“Azərbaycan–Qazaxıstan münasibətləri: regional əməkdaşlıq”

post-img

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə dünən bu mövzuda “dəyirmi masa” keçirilib.

Tədbirdə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev iki ölkə arasında münasibətlərin günü-gündən inkişaf etdiyini bildirdi. Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir: “Azərbaycan və Qazaxıstan arasında dostluq, qardaşlıq münasibətləri inkişaf edir. Ölkəmizin xarici siyasətində, beynəlxalq əlaqələrində Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq mühüm yer tutur. Bir sıra qarşılıqlı səfərlər həyata keçirilir. Elə bu yaxınlarda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizə səfər edib”.

Fərid Şəfiyev “dəyirmi masa” zamanı həm ikitərəfli, həm regional əməkdaşlıq, həm də Qazaxıstanda baş verən yeniliklər barədə müzakirə aparılacağını qeyd etdi.

Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel iki ölkə arasında əlaqələrin son bir ildə yeni səviyyəyə qalxdığını, yeni mərhələnin başladığını dedi. Onun sözlərinə görə, bütün bunlar həm də yüksək səviyyəli qarşılıqlı səfərlər sayəsində baş verib. Səfir bu mənada Prezident Kasım-Jomart Tokayevin 2022-ci ilin avqustunda Azərbaycana, Prezident İlham Əliyevin isə bu ilin aprelində Qazaxıstana baş tutmuş səfərlərini qeyd etdi. Bildirdi ki, bu səfərlər iki qardaş, dost ölkənin əlaqələrinin inkişafı, intensivləşməsi üçün katalizator rolunu oynayır.

Diplomat qeyd etdi ki, sadalanan faktorlar iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir: “Qarşılıqlı münasibətlərin genişləndirilməsi üçün iqtisadi əməkdaşlığımız və investisiya sahəsindəki əlaqələr də mühüm rola malikdir. Ötən il ticarət dövriyyəsinin həcmi 40 faiz artıb və 450 milyon ABŞ dollarını keçib. Bu ilin ilk altı ayına nəzər salanda görürük ki, bu rəqəm 300 milyon dollara yaxınlaşır. Qazaxıstan artıq Bakı-Tbilisi-Ceyhan boru xətti ilə neft ixrac etməyə başlayıb. Biz Azərbaycanla əlaqələrə böyük regional əməkdaşlıq çərçivəsində baxırıq. Azərbaycan və Qazaxıstan regionun vacib ölkələridir”.

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov videobağlantı ilə “dəyirmi masa”ya qoşularaq son illər iki ölkə arasında imzalanmış vacib sənədlərə toxundu. Onun sözlərinə görə, Orta Dəhliz layihəsinin əhəmiyyəti getdikcə daha da artır. Səfir əlavə etdi ki, bu layihə nəinki region ölkələrinin, həm də xarici investorların diqqətini cəlb edir. Hökumətlərarası komissiya Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərdə vacib rol oynayır və komissiyanın növbəti iclasının bu ay keçirilməsi nəzərdə tutulub. Səfir, həmçinin Zəngəzur dəhlizi barədə danışaraq dedi ki, bu xətt Orta Dəhlizin vacib  qollarından biridir və onun açılması ümumilikdə bütün regionun rifahına xidmət edəcək.

A.Atamoğlanov bildirdi ki, yüksək səviyyəli görüşlər və imzalanan sənədlər ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına təkan verir: “Qazaxıstan Prezidenti bu yaxınlarda Xəzər dənizi vasitəsilə daşımaların rolunu xüsusilə qeyd edib və deyib ki, Transxəzər marşrutu ilə daşımaların həcmini 5 dəfəyə qədər artırmaq olar. Azərbaycan və Qazaxıstan qardaş xalqlardır və ölkələrarası münasibətlər, strateji əməkdaşlıq yüksək templə inkişaf edir”.

Qazaxıstan parlamentinin deputatı Aydos Sarım video-
bağlantı zamanı Qazaxıstan Prezidentinin parlament palatalarının birgə iclasında Qazaxıstan xalqına müracəti barədə danışdı. O, regionda tarixi hadisələrin baş verdiyini və regionun geosiyasi arxitekturasının dəyişdiyini diqqətə çatdırdı. Deputat bildirdi ki, bu gün Qazaxıstanla Azərbaycan arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb və Qazaxıstan hazırda nəqliyyat layihələrinin inkişafına böyük diqqət yetirir.

Milli Məclisin deputatı Rasim Musabəyov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov və nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev çıxışları zamanı Azərbaycan-Qazaxıstan əlaqələrini geosiyasi, Xəzər dənizi vasitəsilə qonşuluq, dini, etnik radikalizmə qarşı birgə mübarizə, türk dünyasının inteqrasiyası və regional layihələr kontekstində təhlil etdilər.

 

Səxavət HƏMİD

XQ

 

Son xəbərlər