münasibət nəticəsində layihənin reallaşması ləngidilirdi. Heydər Əliyev Naxçıvan Ali Məclisinə sədr seçilən gündən körpünün tikintisi sürətləndirildi və 28 May Azərbaycan Xalq Cümhuriyyəti Günü Baş nazir Süleyman Dəmirəllə birlikdə onun açılışını etdi. Bu da onu göstərirdi ki, Heydər Əliyev həmin körpünün blokadada olan Naxçıvan üçün, eləcə də bütövlükdə müstəqil Azərbaycan üçün strateji əhəmiyyətini çox gözəl bilirdi.     

Bundan sonra, 1991-ci ilin iyul ayında mənim İrana rəsmi səfərim oldu və orada qəbul etdiyimiz sənədlərin böyük hissəsi məhz Naxçıvanın problemlərinin həllinə həsr olunmuşdu. İranda apardığım danışıqların başlıca mövzusu, Azərbaycanın əsas hissəsindən və Türkiyədən təcrid vəziyyətində olan Naxçıvanın bir neçə probleminin İslam Respublikası vasitəsi ilə həll oldu. Onlardan ən əsası Naxçıvanın elektrik  və qaz təchizatı məsələsi idi. Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə əlaqəsinin sabit və müntəzəmliyinin təmin olunması da vacib problemlərdən idi. Digər vacib məsələlərdən biri də, o zaman nəzərdə tutulan Bakı-Zəngilan-Culfa neft kəmərinin tikintisi idi. Sənədlə bu kəmərin Meğri hissəsinin İran üzərindən çəkilməsi rəsmiləşdirildi. Zəruri məsələlərdən biri isə Astara-Təbriz-Culfa yolu üzrə yük daşıyan avtomobillərin hərəkəti haqqında razılığın əldə edilməsi oldu. Sənəddə əks olunan məsələlərdən biri isə Mincevan-Ordubad dəmir və avtomobil yollarının çəkilməsi və Meğri hissəsində bu yolların İran üzərindən keçirməsi idi. Yəni Ermənistanın Meğri hissəsindən kənar keçməklə, Naxçıvana vacib olan üç məsələ –  neft-yanacaq təchizatının, dəmir və avtomobil yolları ilə əlaqələrin stabil yaranmasına xidmət edən sənəd imzaladıq və bunun üçün İranın ərazisindən istifadə etmək razılığını aldıq. Bu problemlər də məhz Heydər Əliyev Naxçıvana rəhbər seçiləndən sonra həllini tapmağa başladı. Beləliklə, mənim 1990-1991-ci illərdə Türkiyə və İrana rəsmi səfərlərimin vacib hissəsi Naxçıvanın problemlərinin həllinə həsr olunmuşdur.     

Ümumiyyətlə, Heydər Əliyev ermənilərin muxtar respublikaya mümkün hökmünün qarşısının alınmasına yönələn çox böyük işlər və vacib tədbirlər həyata keçirdi. Bu işdə mən də həmişə onun yanında idim.  

Naxçıvanın bütün iqtisadi, sosial-məişət təminatı üçün imkan daxilində yardımçı olurdum. Ərzaq, taxıl, yanacaq, enerji və sair təminat məsələləri ilə məşğul olurdum.  Əlbəttə, nə Prezident, nə də onun tərəfdarları bizim sıx əlaqələrimizə göz yummurdu. 

– Elə növbəti sualım da bununla bağlıdır. Təbii ki, Azərbaycanın o vaxtkı rəhbərliyi buna göz yuma bilməzdi.  Bakıda hakimiyyət Sizin Heydər Əliyevlə sıx əlaqənizə və əməkdaşlığınıza necə münasibət göstərirdi, hansı təzyiqlərlə qarşılaşırdınız?

– Əlbəttə, təzyiqlərlə qarşılaşırdım. Amma bunlar mənim iradəmi qıra bilməzdi. Məsələn, o vaxt Nazirlər Kabinetinin orqanı olan “Respublika” qəzetinin nəşrini dayandırdılar. Səbəbi bu idi ki, qəzetdə Heydər Əliyevin bəyanatı dərc edilmişdi. O vaxt qəzetin baş redaktoru Əhməd İsayev mənə məlumat verdi ki, ­Heydər Əliyevin bəyanatını almışıq, verək-verməyək? Dedim: “Dərc edin”. Bəyanat qəzetimizdə dərc edildi. Prezidentin komanda üzvləri Əhməd İsayevi hədələməyə başladılar. Bu bəyanatın nəşri ilə əlaqədar mənim də Ayaz Mütəllibovla çox kəskin mübahisəmiz oldu. O mənim Heydər Əliyevə münasibətimi dəyişmək iqtidarında deyildi, bircə gücü ona çatdı ki, sərəncamla “Respublika” qəzetini bağladı.  

Bir gün Heydər Əliyev Naxçıvandan mənə şəhər telefonu ilə zəng vurdu. Təəccüb etdim və soruşdum: “Heydər Əliyeviç, bəs niyə şəhər telefonu ilə zəng vurursunuz?” Dedi: “Məgər xəbərin yoxdur?” Dedim: “Yox. Nə olub?” O vaxtı rus dilində “VÇ” adlanan, sovetdən qalan dövlət rabitə sistemi hələ də fəaliyətdə idi və biz adətən onun vasitəsi ilə danışırdıq. (Bəziləri bunu “visokoçastotnıy-yüksək tezlikli”, bəziləri də  “vsesoyuznıy çrezvıçaynıy- “ümumittifaq fövqəladə telefon xətti” adlandırırdı). Heydər Əliyev dedi: “Mənim VÇ telefonumu kəsiblər”. Dedim: “Kim kəsib?” Dedi: “Kim kəsəcək, yəqin DTK kəsib”. Həqiqətən də bu telefonlar DTK-nın nəzarətində idi, DTK-nın da sədri Ayaz Mütəllibovun sağ əli olan İlhüseyn Hüseynov idi. Dedim: “Heydər Əliyeviç, bəs bir səbəb deyildimi?” Dedi: “Heç bir səbəb deyilməyib. Yəqin mənim səninlə müntəzəm danışıqlarımız onları narahat edir. Sadəcə qaldırdım, baxdım ki, rabitə kəsilib, işləmir. İşçilərə tapşırdım öyrənsinlər. Onlar da dedilər ki, Bakıdan kəsiblər”.  Dedim: ­“Heydər Əliyeviç, telefonu qoymayın, zəhmət olmasa gözləyin”. Başqa telefonla DTK-nın sədrini yığdım. Dedim: “Heydər Əliyevin telefonunu sən kəsmisən?” Dedi: “Bəli”. Soruşdum: “Niyə?” Dedi: “Yoldaş Həsənov, axı mən sizə tabe deyiləm ki, hesabat verim, siz öz işinizlə məşğul olun. Mən Prezidentə tabeyəm, göstəriş verib, mən də yerinə yetirmişəm”. 

Mən, ədalətin pozulduğunu görəndə çox qəzəbli oluram. Azərbaycan DTK-sının sədrinə, necə deyərlər, çox sərt ifadələr söylədim. Sonda dedim: “Mənə tabe olub-olmamağının mənə dəxli yoxdur. Heydər Əliyev telefondadır. Tələb edirəm, göstəriş ver, onun telefonunu təcili açsınlar. Telefonda sizin cavabınızı gözləyirəm”. Adamın üstündə Allahı var, İlhüseyn Hüseynov da etiraz etmədi, tapşırığımı yerinə yetirdi. Mənimlə danışa-danışa göstəriş verdi ki, telefonu açsınlar. Sonra Heydər Əliyevə dedim ki, telefonu yoxlasın. Heydər ­Əliyev yoxladı və dedi: “Həsən sağ ol, açdılar”. 

– Bir qədər də Heydər ­Əliyevin müstəqillik illərindəki dövlət idarəçiliyindən danışaq. Azərbaycanın MDB-yə daxil olması və bu qurumla münasibətlər hansı prinsiplər əsasında qurulurdu? Ümumiyyətlə, Heydər Əliyev Azərbaycanın bu quruma daxil olmasına niyə müsbət qərar verdi? 

– Bu sualınıza cavab vermək üçün gərək mütləq tarixə qayıdaq. 1991-ci il dekabrın 8-də Rusiya, Ukrayna və Belorus dövlət başçıları bu ölkənin Belovej adlanan ərazisində toplaşıb SSRİ-nin ləğvini elan etdilər və yeni bir qurum yaratmaq haqqında qərar verdilər. Sonradan məlum oldu ki, onlar əvvəl Slavyan Dövlətləri Birliyi (SDB) yaratmaq fikrində olublar. Amma görünür həmin söhbətdə iştitak edənlərdən hansısa ayıq olub və deyib ki, əgər biz başqa respublikaların da bu quruma qoşulmasını istəyiriksə, onda bu ad işimizə əngəl olacaq və ona imkan verməyəcək. 

Xatırladım ki, SSRİ yarananda da Stalin və Lenin arasında yaranacaq birliyin adı ilə bağlı fikir ayrılığı olub. Stalin təklif edib ki, Sovet dövlətinin adı “Rusiya Federativ Respublika”sı olsun və bütün respublikalar onun tərkibində muxtariyyət statusunda olsunlar. Lenin bunu qəbul etməyib və təklif edib ki, ölkə Sovet Sosialist Respublikaları İttifaqı, yəni “SSRİ” olsun və hər respublika öz milli adı ilə SSRİ-nin üzvü olsun. Sual oluna bilər ki, Stalin niyə belə təklif edirdi və Lenin nə üçün ölkənin “SSRİ” olmasını təklif etdi? Stalin dünya sosialist inqilabına inanmırdı. Amma Lenin inanırdı. Lenin düşünürdü ki, əgər respublikalar Rusiya Federasiyasının tərkibinə daxil olsalar, o zaman İtaliyada, Almaniyada və digər dövlətlərdə sosialist inqilabı olmaya bilər. Çünki onlar Rusiya Federasiyasının tərkibində muxtariyyət istəməzlər. Amma ölkə Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) olsa, onların qoşulmağı mümkündür. Yəni Lenin bunu heç də ayrı-ayrı respublikaların və xalqların maraqları naminə deyil, ümumdünya kommunist inqilabı naminə edirdi. 

SSRİ-nin dağılmasını, indi də müasir Rusiyanın bir çox millətçi siyasətçiləri məhz Leninin təklif etdiyi modellə əlaqələndirirlər. Onların düşüncəsinə görə, milli respublikalar İttifaq üzvü deyil, Rusiya Federasiyasının adi üzvü olsaydılar ölkə dağılmazdı. Yeri gəlmişkən onu da deyim ki, Azərbaycanda yenicə müstəqil Sovet Respublikası elan olunanda rəhbər vəzifə tutan və milliyətcə azərbaycanlı olan kommunistlər Əliheydər Qarayev və Mirzə Davud Hüseynov Nəriman Nərimanovdan təkidlə tələb edirdilər ki, o dərhal Azərbaycanın müstəqilliyindən imtina edərək, ölkəmizi Rusiyanın tərkibində muxtar respublika olaraq elan etsin. Nəriman Nərimanov bu ideyanı cəsarətlə rədd etdi. 

Məncə, Rusiyanın müasir millətçi siyasətçilərinin Stalinin versiyasının  daha əlverişli olduğu haqda düşüncələri boş söhbətdir. Axı Rusiya imperiyası nə respublikalar ittifaqlı idi, nə tərkibində muxtariyyət və ya milli adla hər hansı bir ərazi var idi. Buna baxmayaraq, Rusiya imperiyası dağıldı və nəticədə yeni yaranmış müstəqil respublikalar dünyanın aparıcı ölkələri tərəfindən tanındılar. Lenin özünün yeni  sosialist dövlətini yaradarkən Rusiya imperiyasından ayrılmış milli ərazi vahidlərinin əksəriyyəti artıq müstəqil dövlət kimi tanınırdılar. Deməli, həm Rusiya imperiyasının, həm də Sovet İttifaqının, yaranma şəraitlərindən və idarəetmə üsullarından asılı olmayaraq, onun dağılması qaçılmaz idi. Bununla bağlı jurnalistlər Heydər Əliyevə sual verəndə də, o qəti şəkildə bildirdi ki,  Sovet İttifaqının dağılması qaçılmaz idi.

Qayıdaq Belovej hadisələrinə. Belovejdəki üçlük ilk əvvəl də düşünürdü ki, bizi zorla Slavyan Dövlətləri Birliyinə daxil edə biləcəklər. Amma məsələni bir qədər dərindən düşünənlər onları bu fikirdən daşındırıb, qurumun Müstəqil Dövlətlər Birliyi olmasını daha məqbul hesab ediblər. 

Həmin vaxtlarda Azərbay-canda Ayaz Mütəllibov Prezident, mən Baş nazir idim. Bizi Almatıya dəvət etdilər. Almatıda mənə tam aydın oldu ki, vəziyyət çox ciddidir və bizim xeyrimizə deyil. Çünki dövlətçilik səlahiyyətlərimiz aydın deyildi. Danışıqlarda deyirdilər ki, guya respublikalar üçün yaradılan məhdudiyyətlər müvəqqətidir. Bu cəhdlərə baxmayaraq, Almatıda bir qərar qəbul etmək mümkün olmadı. 

1991-ci il dekabrın 21-də keçmiş respublikaların rəhbərlərini Minskə dəvət etdilər. Çünki Almatıda qərar qəbul olundu ki, MDB-nin paytaxtı Moskva yox, Minsk olacaq. Bu da sözsüz ki, fikri yayındırmaq üçün ortaya atılmışdı. Yəni Moskvanın əvvəlki hökmü olmayacaq. Minsk toplantısında təklif edildi ki, qurumun birgə hərbi qüvvələri yaradılsın, xarici sərhədlər birgə qorunsun və i.a. Bu fikirlər məni ciddi narahat etdi və Minsk toplantısında çıxış edib bu təklifə kəskin etiraz etdim. Bir qədər sərt şəkildə dedim ki, “daha bunun nəyi Müstəqil Dövlətlər Birliyi oldu”. Mənim kəskin çıxışımı görən Rusiya Prezidenti Yeltsin gözlənilmədən fasilə elan etdi və bildirdi ki, fasilədən sonra yalnız prezidentlər başqa bir salonda toplaşacaqlar. Bu toplantıda iştirak etməyəcəyimi nəzərə alıb, Ayaz Mütəllibova dedim ki, “orda hansısa sənəd ortaya qoysalar, nəbadə qol çəkəsən”. Ayaz Mütəllibov belə məsələlərdə elə zabitəli və qətiyyətli adam deyildi. Dodaqaltı mızıldandı ki, yox, qol çəkmərəm. Bu yaxınlarda yoldaşlardan həmin toplantıda imzalanan sənədi mənə göndərmələrini xahiş etdim. Ayaz Mütəllibovun sənədi imzaladığını görəndə heyrət etdim. İmzalanan sənəddə göstərilir ki, birgə hərbi qüvvələr yaradılsın, amma 3 ay ərzində respublikalar öz ordularını yaratsınlar. Sənədi imzalamaqla Ayaz Mütəllibov faktiki olaraq “MDB ordusunun”, əslində keçmis Sovet ordusunun Azərbaycanda qalmasını rəsmiləşdirdi və respublikamızın ərazisindən çıxarılması vaxtını uzatdı. Nəzərdə tutulan 3 ay müddətində sözsüz ki, Azərbaycanda güclü ordu yaradılmadı. Belə bir addımın acı nəticəsi də özünü çox gözlətmədi və Xocalı faciəsinin törədilməsinə gətirib çıxartdı.  

Amma bunun əksinə olaraq, həmin dövrdə Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyev oradan Rusiya qoşunlarını çıxartdı. Hətta rəsmi sənədlə şərtlər qoydu ki, bir avtomat, top, tank, avtomat belə Naxçıvan Muxtar Respublikasından çıxarılmayacaq. Elə də oldu və rus ordusunun şəxsi heyəti, heç bir silah, texnika götürmədən Naxçıvanı tərk etdi. 

BMT-də diplomatik fəaliyyət zamanı özüm üçün bir formulanı dərk etdim ki, bizim özümüzü təcrid etməyimiz doğru yol deyil. Təcridolunma ancaq ziyanımıza işləyəcəkdir. Heydər Əliyev hakimiyyətə qayıdandan sonra parlamentdə MDB-yə daxil olmaq məsələsini qaldırdı. O zaman mən hələ xarici işlər naziri təyin edilməmişdim. Amma Heydər Əliyevin tapşırığı ilə Bakıya qayıtmışdım və həmin iclasa dəvət edilmişdim. İclas zamanı zalda olan 25 müxalifət deputatı özlərinə əl qatıb, haray-həşir saldılar ki, yox, MDB-yə daxil olmaq olmaz. Hətta onlardan biri çıxışında bildirdi ki, Azərbaycan nəinki MDB, Avropa ilə də əlaqələri kəsməli, Fransa ilə də münasibətləri pozmalıdır. Mən yerimdən söz aldım və dedim: “Mən BMT-də fəaliyyət göstərəndə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması  ilə bağlı qətnamələrin qəbul edilməsi üçün çalışırdım. Səmərəli nəticə əldə etmək məqsədilə Fransa səfiri ilə də işgüzar əlaqə yaratmışdım. Düşünürdüm, o, bizi dəstəkləməsə belə, heç olmasa əleyhimizə qərəzli çıxış etməsin, çünki Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir”.  

Müxalifətçilərin gərginlik yaratmaq istədiyi məqamda Heydər Əliyev məni yanına çağırdı və dedi: “Həsən, bunlar özlərini niyə belə aparırlar? Sənin şəxsən bu məsələyə münasibətin necədir? Sən də axı keçən dəfə, 1991-ci ildə buna etiraz edirdin!?” Dedim: “Belə apardılar ki, bu günə düşdük də. Qaldı MDB-yə, 1991-ci ildə mən həqiqətən də MDB-yə daxil olmağa qəti etiraz edirdim. O zaman mətbuata bəyanat verəndə bildirdim ki, nə vaxt bizim öz pul sistemimiz, ordumuz və müstəqil xarici siyasətimiz olacaq, onda MDB-yə daxil ola bilərik. 1991-ci ilin dekabrında bunların heç biri bizdə yox idi. Ona görə etiraz edirdim. İndi ordumuz var, milli pul vahidimiz var, müstəqil xarici siyasətimiz var və ona görə də MDB-yə daxil olmağın heç bir təhlükəsi yoxdur, əksinə xeyri var”. Soruşdu: “Xeyri nədir?”. Dedim: “Çünki ermənilər burda bizə qarşı yönələn, istədikləri qərarları qəbul etdirə bilməzlər!” 

MDB-yə daxil-olub olmamağımızla bağlı müzakirələrdə ­Heydər Əliyev imkan daxilində çox adamın çıxış etməsini istədi, çox geniş müzakirə oldu. Əksəriyyət müsbət fikir söylədi. Çünki artıq 1991-ci ilin sonundan fərqi olaraq,  1993-cü ilin sonunda Azərbaycanda müstəqil daxili və xarici siyasət formalaşmışdı. Azərbaycan MDB çərçivəsində öz səlahiyyətləri uğrunda mübarizə aparmağa qadir idi. Bu vəziyyət və Heydər Əliyevin iradəli siyasəti Azərbaycanın MDB-yə daxil olmasına aid qərarın əsasını təşkil etdi.

– Etiraf edək ki, MDB-yə daxil olmaqla da müstəqil Azərbaycanın qarşısında duran problemlər qurtarmadı. Yəqin elə MDB qurumunda müzakirələr zamanı ciddi təzyiqlərlə üzləşirdiniz. Heydər Əliyev bu təzyiqlərin qarşısında durmaq üçün sizə hansı tapşırıqları verirdi?

– Əlbəttə, MDB-yə üzv olandan sonra bir neçə ciddi problemlə üzləşdik. Bu problemlər MDB daxilində hökmranlıq etmək uğunda gedən mübarizədən gözlənilən idi. 

Məsələn, üzvlükdən bir müddət sonra MDB-nin Xarici işlər nazirlərinin, Sərhəd qoşunlarının, Müdafiə nazirlərinin  şuraları yaradıldı. Bunların səlahiyyətləri ətrafında, Xarici işlər nazirlərinin toplantılarında, geniş mübahisə yox e,  diplomatik müharibələr gedirdi. 

Baxmayaraq ki, o zaman paytaxt Minsk elan edilmişdi, uzun müddət MDB çərçivəsində keçirilən bütün tədbirlər Moskvada, Rusiya tərəfinin sədrliyi ilə keçirilirdi. 1993-cü ildən sonra da MDB-yə üzv dövlətlərin səlahiyyətlərinin bir qisminin Rusiyaya verilməsi ideyası hələ yaşayırdı. İclasların birində Qırğızıstanın xarici işlər naziri, (sonra ölkənin prezidenti oldu) Roza Otumbayeva çıxış edib dedi ki, “biz balaca ölkəyik, imkanlarımız məhduddur, bir çox ölkələrdə səfirliyimiz olmalıdır. Bunları edə bilməyəcəyik. Gəlin bu sahədəki səlahiyyətləri Rusiyaya vermək haqqında qərar qəbul edək və onlar bütün dünyada bizi təmsil edib, maraqlarımızı  təmin etsinlər”. Ondan dərhal sonra çıxış edib dedim: “Roza xanım təşəbbüsünüzü alqışlayardım, əlbəttə əgər siz bunu öz respublikanızın nümunəsində təklif etmiş olsaydınız. Qırğızıstanın belə bir addım atıb-atmayacağını özünüz bilərsiniz. Biz belə bir təkliflə qətiyyən razı deyilik”. Gürcüstanın Xarici işlər naziri İrakli Menteşaşvili dərhal ayağa qalxıb məni dəstəklədi. Qarışıqlıq düşdü və bununla da Otunbayevanın verdiyi təklif elə yerindəcə “öldürüldü”. 

Bir müddət sonra, dəfələrlə, çox sərt şəkildə təkid edilirdi ki, MDB ölkələrinin xarici sərhədlərini Rusiya qoşunları qorusun. Mən də təklif etdim ki, gəl əvvəl müəyyənləşdirək görək “xarici sərhəd” və “daxili sərhəd” deyəndə nə nəzərdə tutulur. Əvvəl bu sərhədlərin statusunu və bugüngü vəziyyətlərini müəyyənləşdirək, sonrasına baxarıq. Çünki Azərbaycanın bütün sərhədləri xarici sərhəddir. Bizim üçün Rusiya ilə, Gürcüstanla, Ermənistanla sərhədlərimiz də xarici sərhəddir, İranla  olan sərhəd də. Burada hansı sərhədi nəzərdə tutursunuz?” Onlar isə dedilər ki, MDB daxilində olan sərhədlər xarici sərhədlər deyil. Mən də dedim ki, bizim Konstitutsiyamızda bunlar xarici sərhəd kimi təsbit olunur. Axı bizə problem yaradan xarici sərhədlər deyil, məhz sizin daxili saydığınız Ermənistanla sərhəddimizdir. Rusiya tərəfi bu məsələdən əl çəkmədi. Bir neçə dəfə Xarici işlər nazirlərinin toplantılarında bu məsələ müzakirə edildi. 

Azərbaycanın Sərhəd Qoşunlarının komandanı Abasəli Novruzov Moskvada MDB ölkələrinin Sərhəd Qoşunlarının Komandanları Şurasının iclasında  bu məsələni müzakirə etməyə gəlmişdi. Həmin vaxt mən də ­Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının toplantısındaydım, amma fərqli yerlərdə toplaşmışdıq. 

Rusiyanın nümayəndəsi MDB Sərhəd Qoşunları Şurasının iclasından çıxıb sevincək gəlib bizə elan etdi: “Sizi təbrik edirəm, biz toplaşdıq, birgə sənəd qəbul etdik və belə qərara gəldik ki, xarici sərhədləri Rusiya qoşunları qorusun. Xahiş edirəm hamınız həmin sənədə qol çəkin”. Mən də bilirəm ki, Heydər Əliyev belə bir tapşırıq verməyib və Abasəli Novruzov belə bir sənədi imzalaya bilməz. Dedim: “Bir dəqiqə dayanın. Əvvəla, Novruzov orda belə bir şey deyə və razılaşa bilməz...” Rus nümayəndəsi qayıtdı: “Nə deyirsiz, mən yalan danışıram?” Dedim: “Söhbət ondan getmir ki, sən yalan deyirsən, ya düz deyirsən. Sadəcə mən deyirəm, Abasəli Novruzov belə bir addım ata bilməz, onda belə bir səlahiyyət yoxdur. Çünki ölkə Prezidenti bizə eyni tapşırığı verib. Ola bilməz ki, mənə bir tapşırıq versin, ona bunun əksini desin”. Bunlar düşdülər mənim üstümə, hətta məni münaqişəli adam adlandırdılar (Rusiya tərəfi bu ifadəni mənim ünvanıma dəfələrlə işlədib. Amma mən heç vaxt əsassız münaqişə yaratmamışam). Dedim: “Nə istəyirsiniz mənə deyin, bunun mənim üçün elə bir əhəmiyyəti yoxdur. Mən bu sənədə qol çəkməyəcəyəm”. 

Toplantıda tənəffüs elan olundu. Birbaşa Prezident Heydər Əliyevə zəng vurdum. Vəziyyəti məruzə etdim. Dedi: “Həsən, onlar qələt eləyir. Novruzəli belə bir iş tutsa, mənə deyərdi. Sən dediyim xətti davam etdir, heç nəyə fikir vermə”. Qayıtdım toplantıya. Bildirdim ki, Abasəli Novruzovu tapa bilmədim. Həqiqətən də tapa bilməmişdim. Amma mən bu sənədə qol çəkmərəm və təbii ki, çəkmədim də. 

Demək istəyirəm ki, belə cəhdlər bir neçə il davam etdi. Rusiyanın artıq vahid ordu yaratmaq ümidləri puça çıxmışdı. Xarici siyasəti və xarici sərhədləri ələ keçirmək arzuları qalırdı. Hətta bir dəfə MDB-nin Xarici işlər nazirlərinin toplantısında bizim Neft sazişimizi də müzakirə mövzusu etmək cəhdi oldu. Lakin həmin iclasda bunun qarşısı alındı. Çünki Heydər Əliyev Azərbaycanın müstəqil xarici siyasətini qətiyyətlə və böyük ustalıqla davam etdirir və heç bir təzyiq qarşısında geri çəkilmirdi.  Növbəti söhbətlərimizdə mən bunun parlaq bir nümunəsini danışacağam.  

Amma fakt faktlığında qalır ki, biz MDB-yə daxil olmaqla bir ziyan görmədik, daxil olmasaydıq ermənilər orda bizə meydan oxuya bilərdilər.  

 

Söhbəti qələmə aldı:
İlqar RÜSTƏMOV, 
Əməkdar jurnalist

 

Müsahibə