Ukraynada müharibə: Sülh işartıları görünmür

post-img

Son günlər Rusiya-Ukrayna müharibəsində döyüşlərin miqyası və vüsəti artır. Min kilometrlərlə uzanan cəbhə boyu ağır silahlar gecə-gündüz susmaq bilmir. Artilleriya və raket zərbələri intensiv xarakter alır. Nəticədə isə itki və dağıntılar kəskin çoxalır. 

Bu humanitar fəlakətin sonu olacaq­mı?! Bakı Dövlət Universitetinin İqtisa­di-siyasi coğrafiya və turizm kafedrasının müdiri, professor Aydın İbrahimovla re­daksiyada söhbətimiz məhz bu mövzu­dadır. Hörmətli alimə ilk sualımız belə idi: 

– Aydın müəllim, sizcə Rusiya-Uk­rayna savaşına nə vaxt və hansı şərt­lərlə son qoyula bilər? 

– Bu, İkinci Dünya müharibəsindən sonra Avropada baş verən ən böyük si­lahlı münaqişədir. Rusiya-Ukrayna mü­haribəsi il yarımdan çoxdur ki, davam edir. Çoxları onun tez bitəcəyini düşünür­dü. Göründüyü kimi, belə olmadı. Müha­ribə tamam başqa bir ssenari ilə davam edir. Tərəflər nəyin bahasına olursa-ol­sun, bir-birilərinin texniki və canlı resurs­larını tükətməyə çalışırlar. Beləliklə, sa­vaş uzun çəkən bir münaqişəyə çevrilib. 

Müharibənin nə vaxt və hansı şərt­lərlə bitəcəyi sualına konkret cavab ver­məkdə isə çətinlik çəkirəm. Məncə, hər iki tərəfi haldan və gücdən salan bu mü­naqişə hələ xeyli vaxt davam edə bilər. Təəssüf ki, hələlik üfüqdə sülhün işartıla­rı belə görünmür.

– Müharibənin qarşısını vaxtında almaq olardımı? 

– Əlbəttə, olardı. Bəs münaqişə niyə başladı? Hesab edirəm ki, bu ağır silahlı qarşıdurma son 20-30 ildə planetimizin ictimai-siyasi həyatında baş verən özba­şınalığın və anarxiyanın nəticəsidir. Necə deyərlər, qanunlar işləməyən yerdə, güc, zor meydanda at oynadır. 

İlk baxışda Rusiyanın öz qonşusu olan digər bir slavyan xalqına qarşı belə genişmiqyaslı hərbi əməliyyata başlama­sı gözlənilmirdi. Ola bilər ki, Moskvanı buna təhrik etdilər. Hər halda, bu, çox riskli bir addım idi. Sağlam düşüncə də deyir ki, bu qanlı müharibə Rusiya və Uk­rayna dövlətlərinin və xalqlarının məna­felərinə ziddir. 

– Siz müsahibələrinizin birində de­yibsiniz ki, Rusiya ilə Ukrayna arasın­da hazırkı savaşa hələ 1940-cı illərdə sovet hökumətinin səhv siyasəti sə­bəb olub. Bunu necə izah edərdiniz? 

– Gəlin həmin tarixi dönəmə qısa ek­skurs edək. 1939-cu ildə Almaniya Pol­şanı işğal etdi. Bunu görən Stalin dedi ki, Polşada yaşayan ukraynalıları və rusları qorumaq üçün o torpaqları mən alıram. Beləliklə, Polşanın, eləcə də Macarıs­tan və Rumıniyanın şərq əraziləri Sovet qoşunları tərəfindən işğal olundu. İkinci Dünya müharibəsi qurtarandan sonra isə Şərqi Avropada sosialist dövlətləri yarandı. 

Lakin Moskva Macarıstan, Polşa və Rumıniyadan zor gücünə qopara­raq Ukraynaya qatdığı torpaqları geri qaytarmadı. Burada bir incə məqam var. Stalinin belə bir geopolitik baxışı var idi. O, Qərb ölkələrini sovet ittifaqının sər­hədlərindən mümkün qədər uzaqda sax­lamaq istəyirdi. Kreml öz mövqeyindən bu gün də əl çəkməyib. 

Hətta sonrakı dönəmdə SSRİ dağı­landa Qorbaçov məsələni belə qoydu ki, keçmiş sosialist düşərgəsində olan döv­lətlər NATO üzvlüyünə qəbul edilməsin­lər. Qərb liderləri Qorbaçova bu məsələ ilə bağlı şifahi söz vermişdilər. Bununla bərabər, heç bir rəsmi protokol imzala­mamışdılar. 

Rusiyanın indi ən böyük problemlə­rindən biri budur ki, NATO üvzləri olan Rumıniya, Bolqarıstanın hərbi gəmiləri Qara dənizdədir. Rusiya bu reallığı qə­bul etmək istəmir. Ukraynanın da həmin ölkələrin sırasına qoşulması ideyasını Rusiya yaxın buraxmaq belə istəmir. Yaxud qəbul edirsə, çətin qəbul edir. 

– NATO-dan söz düşmüşkən, al­yansın Rusiya-Ukrayna müharibəsinə birbaşa müdaxiləsi gözlənilirmi? 

– Məncə, yox. NATO bu münaqişəyə birbaşa qatılmaq niyyətində deyil. Bu, olduqca böyük bir fəlakətə yol aça bilər. Qərb siyasətçiləri bu məsələdə çox ehti­yatlı davranırlar. Düz edirlər. 

Albert Eynşteyn deyirdi ki, planetin taleyini qumara qoymaq olmaz. Siyasət­çilər, dövlət xadimləri atdıqları hər bir ad­dımın fərqində olmalıdırlar. Eskalasiyaya yol vermək olmaz. 

Bu kontekstdə Türkiyə dövləti, onun lideri Rəcəb Tayyib Ərdoğan müdrik yol tutub. O, Rusiya və Ukrayna prezidentlə­rini sülh danışıqlarına başlamağa səslə­yir və bunun üçün real işlər görür. 

– Müharibənin davam etməsinin böyük güclərin marağında olduğunu iddia edənlər də az deyil...

– Əlbəttə. Müharibənin mümkün nə­ticələri əvvəlcədən hesablanıb. Qərb, xüsusilə Birləşmiş Ştatlar Avropada baş verən hadisələri idarə etməklə öz maraq­larını təmin etməyə çalışırlar. Vaşinqton Avropanı özünün bir nömrəli rəqibi hesab etdiyi Çinə qarşı öz ətrafında birləşdir­mək niyyətindədir. 

Bundan başqa, böyük iqtisadi maraq­lar var. Avropa İttifaqı faktiki olaraq dün­yanın ən böyük iqtisadi bazarıdır. Bu ba­zarı Pekinə güzəştə getmək ABŞ-ın milli maraqlarına ziddir. 

– Hesab olunur ki, Rusiya-Ukrayna müharibəsi yaxın onilliklər üçün dün­yada qüvvələr nisbətinin müəyyənləş­dirəcək. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı...

– Hələlik, müharibənin bitməsi göz­lənilmir. Məncə, Rusiyanın öz ssenarisi var. Moskva gözləyir ki, Ukraynada döv­lət çevrilişi olsun. Yəqin ki, Ukrayna da eyni ümidlərlə yaşayır. Geniş ictimaiyyət üçün açıqlanmayan, bizim bilmədiyimiz şeylər də var. 

O ki qaldı yeni dünya düzəni ilə bağ­lı sualınıza, bununla bağlı onu deyə bilərəm ki, həqiqətən, planetin gələcək nizamı hazırda Ukraynadakı proseslərin nəticələrindən asılı olacaq. Böyük ehti­malla, Ukraynanın tərəfdarları və əleyh­darları iki böyük qütbə bölünəcəklər. 

Yəqin ki, xatırlayırsınız, “Soyuq mü­haribə” dönəmində dünyada bir-birilə kəskin düşmənçilik edən sosialist və ka­pitalizm düşərgələri vardı və onların ara­sında ciddi rəqabət yaranmışdı. Sovet ittifaqı bu yarışda uduzdu. 

Bu dəfə də dünyanın siyasi meridi­anlarında iki böyük qütb formalaşa bilər. Eyni zamanda, Rusiyanın kimin tərəfin­də, Qərbin, yaxud Çinin yanında olma­sından çox şey asılıdır. Bundan başqa, digər siyasi, hərbi güc mərkəzləri meyda­na çıxa bilər. Ümid etmək istərdik ki, türk dövlətlərini birləşdirən Böyük Turan real təsirlərinə malik olsun. 

– Sizcə, münaqişəyə cəlb olunan tərəflərdən hansının qələbə şansı daha yüksəkdir? 

– Hər bir müharibə ilk növbədə ma­liyyə resurslarından asılıdır. Napoleon deyirdi ki, müharibəni udmaq üçün 3 şey lazımdır: pul, pul və pul. 

Görünən budur ki, Rusiya iqtisadi cəhətdən zəifləyir. Türklərin sevimli bir rəvayəti var: “Meymun oturur dağın ba­şında. İki pələng birgə hasilə gətirdikləri şikar uğrunda vuruşur. Nəhayət, hər ikisi yorulub əldən düşür. Ondan sonra mey­mun enir aşağı və şikarı həzm-rabedən keçirir”. 

Bəlkə Çin oturub baxır bunlara. Qərb, yoxsa Rusiya taqətdən düşəcək? Onu da anlamaq lazımdır ki, Amerika olduqca zəngin ölkədir. Türklər demişkən, Ameri­ka heç zaman çökməz. Bir sözlə, Rusiya­nın vəziyyəti o qədər də yaxşı deyil. 

– Amma, deyilənlərə görə, ABŞ Ru­siyanın tam çökməsini istəmir. Qorxur ki, Çin Şərqi Sibirdə böyük əraziləri tuta bilər və bundan sonra super gücə çevrilər... 

– Çin, sözsüz ki, Rusiyadan daha təhlükəlidir. Amma texnoloji baxımdan Çin ABŞ-dan xeyli zəifdir. Anqlosaksların bu rəqabətdə uduzacağına inanmıram. Böyük ehtimalla, ümumi məxrəcə gələ­cəklər. Bu, bəşəriyyətin xeyrinə olardı. 

Hər halda, bu gün dünyamız böyük dəyişikliklərə hamilədir. Rusiya–Ukrayna müharibəsinin nəticələri çox şeyi dəyişə­cək. Zamana ehtiyac var. 

Söhbəti qələmə aldılar:
Ceyran CƏFƏRLİ,
Məsaim ABDULLAYEV,
Elşən AĞALAR (foto),
XQ



Müsahibə